8 oktyabr önəmli gündür. Azərbaycan müxalifəti uzun fasilədən sonra paytaxtın mərkəzində razılaşdırılmış etiraz aksiyası keçirəcək. Bu indiki hakimiyyətin mərkəzdə keçirilməsinə imkan yaratdığı ilk aksiyadır. Bunu xalqın çoxillik mübarizəsində ilk qələbəsi də saymaq olar. Dünyada şərtlər dəyişir və baş verənləri 26 illik iqtidarda təmsil olunanlar da anlamamış deyil. Ölkədə dinc, normal dəyişikliklərə ehtiyac var. Xalqın boğaza qədər yığılmış narazılığını zorla yatırmaq mümkünsüz. Ölkəyə yeni nəfəs, yeni düşüncə lazım. Qapıları dəyişimə qapatmaq kimsəyə xeyir gətirməz, hakimiyyətin özünə belə. Azərbaycan konstitusiyasında yazılan müddəalara əməl etməyin vaxtı çatıb. İnsanların ən təməl prinsipi olan sərbəst toplaşmaq azadlığı mübahisəsiz şəkildə təmin olunmalıdır. Dinc etiraz aksiyaları ölkənin inkişafı və güclənməsi üçün ən məqbul variantdır. O üzdən 8 oktyabr:
-övladına uşaqpulu istəyən anaların aksiyasıdır
-təhsil haqqını ödəyə bilmədiyi üçün universitetini buraxan tələbələrin aksiyasıdır
-aylıq təqaüdü dərmanlarına çatmayan təqaüdçülərin aksiyasıdır.
-diplomu illərlə evdə yatan, işsizlikdən evlənə bilməyən gənclərin aksiyasıdır
-torpağı feodal beyinli məmurlar tərəfindən zorla əlindən alınan kəndlilərin aksiyasıdır
-yaşlı gözləri ana torpağına doğru zillənib qalmış məcburi köçkünlərin aksiyasıdır
-halal əmlakı əlindən alınaraq müflis edilmiş sahibkarların aksiyasıdır
-doğmaları günahsız yerə həbslərdə çürüyən ailələrin aksiyasıdır
-seçkilərdə səsi oğurlanan bütün vətəndaşların aksiyasıdır
-bir sözlə, bu ölkədə ədalət axtaran hər kəsin aksiyasıdır.
8 oktyabr aksiyası saat 15.00-da BŞİH-nin qarşısında başlayacaq. O saatdan ölkənin tarixində yeni işıqlı bir səhifə açıla bilər. O səhifənin açılmasında hər kəs maraqlı olmalıdır. Bunun üçün qətiyyətli və inadlı olmalısan, Azərbaycan insanı! Heç bir iqtidar xalqın sel gücü qarşısında dirənəcək qədər cəsarətli deyil. Heç bir hakimiyyət yüz minlərin üzünə qapıları bağlayıb, davam gətirəcək gücdə deyil. Sən elliklə meydanda olduğun zaman hakimiyyət mütləq şəkildə geri çəkiləcək. Buna adın kimi əmin ol! 8 oktyabr illərdir tapdanan haqlarının geri alınması üçün gözəl imkandır. O imkanı böyük dəyişikliklər üçün düzgün dəyərləndirməyin məqamıdır. Sərbəst toplaşmaq haqqını geri aldığın zaman, bütün böyük azadlıqların önü öz-özünə açılacaq!