Yeni Zelandiyada, məscidə hücum olub, nəticədə 49 nəfər ölüb, azı 20 nəfər ağır yaralanıb.
Ölkənin Baş naziri Jacinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib və bunu ölkənin “ən qara günlərindən biri” adlandırıb.
Hadisə ilə bağlı üç kişi və bir qadın nəzarətxanada saxlanılır, amma şübhəli sayı arta bilər, polis komissarı Mike Bush deyib.
Avstraliyanın Baş naziri Scott Morrison deyib ki, saxlanılanlardan biri Avstraliya vətəndaşıdır.
O, saxlanılan şübhəlini “ekstremist sağçı zorakı terrorist” kimi təsvir edib.
Hadisə haqqında nə bilinir?
Şahidlər yerli mediaya bildirib ki, onlar həyatlarını xilas etmək üçün hadisə yerindən qaçanda Al Noor məscidinin yanında qanlar içində yerdə yatan insanlar görüblər.
Hadisədən sonra Linwood ətrafındakı ikinci məscid boşaldılıb, polis komissarı Mike Bush deyib.
Polisin sözlərinə görə, ikinci məsciddə də müəyyən hadisələr baş verib. Polis avtomobillərə partlayıcı maddə qoyulduğunu müəyyən edib və onu zərərsizləşdirib.
Hökumət şəhərdəki bütün məcsidlərə növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanmağı məsləhət görüb.
Hadisəni törədənlərin dəqiq neçə nəfər olduğu bilinmir, amma onlardan birinin – Avstraliya vətəndaşının məscidə hücumu zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsciddə nə baş verib?
Baş vermiş hadisənin detalları hələlik aydın deyil və məlumatlar daha çox şahidlərin yerli mediaya verdiyi şərhlərdən ortaya çıxır.
İlk hücum xəbəri Christchurch-də yerləşən Al Noor məscidindən gəldi.
Adı çəkilməyən hadisə şahidi TV New Zealand-a müsahibəsində deyib ki, o, silahlı şəxsin bir adamın sinəsinə atəş açdığını görüb.
Silahlı şəxsin ilk olaraq məsciddəki kişilərin ibadət otağına, daha sonra isə qadınların ibadət otağına hücum etdiyi deyilir.
“Etdiyim sadəcə gözləmək və Allaha dua etmək oldu ki, o oğlanın güllənin altından qaçmasına icazə versin”, – şahid deyir.
Hökumət nə deyir?
Christchurch xəstəxanasına bir neçə yaralı aparılıb. Xəstəxana hazırda polis nəzarətindədir.
Polis Cathedral meydanında minlərlə uşağın iqlim dəyişikliyi ilə bağlı keçirdiyi yürüşünü dayandırıb və meydanı boşaldıb.
Polis komissarı Mike Bush deyib ki, polis bütün imkanları ilə hadisəni ələ almağa çalışır, amma yüksək risk hələ də qalmaqdadır.
Kimlərin bəxti gətirib?
Hadisə zamanı Banqladeşin kriket üzrə milli komandası atışmadan son anda qurtulub.
Komandanın Yeni Zelandiyadakı yarışını izləmək üçün gələn müxbir tvitində yazıb ki, komanda aktiv atışmanın olduğu məscidin yanından qaçıb gedə bilib.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan, İngiltərənin Baş naziri Theresa May, Avstraliyanın Baş naziri Scott Morrison və digərləri terror aktını pisləyiblər.
Bbc.com