Ciddi problemləri olan vətəndaşlar qəbula buraxılmır
Mingəçevirdə şikayətçilərlə üz-üzə gəlməmək üçün görüşün keçirildiyi məkanın arxa qapısından qaçan nazir olub
6 ildən çoxdur nazirlər, komitə sədrləri və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri regionlara səfərlər edirlər. Görüşlərdə məqsəd əhalinin şikayətlərini dinləmək, onların sosial-iqtisadi problemlərini yerindəcə öyrənib həll etməkdir. Hər nazir üçün qrafik müəyyənləşdirilib və görüşlər davamlı hal alıb.
Ancaq görünən odur ki, bu müddət ərzində nazirlərin yerlərdə keçirdiyi görüşlər istənilən və gözlənilən effekti verməyib. Problem(lər)i olan vətəndaşlar çox vaxt nazirlərin qəbuluna buraxılmır. Regionlarda şikayətlərin həddindən artıq çox olması, problemlərin artan templə davam etməsi isə prezident İlham Əliyevin bu ilin mart ayında Ağsu və Şamaxıda baş vermiş zəlzələdən sonra sakinlərlə görüşü zamanı özünü daha qabarıq göstərdi. AzTV-nin belə montaj edə bilmədiyi süjetlərdən də aydın görünürdü ki, prezidentlə təmasda olmağa çalışan hər kəs əlində bir məktub tutub. Bu məktubların isə şikayət xarakterli olmasını ölkə başçısı özü də etiraf etmişdi: “Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq”.
O zaman sual yaranır: Təkcə ötən 6 il ərzində ölkənin bütün şəhər və rayonlarına səpələnmiş nazirlər, komitə sədrləri nə işlə məşğul olublar? İndiyədək əhalinin hansısa problemini həll ediblərmi? Əgər ediblərsə, prezidenti üzük qaşı kimi əhatəyə almış insanların əllərində tutduğu qalaq-qalaq məktublar nə idi? Doğrudanmı, nazirlərin görüşünə gələn vətəndaşlar, əsasən “təşəkkür”ə görə qəbula yazılırlar?
Araşdırmalar və müşahidələr sübut edir ki, nazirlərin ötən müddətdə bölgələrdə təşkil olunmuş qəbulları plan doldurmaq, necə deyərlər, “quş qoymaq” xatirinə keçirilib. İlk vaxtlar hər görüşdən sonra yayılan press-relizlərdə vətəndaşların əsasən güzəştli kreditlərin verilməsi, işə qəbul, istehlakçıların hüquqularının müdafiəsi, eləcə də bu və ya digər nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı müraciət etdikləri bildirilirdi. Lakin qısa zaman kəsiyindən sonra bu da ləğv olundu.
Məsələn, ölkənin 4-cü böyük və işsizliyin tüğyan etdiyi Mingəçevir şəhərində qəbul(lar)da bir qayda olaraq naziri müşayiət edən “əshabələri”, həmçinin öncədən hazırlanmış “xüsusi adamlar” çoxluq təşkil edirlər. Yevlax sakini Mustafa Qasımovun sözlərinə görə, istər Mingəçevir şəhərində, istərsə də Yevlax və Ağdaş rayonlarında bir neçə dəfə qəbulda iştirak edib. M.Qasımov nazirlə görüşdə övladının işlə təmin olunması məsələsinə görə iştirak etsə də, qəbula düşmək üçün fərqli üsuldan istifadə etməli olub.
Elə buradaca haşiyə çıxaraq qeyd edək ki, qəbula yazılarkən vətəndaşdan hansı probleminin, daha dəqiq, nazirə müraciət etməkdə başlıca məqsədin nə olduğu soruşulur, sonra siyahıya salınıb salınmayacağı məsələsi dəqiqləşdirilir. Əgər vətəndaşın müraciəti “qaneedici” deyilsə, onun nazirlə görüşünə icazə verilmir. İşə qəbulla bağlı vətəndaşların müraciətinə birmənalı olaraq baxılmır. Başqa sözlə, vətəndaş “çaşıb” qəbula “işlə təminat məsələsinə görə” yazılmaq istədiyini desə, şansı sıfıra enir.
Həmsöhbətim M.Qasımov da bu üzdən qəbula yazılarkən başqa üsuldan yararlanıb. Lakin bununla belə qaldırdığı məsələ bugünədək həllini tapmayıb.
Mingəçevir şəhər sakini Sahib İsmayılov da 3 dəfə qəbula düşmüş şanslılardandır. Sahib kişi deyir ki, bu illər ərzində görüşlərdə eyni adamların iştirak etməsi, qəbul keçirən məmurun şəninə “tərif” söylənilməsi diqqətindən qaçmayıb: “Sanki nazir o boyda yolu tərifə qulaq asmaq üçün gəlib. Görürsən İqtisadiyyat naziri gəlib, sənaye potensialı darmadağın edilmiş bir şəhərdə söz demək iqtidarında olan adamların – iqtisadçıların, sahibkarların əvəzinə salon məişət xarakterli, nazirliyin səlahiyyətlərinə aid olmayan suallar səsləndirən, tərif söyləyən 5-10 təsadüfi və “xüsusi adamla” doludur. Şikayəti, dərdi olanlar qalırlar küçədə. Mingəçevirdə elə vaxt olub ki, nazir həqiqi şikayətçilərlə üz-üzə gəlməmək üçün görüşün keçirildiyi məkanın arxa qapılarından qaçıb”.
