Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşib.
“Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq jurnalistin həbsini tələb edir.
Jurnalist “Lombard N:1” firmasının sahibi Məlahət Qurbanovanın iddiası əsasında təqsirləndirilən şəxs qismində cəlb edilib.
İşə yanvarın 7-də Ağdam rayon məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxılacaq.
Jurnalistin verdiyi məlumata görə, Qurbanova onu böhtan atmaqda ittiham edir, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.
Bundan əvvəl Yasamal rayon məhkəməsi iki dəfə bu iddianı qəbul etməkdən imtina edib.
İki məqalə iddia predmetidir:
• Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi – “Torpaqlarımı boşalt…”
• “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər.
Məqalələrdə söhbət Qurbanova və keçmiş əmək naziri Fizuli Ələkbərov arasında qeyri-yaşayış sahəsi ilə bağlı çəkişmədən gedir.
Qurbanova iddiada lombard fəaliyyəti ilə məşğul olmadığını qeyd edir və jurnalisti sabiq nazirin maraqlarını müdafiə etməkdə ittiham edir.
A.Məmmədov da iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini deyir.
Media sahəsində ekspert Ələsgər Məmmədli də hesab edir ki, məhkəmələr diffamasiya haqqında iddianı icraata qəbul etməməlidirlər və onlar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusu olaraq təkzib ediləcək.
A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib.
A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Amerikanın səsi