AXCP-nin gənc funksionerləri Xəlqi Hüseynin vaxtında və düzgün müayinə-müalicə edilmədiyi üçün beyninə qan sızmasından vəfat etdiyi haqda xəbər vermişdik. İndi AXCP sədri həkim səhlənkarlığının, ölkədə bərbad hala salınan səhiyyənin bu gənc insanın ölümünə necə bais olduğunu əhatəli şəkildə təsvir edib. Əli bəyin yazısını təqdim edirik:
Əliyevlərin məhv etdiyi səhiyyə sisteminin AXCP funksioneri Xəlqi Hüseyni necə öldürdüyündən yazacam. Bəri başdan deyim ki, bu iş belə qalmayacaq. Xəlqi bəyin ölümünə bais olanlar mütləq məsuliyyət daşıyacaq. Yerli hüquq mühafizə orqanlarına müraciət olunacaq, sonra da bu iş Avropa İnsan Hüquqları Məhkəməsində öz hüquqi qiymətini alacaq. İndi isə bu yarıtmaz səhiyyə sisteminin Xəlqi bəyi – o gənc, böyük arzularla yaşayan insanı addım-addım necə öldürdüyünü sizə yazım.
Xəlqi bəy şiddətli baş ağrısı ilə özündən gedir. Ailəsi təcili yardım çağırır. Təcili yardım gəlir. Təcili yardım həkimləri bildirirlər ki, ərazi aidiyyatına görə Xəlqi bəyi Sabunçu xəstəxanasına aparmalıdırlar. Ailənin razılaşmaqdan başqa çarəsi qalmır. Sabunçu xəstəxanasında Xəlqi bəyi nevroloji şöbəyə aparırlar. Diqqət edin! Xəlqi bəyi ölümə aparan həkim səhlənkarlığı, insan taleynə biganə münasibət burdan başlayır: şiddətli baş ağrısının müşaiyyətilə özündən getmiş adamın başında heç bir ciddi müayinə aparılmır. Kompüter tomoqrafiyası, MRT və bundan da sonra ehtiyac olsa anjioqrafiya və s. müasir müayinə aparatlarından istifadə olunmur, Xəlqi bəyin sadəcə başını rentgenə salaraq (?) qərara gəlirlər ki, onu psixoterapevt müalicə etsin. Xəlqi bəyi ruhi xəstələrlə bir palataya salırlar vә həmin palatada 3-4 gün saxlayırlar. Təbii ki, beyninə qan sızmasına görə ona heç bir müalicə edilmir. Çünki həkimlər hələ də onun beyninə qan sızdığını bilmirlər. Ona tamamilə başqa – psixoterapiya təyinatlı dərmanlar verilir (həmin dərmanların Xəlqi bəyə təsirini də əslində istintaq araşdırmalı idi). Xəlqi bəy Sabunçu xəstəxanasında özünə gəlib, ruhi xəstələrlə bir yerdə saxlanıldığını görüb, oradan çıxarılmasını tələb edir. Ailəsi onu evə aparır. Ancaq şiddətli baş ağrıları ona əziyyət verir. Ailəyə yaxın bir həkim Xəlqiyə evində baş çəkir. Onu danışdırıb, ilkin müayinə edir və ailəyə bildirir ki, Xәlqi bәyin beyninə qan sızıb və onu təcili Bakı Neyrocərrahiyyə Mərkəzinə aparmaq lazımdır. Bura qədər olanı ümumiləşdirək: Xəlqi bəyin beyninə qan sızmasından 4 gün sonra da, aldığı yanlış müalicələrə də baxmayaraq, heç bir iflic əlamətləri olmayıb, özünü tam idarə edə bilib, ağlı başında olub, hətta həkim icazə versəydi, gəzə bilərmiş. Bunu ona görə vurğulayıram ki, Xəlqi bəyin beyninə qan sızma böyük miqdarda olmayıbmış və tibbin indiki müasir səviyyəsi belə xəstələri çox asanlıqla müalicə etməyə imkan verir.