Sahib İsmayılovun və oxucuların diqqətinə bir məsələni də çatdıraq ki, “təsadüfi” və “xüsusi adamlar” nazir(lər)in qəbuluna “düşməsi” cavabsız qalmır. Onlar buna görə öz “mükafat”larını alırlar. Yeri gəlmişkən, onların arasında istənilən kateqoriyaya aid – “əlil”indən, “qaçqın və məcburi köçkün”ündən tutmuş “müharibə veteranı”nadək rast gəlmək mümkündür. Belələri hər yerdə var və onları yerli icra hakimiyyətlərində yaxşı tanıyırlar.
Ağdaş rayon sakini Kifayət Rüstəmovanın sözlərinə görə, evdar qadın olduğundan o, ilk vaxtlar hansı nazirin hansı bölgəyə səfər etdiyindən qəbuldan sonra – bu haqda televiziyada məlumat getdikdən sonra xəbər tuturdu: “Sonradan öyrəndim ki, qəbul vaxtı rəsmi qəzetdə çıxır. Güc-bəlayla qəzeti tapıb qəbul vaxtını öyrənmişəm. Amma nə fayda, qəbula yazmayıblar”.
Kifayət xanım iddia edir ki, o və onun kimi əksər vətəndaşların qəbula düşə bilməməyinin səbəbkarı birbaşa icra başçısıdır: “İstənilən nazir bölgəyə insanların problemini dinləməyə gələndə, yerli icra başçısı rayon haqqında mənfi imic yaradılmasın deyə, görüşə xüsusi adamları göndərir”.
Məlumat üçün bildirək ki, nazir(lər) regionlara səfər etməmişdən onunla görüşəcək vətəndaşların siyahısı öncədən tərtib edilir. Müraciət edənlər siyahıya salınır. Siyahını qəbul keçirəcək nazirin rəhbərliyində olan bölgədəki qurumlar tərtib etdiyindən ciddi şikayət edəcək, həm nazirə, həm də nazirliyin bölgədəki qurumuna “başağrısı” yarada biləcək şəxslər siyahılara salınmır.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla keçirdikləri qəbul vaxtlarındakı bir məqamı da qeyd etməyə bilmərik. Təsadüfdür, yoxsa nə – artıq neçə ildir ki, nazirlərin vətəndaşlarla görüşü payız-qış aylarında ölkənin Aran zonasında, yaz-yay aylarında isə əksinə, dağlıq, daha səfalı rayonlarda baş tutur. Bu isə bir daha sübut edir ki, nazirlər əksər hallarda regionlarda görüşləri statistika xatirinə keçirirlər, yaz-yay aylarında nəzərdə tutulmuş görüş yerləri vətəndaşları narahat edən problemlərin həllinə yönəlmiş tədbirlər həyata keçirməyə yox, istirahət üçün nəzərdə tutulur.
Acınacaqlı məqamlardan biri də əksər şəhər və rayonlarda yerli icra strukturlarının göstərişi ilə vətəndaşların ölkə başçısına, 1-ci vitse-prezidentə, mərkəzi icra orqanlarının rəhbərlərinə ünvanlanan məktub və teleqramlarının poçt şöbələrində saxlanmasıdır. Bununla da icra başçıları rəhbəri olduqları bölgələrdə narazı insanların az olduğu görüntüsü yaratmağa çalışırlar. Belədə vətəndaşlar çıxış yolunu məktub və teleqramlarını paytaxta gəlib buradan göndərməkdə görürlər. Baxmayaraq ki, bu müraciətlər də çox vaxt ünvanına yetişmir (Ümumiyyətlə, bu məsələdə yerlərdə Mərkəzi poçt və onun şöbələrinin hansı prinsiplə işlədiyinə dair, şikayətçilərin məktub və teleqramlarının ölkə başçısına və digər ünvanlara çatmamasının əsl səbəbləri barədə əlimizdə dəqiqləşdirmə tələb edən məlumatlar var. Bu haqda gələn yazılarda).
Son zamanlar Prezident Administrasiyasından gələn göstərişə uyğun olaraq şəhər və rayon icra hakimiyyətləri başçılarının da sakinlərlə səyyari görüşləri intensiv xarakter alıb. Bəs bu görüşlər nə cür təşkil olunur? Görüşlərdə ən çox hansı məsələlər qaldırılır? Ümumiyyətlə, sakinlər icra başçılarına dərdlərini, şikayətlərini deyə bilirlərmi?
Bu haqda növbəti yazımızda daha ətraflı bəhs edəcəyik.
Azər