Sudanda ötən ilin dekabrından başlayan xalq etirazları nəhayət, ölkəyə 30 il rəhbərlik etmiş diktator Ömər Əl Bəşərin devrilməsi ilə nəticələndi. Aprelin 11-də ordu proseslərə qəti müdaxilə edərək, Əl Bəşəri istefaya göndərib. Onun özü ev dustaqlığına alınıb, yaxın ətrafı isə həbs edilib.
Əl Bəşərin istefaya göndərildiyi elan ediləndən bir neçə saat sonra ölkədəki bütün siyasi məhbuslar azad edilib. Azad olunan siyasi məhbuslardan bəziləri həbsxanadan birbaşa meydanlara, Əl Bəşərin devrilməsini bayram edən xalq kütlələrinin arasına gəlib.
Sudan ordusu ölkədə baş qaldıran xalq etirazlarına loyal yanaşıb, son günlərdə isə öz qərargahının qapılarını Əl Bəşərə bağlı təhlükəsizlik qüvvələrinin repressiya etdiyi etirazçıların üzünə açaraq, onları müdafiə edib.
Hərbçilər Əl Bəşərdən sonra keçid dövrü üçün ölkənin idarə edilməsi məsuliyyətini öz üzərlərinə götürüblər. Bildirilib ki, 2 illik keçid dövründə idarəçiliyə Hərbi Şura nəzarət edəcək, daha sonra seçkilər keçiriləcək.
Müdafiə naziri Avad İbn Uf dövlət televiziyasından elan edib ki, həbs olunan Əl Bəşir hazırda təhlükəsiz yerdə saxlanılır. Nazir onu da qeyd edib ki, Əl Bəşirin hakimiyyəti dövründə Sudan pis idarəçilikdən, korrupsiyadan və ədalətsizlikdən əziyyət çəkib.
Sudan əhalisi Əl Bəşərin devrilməsi xəbərini coşquyla qarşılayıb. İnsanlar meydanlara axışaraq sevinclərini ifadə edib, hərbçilərlə qucaqlaşıb.