Xəlq bəy aparılır Bakı Neyrocərrahiyə Mərkəzinə. Orada aparılan MRT müayinəsi nəhayət, müəyyən edir ki, Xəlqi bəyin beyninə qan sızıb. Ancaq burada da problemlər çıxır ortaya. Və Xəlqi bəyi ölümə yaxınlaşdıran növbəti addım atılır. “İstirahət günüdür, biz işləmirik” adı ilə Xəlqi bəyin müayinəsi bir gün ləngidilir. İnsan həyatını xilas etmək üçün hər dəqiqənin belə qiymətli olduğu halda Xəlqi bәyi xilas etmək üçün olduqca qiymətli olan daha bir gün itirilir (((
Problem bununla da bitmir. MRT müayinəsindən sonra həkimlər müəyyənləşdirirlər ki, Xəlqi bəyin beyninə qan sızıb. Ancaq cərrahi müdaxilə üçün MRT müayinəsi yetərli olmayıb. Həkimlər beyindəki damarların vəziyyətini də dəqiq bilməli idilər. Bunun üçün isə anjioqrafiya müayinəsi lazım idi. Diqqət edin, Xəlqi bəyi ölümə aparan üçüncü addım: Məlum olur ki, bu nəhəng, ilk baxışda müasir görünüşlü Bakı Neyrocərrahiyyə Mərkəzində anjioqrafiya aparatı yoxdur. Xəlqi bəyi anjuoqrafiya müayinəsindən keçirmək üçün hansısa özəl xəstəxanaya aparmaq lazımdır. Xəlqi bəyi aparırlar özəl xəstəxanaya, ancaq müayinə imkanı olmur. Müayinə başlamaq ərəfəsində Xəlqi bəyin beyninə 2-ci dəfə – bu dəfə artıq böyük miqyaslı qansızma olur və Xəlqi bəy dərhal 3-cü dərəcəli koma vəziyyətinə düşür. Beləliklə, Xəlqi bəyin beyninə ilkin qan sızmadan 7-8 gün sonra 2-ci qansızma baş verir. Birinci qansızmadan sonra ötən 7-8 gün ərzində heç bir məqsədyönlü müalicə almır. Bu qədər uzun müddətdə heç onun müayinəsi belə başa çatmayıbmış.
Xəlqi bəy Bakı Neyrocərrahiyyə Mərkəzində koma vəziyyətində olan vaxt özüm də xəstəxanaya getmişdim. Reanimasiya həkimi və baş həkimlə danışmışdım. Mərkəz yaxşı təmir edilib. İlk baxışda müasir bir xəstəxana təəssüratı yaradır. Ancaq bütün sahələrdə olduğu kimi, səhiyyədə də Əliyevin yarıtmaz idarəetməsi, imitasiya və gözdən pərdə asmaq siyasəti insanları məhv edir. Milyonlarla manatı bahalı təmirə xərcləyiblər, ancaq Bakı Neyrocərrahiyyə Mərkəzi kimi bir mühüm xəstəxanaya anjioqrafiya müayinəsi üçün müvafiq texnika almayıblar. Kiminsə özəl xəstəxanası pul qazansın deyə, Neyrocərrahiyyə Mərkəzində əməliyyat olan xəstələr ağır vəziyyətdə hansısa özəl xəstəxanaya müayinə üçün apartdırılır. Qiymətli vaxt itirilir və ağır xəstələrin daşınmaları, yerdəyişmələri onların həyatına əlavə risklər yaradır.
Dostlar, mən bilirəm ki, insan həyatına belə biganəlik, qeyri-peşəkarlıq tək Xəlqi bəyin ölümünə səbəb omayıb. Saysız-hesabsız insanlar bu məsuliyyətsizliyin, acgözlüyün, pul tələsinin, məhv edilmiş səhiyyə sisteminin qurbanı olur. Biz bu vəziyyətlə barışmamalıyıq. Nə Xəlqi bəyin cinayətkarcasına səhlənkarlığın qurbanı olması, nə də xalqımıza qarşı bu səhiyyə soyqirimi ilə barışmalıyıq. Bu problemlər barədə açıq danışmalıyıq. Haqqımızı tələb etməliyik. Bu bacarıqsız və anti-xalq idarəetməsini dəyişmək fikrimiz hər gün daha da möhkəmlənməlidir.
P.S. Səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Bu faktdır. Ancaq o da faktdır ki, ölkəmizdə minlərlə yaxşı peşəkar, vicdanlı həkimlər, tibb işçiləri də var. Onlar minlərlə həmvətənimizi xilas edirlər. Əslində onlar da bu yarıtmaz sistemin zərərçəkənləridir. Bizim məhv edilmiş səhiyyə haqda dediklərimizi həmin peşəkar və vicdanlı həkimlər və tibb işçiləri öz ünvanlarına götürməsinlər. Səbəb də, hədəf də bacarıqsız və anti-xalq idarəetmədir. Onu birlikdə dəyişməliyik!