Müsəlman Birliyi Hərəkatı hərəkatın üzvü Anar Cabbarovun həbsini və BMCMİ-də saxlanılmasını pisləyən bəyanat verib. Bəyanatda deyilir:
Əziz həmvətənlər!
” Bildiyiniz kimi artıq iki həftədən artıqdır ki, Müsəlman Birliyi Hərəkatının üzvü Anar Cabbarov BMCMİ də qanunsuz olaraq saxlanılır. Dünən aldığımız məlumata görə Anar Cabbarov saxta narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib. Hər kəsə məlum olduğu kimi Türkiyədə saxlanılan zaman Anar Cabbarovun üzərinə baxış keçirilib, üzərində qeyri qanuni heç bir şey aşkarlanmamış, sonradan Azərbaycana göndərilmişdir. Ölkəmizə gətirildikdən sonra bütün qanuni haqlarından məhrum edilmiş, ailəsi ilə telefon əlaqəsi saxlamasına, vəkilləri ilə görüşməsinə imkan verilməmişdir.
Belə ki, bir müddət öncə Prezidentin imzaladığı sərəncamla həbsdən azad olan siyasi məhbusların sırasında bir qrup inanclı, o cümlədən MBH nın üzvləri də yer almışdır. Və bu addımdan sonra cəmiyyətdə digər günahsız həbsdə olanların tezliklə azadlığa çıxacağı ümüdü yaranmışdır. Lakin son günlər yenidən qanunsuz həbslərin başlaması, yenicə azadlığa çıxmış Bayram Məmmədovun inzibati, Anar Cabbarovun isə cinayət məsuliyyətinə cəlb olunması bütün gözləntiləri sual altına alır və təxribatçı qüvvələrin növbəti oyunundan xəbər verir.
Biz ölkəmizin bütün ziyalılarına, din xadimlərinə, İlahiyyatçı alimlərinə, müxalif təşkilatlara, ictimai xadimlərə, inanclı insanlarına hətta iqtidarda olan vicdanlı insanlara bir sözlə bütün Azərbaycan xalqına bildiririk ki, Müsəlman Birliyi Hərəkatı heç bir halda qara qüvvələrin təxribatına getməyəcək, dövlətçiliyimizin inkişafı, xalqımızın tərəqqisi yolunda sivil mübarizəsini davam etdirəcəkdir.
Biz təşkilat olaraq qanunsuz həbsləri bir daha pisliyir, bunun ölkəmizin inkişafına heç bir xeyrinin olmadığını bildiririk. Zülm ilə abad olanın sonu bərbad olar deyimini bir daha zalımların yadına salırıq! ”
MBH-nın idarə heyəti.