Emil Səlimov
Bu günə kimi heç bir həqiqi müxalifətçinin mübarizəsini təftiş etmədik, seçdiyi alternativ mübarizə üsulunu gözdən salacaq fikirlərdə yer almadıq. Xalqa təklif etdiyimiz çıxış yolunun ən effektli olmasına olan inamımıza rəğmən, müxalifətçilikdə hər kəs öz doğru bildiyi yolla getməkdə sərbəstdir, dedik. Amma son zamanlar, xüsusilə 19 yanvar müxalifətin birgə keçirdiyi uğurlu mitinqdən sonra mitinqləri yenidən əhəmiyyətsizləşdirmə cəhdləri görünməyə başladı. Bu mitinqə AXCP sədri Əli Kərimlinin xüsusi dəvətilə qatılan RP sədri İlqar Məmmədov cəmiyyəti qələbə ovqatına kökləməyi bacaran askiyadan bir neçə gün sonra qəfil yenə bu tədbirləri gözdən salmağa başlayaraq hər kəsi qeyri müəyyən tarixdə baş tutacaq “seçki”yə hazırlaşmağa çağırdı. Bu çağırışı isə köklü dəyişikliyin yalnız xalq hərəkatı prosesilə baş tuta biləcəyini əsaslandıran və bu istiqamətdə fəaliyyətini davam etdirən Milli Şura və digər müxalifət təşkilatlarını qaralamaqla gerçəkləşdirməyə çalışdı.
İki aydan artıq zaman keçməsinə baxmayaraq hakimiyyətin canından mitinq xofu çıxmayıb. Dinc mitinqlərə müvəqqəti əngəl hələ də davam edir. Hakimiyyət qazanmağa çalışdığı bu zaman müddətində xalqı yenidən parçalamağa, müxalifətdaxili didişmələrin toxumlarını səpməyə, beləliklə yenidən çoxqütblü siyasi sistemi qaytarmaqla cəmiyyətdə mövcud özgüvəni dağıtmağa çalışır. Bu zaman ərzində isə təəssüf ki, İlqar bəy də eyni dağıdıcı işlə məşğuldur. Necə? Opponentlərini süni intriqaya cəlb edərək hökumətin trollarına meydan verməklə, 25 ildən sonra xalqın ayağına getməyə məcbur olduğu bir vaxtda təntiyən rejimə uğursuz nəfəslik xidməti göstərməklə.
İlqar Məmmədov bilmirmi ki, bu ölkədə xalqın gerçək səfərbərliyi olmadan hökumətin nəzarət edə bildiyi seçkiyə qatılmaq rejimin çörəyinə yağ sürtmək deməkdir? Bilmirmi ki, ölkədə ( uzaq tarixdan misal gətirməyək) hətta ən böyük müxalifət birliyi — Milli Şuranın vahid namizədlə qatıldığı seçkidə belə Cəmil Həsənlinin rəsmi qələbəsini təmin etmək mümkün olmadı (hansı ki, o seçkinin saxta olduğunu ATƏT və ABŞ DD bəyan etmişdi)? İndi o nə əsasla pərakəndə şəkildə seçkilərə qatılmaqla xalqa nəticə əldə ediləcəyi vədini verir? Nəsə bir fövqəladə bildiyi bir şey varsa, desin biz də agah olaq. Dünyanın bütün diktaturaları altında əzilən xalqlar da onun bu biliyindən faydalansın.
Amma Biz Azərbaycanda köklü dəyişikliyin gerçəkləşməsinin yalnız Xalq Hərəkatı ilə mümkün olacağına inanırıq. Bu yolda xalqı ən çətin şərtlərlə təşkilatlandıra biləcəyimizə ümid edirik. Meydanları böyüdüb, yalnız bu halda rejimi seçki islahatlarına məcbur edə biləcəyimiz ideyasını cəmiyyətə aşılayırıq. Müxalifətdaxili gerçək diskussiya, rəqabət və yarışın da məhz o mərhələdə reallaşa biləcəyi fikrini bölüşürük. İndilik isə küncə sıxılmış hakimiyyəti pressinqdə saxlamaq və köməkləşib növbəti böyük mitinqlər üçün imkanlar axtarmalıyıq. Xalqın çoxunluğunun inanıb qəbul etdiyi mübarizə üsulunu hər fürsətdə mənasız adlandırmaq və çoxunluğa zidd getmək isə heç bir siyasiyə uğur vəd etməz.