Xalqı güldürən nitq
Əminliklə demək olar ki, İlham Əliyevin dünyada analoqu yoxdur. Dünyada bu qədər arqumentsiz, ziddiyyətli, gülməli fikirlər səsləndirən ikinci ölkə başçısı tapmaq mümkünsüzdü. Bu adam əcnəbi futbolçulardan tutmuş, birinci sinif şagirdlərinə qədər hamıya müxalifətin qeybətini edir. Yaxud, yoxsulluğu 500 faiz azaltmaqdan, inkişafı yavaşlatmaqdan dəm vurur. Yəni, heç kimin etiraz etməyəcəyini bildiyinə görə, istənilən qeyri-ciddi monoloqu söyləməyə qadirdi. Amma İlham Əliyevin son yeni il təbriki əvvəlkilərdən fərqli atmosferdə baş verdi. Minlərlə sosial şəbəkə istifadəçisi “ölkə başçısı saat 12:00-da nağıl danışacaq” formasında statuslar yazdı. Artıq onun danışdıqlarının tam rüsvayçılıq olduğunu hamı başa düşür və bu “inkişaf nağılları” heç kimə maraqlı deyil. Hamı başa düşür ki, bu nağıllardan sonra göydən üç alma deyil, səfalət tökülür.
Əhalinin üçdə bir hissəsi məmur banklarına kredit ödəyirsə, son 10 ildə ölkəni tərk etmiş ali təhsilli insanların sayı 120 min nəfəri ötübsə, son 2 ildə xarici investisiya qoyuluşu 52 faiz azalıbsa, son 1 ildə idxaldan asılılıq 20 faiz artıbsa, xarici dövlət borcu dövlət büdcəsinin 3 qatına bərabərdirsə, korrupsiyaya bulaşmamış məmur qalmayıbsa, səhiyyə xəstələnibsə, Qarabağ məsələsinin həllində yeganə “uğur”umuz NİDA işarəsidirsə, İlham Əliyevin bütün danışdıqları çox biabırçı nağıldı. Məlikməmmədin, Cırtdanın nağılları daha maraqlı və daha inandırıcıdı. İlham Əliyevin “müdrik siyasət”i nəinki Qarabağ problemini həll etməyə, heç kanalizasiya problemini həll etməyə də qadir deyil. Bir ölkənin uğur göstəricisi Alov qüllələri, Avropa Oyunları, Formula-1, bayraq dirəyinin uzunluğuyla ölçülürsə, deməli, həmin ölkə uğursuzluq bolluğuna düşüb. 26 illik Əliyev idarəçiliyi Azərbaycanı düşmən Ermənistanla müqayisə olunmaq reallığı ilə üz-üzə qoydu. Halbuki, bu qədər potensialı olan bir ölkə Avropanın qabaqcıl ölkələriylə müqayisə olunmalıydı. Məsələn, ərazisi və sərvəti Azərbaycandan dəfələrlə az olan İsrail və Hollandiya nümunəsinə baxa bilərik. Yaxud, Sinqapur və Norveçə göz gəzdirə bilərik. Bu ölkələrin büdcələriylə rəqabət aparmaq əvəzinə, Ermənistanın büdcəsiylə təsəlli verirlər. Amma demokratiyanın səviyyəsinə, azad sahibkarlıq indeksinə, mətbuatın azadlığına, maaşların həcminə görə Ermənistandan da geri qalmışıq. Demək istəyirik ki, İlham Əliyevin “uzaqgörən siyasət”i Azərbaycanı düşmən ölkədən də arxada yerləşdirib. Və bu boyda rəzalətdən sonra israrla inkişafdan danışmaq, vətəndaşı avam, kölə hesab etməkdi. Ölkəni bir ailənin şəxsi obyektinə çevirib və utanmadan AXC-Müsavat dövrünün çatışmazlığından danışır.
İlham Əliyevin səsləndirdiyi rəqəmlərin uğurla heç bir əlaqəsi yoxdur. Hitlerin təbliğat naziri Göbbels deyirdi : ” Yalanı o qədər ağ danışmaq lazımdır ki, adamlar bunun yalan olduğuna inanmasınlar”. İndi İlham Əliyev də müəyyən rəqəmlər səsləndirməklə hesab edir ki, dinləyicilər bu qədər dəqiq rəqəmlərin həqiqət olduğu qənaətinə gələcəklər. Çox istərdik ki, Əliyev növbəti nağıllarını Dubay mülklərinə, Vircin ofşorlarındakı milyardlara, Paşayevlərin monopoliyasında olan sahələrə, Çovdar qızıl yataqlarına, Maltada baş verənlərə həsr etsin… Tənəzzül bataqlığında çırpınan xalqa “inkişaf nağılı” maraqlı deyil. İlham Əliyevin sayəsində “inkişaf” və “islahat” sözləri Azərbaycanda ən mənasız sözə çevrilib. Hamı bu qənaətdədir ki, Əliyev idarəçiliyi islahat və inkişafla tərs mütənasibdi. Ən böyük islahat bu rejimin tarixin arxivinə getməsidir. Yeri gəlmişkən, İlham Əliyevin ötən 1 il ərzində verdiyi sərəncamların icrasına baxanda, növbəti dəfə tragikomik mənzərə canlanır. Yenə də ayrılan vəsaitlər yeyilib, korrupsiya ilə mübarizə əks effekt verib, məmur özbaşınalığı artıb və.s. Ona görə də, sonuncu bayram təbrikini ən uğursuz nağıl kimi də qiymətləndirmək olar. Həm də ilin hər günü söylənən nağılı, ilin sonunda təkrar söyləmək ikiqat ikrah doğurur. Bu qədər qısır repertuarla və “fonaqram”la çox uzağa getmək olmaz. İndi belə nağıllarla uşaqları da aldatmaq mümkün deyil. Artıq bu ölkənin uşaqları da bir-birinə “analoqsuz inkişaf edirik” deyərək, zarafatlaşırlar.