Mehriban Əliyeva məşq edir?
Daha bir ağır il arxada qaldı. Daha bir ilin analoqsuz inkişaf nağılı bitdi. Çiynimiz daha bir ilin bahalıq, kasıblıq, işsizlik dərdləri ilə yüklənib ağırlaşdı. Cibimiz bir az da boşalıb yoxsullaşdı. Ailə büdcələrimiz bir az da sıxılıb kiçildi. Ölkə diktatoru sıçrayışlı inkişaf nağılı danışa-danışa 76 min kasıb ailəyə 100 manat bayram pulu paylanması haqqında sərəncam verdi. Ölkənin birinci şəxsi tərəfindən etiraf olunan 76 min yoxsul ailə! Milyardları havada uçan neft ölkəsinin bədbəxtləri! Ölkədə belə yoxsul ailələrin sayı çoxdur, lap çox. 26 ildir bu ölkənin bütün ailələri bir ailə hakimiyyətinin əsarətində zülm çəkir. Hələ hökumət mediası da dünəndən düşüb ortalığa, vitse-diktator xanımın ilsonu təbrikini tirajlayır. Xalqı saldıqları durumdan utanıb, təbrik mesajı yayımlamasaydılar, daha yaxşı olmazdımı? “Üzrü günahından betər” deyərlər buna. Xanım Əliyevanın təbrikində qeyri adi-bir şey də yox. “İnstagram” hesabından yayımladığı təbrikin qısa məzmunu belədir: “Qoy, Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy, yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”. Doğrudanmı, vitse-prezident xanım anlamır ki, ölkədə insanları sağlam və xoşbəxt olmağa qoymayan onların monarxik ailə hakimiyyətidir? Doğrudanmı, o bilmir ki, onların 26 illik repressiv rejimindən ölkədə sevinməyə kiçik bir səbəb belə qalmayıb? Bilmirmi, onların günahından insanların üzündən gülüşü, qəlbindən ümidi, gözlərindən işığı itib?
Ümumiyyətlə, ortada bir prezident varkən, media Mehriban Əliyevanı niyə bu qədər reklam edir ki? Kiçik bir təbrik bütün medianı zəbt edib, daha zavallı nağılçını dinləyib, eşidən yox. Siz illərdir baş nazirin bayram təbrikini yayımlayan sayt gördünüz? O zaman özünüz deyin, Əliyevanın müstəsna səlahiyyəti və ya rolu nədən ibarətdir ki, onun 3 cümləlik təbriki mediaya baş yazı olur? Bəlkə onu xalq seçib? Dövlət qurumlarına onun qalaq-qalaq şəkilləri paylanır. Məsələ aydındır. Hər kəs yaxında hakimiyyət sükanının hakim ailənin üçüncü şəxsinə keçəcəyini deyir və bilir. O şəxsin də ailənin gəlini olduğunu hamınız bilirsiniz. Onu da bilirsiniz ki, artıq ona olan diqqət və yaltaqlıq prezident ərini çoxdan kölgədə qoyub.Əliyeva 2020-ci il üçün böyük hədəflər seçib və hakimiyyət mətbuatı bu barədə məlumatsız deyil. Birinci ledi hesab edir ki, onun çoxdan arzuladığı kürsüyə çıxmasına az qalır. Ötən ilin son 3-4 ay müddətində baş verənlər də bunu bir daha təsdiq edir. Onu birdən-birə Kremllə yaxınlaşdıran səbəb də yolundakıəngəlləri təmizləmək üçün Putindən xeyir-dua almaq idi. Hakimiyyət daxilində köhnə qvardiya ilə haqq-hesabı çürütməküçün onun Rusiyanın “medalı”na böyük ehtiyac vardı. O medalı alandan sonra Prezident aparatından bütün köhnə kadrları dənlədib, yerinə öz adamlarını yerləşdirdi. Sıra gəldi parlamentin buraxılmasına. Bu bir şou idi. Hər kəs bilir ki, bu fövqəladə seçki də onun hakimiyyətdə öz yerini möhkəmlətmək planına hesablanıb. Nə olar, nə olmaz, xanım işini sağlam tutmaq istəyir. Sabah hakimiyyəti ərindən təhvil alan zaman, ayağına dolaşan olmasın.
Əlqərəz, görünüb-bilinən odur ki, xanım Əliyeva hələ seçkisiz, filansız özünü ölkənin birinci şəxsi statusunda görür. Məşq edir, xalqı təbrik edir. Deyəsən elə o, vitse-prezident seçildiyi gündən bu statusu ərinin əlindən alıb. Hələ bir də parlament seçkiləri tamamlandıqdan sonra çox məsələlərə aydınlıq gələcək. İndi siyasi prosesləri izləyən hər kəsi parlamentə Əliyevanın neçə adamının düşəcəyi maraqlandırır. Şübhəsiz, bu məsələdə qarşı tərəf də əlini-qolunu yanına salıb səssiz oturana oxşamır. Amma müşahidəçi çoxluq məsələnin vitse-prezident xanımın xeyrinə həll olunacağı qənaətindədir. Hələ uğurla tamamlanacağı halda, parlament seçkilərindən sonra gündəmə prezident seçkiləri də gələ bilər. Bir sözlə, qarşıda bizi keşməkeşli günlər gözləyir. Bu ilin geridə qalan ildən daha təlatümlü və sürprizlərlə dolu olacağı indidən bəlli. Baxaq, 2020 xanım Əliyevanın ili olacaq, yoxsa xalqımızın ili? Yəqin ki, Mehriban Əliyevanın ili olacaq. Heydər Əliyev elə belə demirdi ki, “Paşayevləri mənə yaxın buraxmayın”…