“14 gündür ki, uşağımı gətiriblər, amma heç kim mənə yerini demir. Yarım aydır balamdan xəbər yoxdur, belə zülm olar? İnternetdə xəbər yayıldı ki, guya “bandotdel”dən Kürdəxanı təcridxanasına köçürüblər. Öyrəndik, dedilər, yalandı, gətirməyiblər”, – Türkiyədə saxlanaraq Bakıya gətirilən Anar Cabbarovun anası Hökumə Cabbarova oğlunun durumundan narahat olduğunu deyir.
Anar Cabbarov “Müsəlman Birliyi” hərəkatının üzvü, təşkilatın həbsdə olan rəhbəri Taleh Bağırovla ailəvi dostdur.
O, martın 16-da İstanbulda saxlanıb, martın 22-də Bakıya gətirilsə də, saxlanmasının səbəbi və yeri barədə heç bir rəsmi məlumat yoxdur.
Anası bildirib ki, dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsman Aparatına müraciət ediblər, nəticəsi yoxdur:
“On gündür vəkil tutmuşuq, amma o da axtara-axtara qalıb. Məhkəmələrə müraciət edir ki, bəlkə Anar haqqında qərar çıxarılıb, öyrənə bilsin. Heç bir qərar yoxdur. Bu 14 gündə dəfələrlə “bandotdel”ə getmişəm. Gah deyirlər, “filan vaxt gələrsən”, rəislə danışarsan, gah deyirlər, “burada belə adam yoxdur”. Aprelin 2-də yenə getdim, buraxmadılar, telefonla bir nəfərlə calaşdırdılar, dedilər, rəisdir. Danışdım, o da dedi ki, get, evində sakit otur, bir xəbər olsa, deyəcəyik. Mən anayam, ürəyim partlayır, necə sakit oturum?”
Sosial şəbəkələrdə Anar Cabbarovun vaxtilə Nardaran hadisələrinə görə axtarışa verilməsi, bu üzdən Türkiyədə saxlanıb Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi haqda məlumatlar yayılıb. Amma anası deyir ki, belə bir versiya varsa da, doğru deyil:
“Anar Cabbarov ailəsilə birlikdə Türkiyədə yaşasa da, dəfələrlə Azərbaycana gəlib-gedib. Sonuncu dəfə 2018-ci ilin fevralında şəxsiyyət vəsiqəsini dəyişib. Bu adam necə axtarışda olub ki, gəlib-gedəndə hava limanında onu saxlamayıblar, şəxsiyyət vəsiqəsini dəyişəndə ona bir söz deyilməyib? Son vaxtlar Məşhəd, Kərbəla ziyarətində olub. Demək istədiyim odur ki, müxtəlif vaxtlarda ölkəni tərk edib, sonra qayıdıb. Anar Nardaran hadisələrilə bağlı məhkəmədə də şahid qismində ifadə verib. Niyə onda tutmurdular?”
Hökumə Cabbarovanın söylədiklərinə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Nazirlik bir neçə gün öncə yayılan məlumata da münasibət açıqlamayıb.
Azadlıq Radiosu