Keçmiş heykəl məhbusu, 10 il həbs cəzası kəsilmiş, amma sonuncu əfv sərəncamı ilə 3 illik həbsdən sonra azadlığa çıxan Qiyas İbrahimov aprelin 3-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və orada onunla 2 saata yaxın “profilaktik söhbət” aparılıb.
Əvvəlcə polislər Q.İbrahimin evinə gələrək, rəsmi çağırış təqdim etmədən onu özlərilə idarəyə aparmaq istəyiblər. Lakin Q.İbrahimov bundan imtina edib və sosial şəbəkə üzərindən baş verənlərlə bağlı məlumat yayıb. Polislər daha sonra onun istəyi əsasında rəsmi çağırış vərəqi ilə geri qayıdıblar. Bundan sonra Q.İbrahimov və anası jurnalistlərin müşaiyətilə polis idarəsinə yollanıblar. İdarənin qarşısında onlara Qiyasın vəkili Zibeydə Sadıqova da qoşulub. Lakin vəkil idarə rəhbərliyinin Qiyasla söhbətinə buraxılmayıb. İdarənin rəisi Mirqafar Seyidov və müavini ilə söhbətdə Qiyas və anası olub.
İdarədən çıxandan sonra verdiyi açıqlamada Qiyas İbrahimov bildirib ki, onunla Bayram Məmmədovun 30 sutkalığa həbsi və işgəncəyə məruz qalmasına görə yazdığı statusla bağlı söhbət ediblər. Ona deyilib ki, həmin statusda ölkə başçısı İlham Əliyevi təhqir edib, onun ünvanına diktator yazılıb.
“Bayram Məmmədovun Bakı Apellyasiya Məhkəməsindən çıxanda videosunu facebook səhifəmdə paylaşmışdım. Orada balaca post yazmışdım ki, bəs siyasi məhbus islahatlarına hələ də inananlar varsa, Bayramın başına gələnlər sizi yanlış olduğunuza inandırar. Orada sonuncu cümlə var idi. Kağızda çap edib mənə göstərdilər. Dedilər “debil Əliyev”, “diktator” yazmısan, prezidenti təhqir etmisən. Mən də dedim ki, sübut haradadır prezidenti təhqir etmişəm? O qədər Əliyev var. Dedilər ki, özün də yaxşı bilirsən, biz də yaxşı başa düşürük, sən nə yazmısan. Bunları yazmamalısan, təhqir etməməlisən” – deyə Q.İbrahimov bildirib.
Q.İbrahimovun sözlərinə görə, söhbət zamanı ona deyilib ki, belə yazıları səbəbindən günün birində ölkə başçısının hansısa tərəfdarı, pərəstişkarı küçədə onu yaxalayıb “başa salmaq” istəyər. “Yəni sabah küçədə kimsə məndən yazdıqlarıma görə, hesabat tələb etsə, gərək bunu polisdən görməyəm”, – deyə o, qeyd edib.
azadliq.info