Yenicə əfv sərəncamı ilə azadlığa çıxan heykəl məhbusu Bayram Məmmədov martın 30-da Sabunçu məhkəməsinin qərarı ilə 30 gün müddətinə həbs edilib. B.Məmmədova polisə müqavimət ittihamı irəli sürülüb. Hərçənd, onu atasının yanında saxlayıb polisə aparıblar.
B.Məmmədovun azadlığa çıxandan bəri polisə aparılmasl ilk hal deyil. NİDA Vətəndaş Hərəkatının Koordinatoru Samir Əsədlinin sözlərinə görə, bu ilk belə hal deyil, son üç gündə hər gün gəlib B.Məmmədovu evlərindən polis idarəsinə aparırlar, bir neçə saat saxladıqdan sonra sərbəst buraxırlar: “Biz belə başa düşürük ki, bu B.Məmmədovu psixoloji təzyiq altında saxlamaqdır”. S.Əsədli bildirib ki, martın 30-da təqribən saat 16 radələrində də B.Məmmədovu atasının yanında saxlayıb, oradan Sabunçu Rayon Polis İdarəsinin 12 saylı Polis Bölməsinə və daha sonra da sözü gedən idarəyə aparıblar.
Eyni gündə bəli olub ki, 10 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan AXCP GK üzvü Orxan Baxışlı 15 gün müddətinə cərimə kamerasına (karsa) salınıb. Bu barədə onun anası məlumat paylaşıb. Kəmalə Rəhimli qeyd edib ki, oğlunun evə zəng vaxtı olsa da, zəng etməyib. Bundan narahat olaraq cəzaçəkmə müəssisəsi ilə əlaqə saxlayıb, lakin ona deyilib ki, gəlib yerində məlumat alsın. Cəzaçəkmə müəssisəsinə getdikdə isə Orxanın guya telefon danışığı növbəsini gözləyərkən başqasına qarşı kobudluq edib. K.Rəhimli bunu inandırıcı saymır və oğlunun cəzalandırılması üçün uydurulduğunu deyir. Onun fikrincə, Orxanı məhz belə uzun müddətə karsa salmaqla onun aprel ayında Ali Məhkəmədə gözlənilən məhkəmə prosesinə hazırlıq görülür. Yəni bununla indidən əsas hazırlayırlar ki, Ali Məhkəmə Orxanın cəzasının yüngülləşdirilməkdən imtina etsin.
azadliq.info