“Azaqlıqın” nominasiyasından sonra sosial şəbəkələrdə xalq İlham Əliyevə “Nağılbaz” ləqəbini verdi
Ölkədə mitinqlərin daha bir faydasını gördük. Hər narazılıq dalğası gələndə diktator həyəcanını ötürmək üçün daha çox danışır və daha çox güldürür. Onun dünənki çıxışı da hamımızı güldürdü. Ümumiyyətlə, Əliyev nitqlərində kadr islahatlarından tutmuş, sıçrayışlı inkişafa, demokratik tərəqqiyə, “antimilli ünsürlərə” qədər hər məsələyə toxunur. İnsafən, çox usta nağılçıdır, uydurduqlarına özü inanacaq qədər obrazlı yalanlar danışmağı bacarır. Elə danışır ki, görürsən adam özünü ölkədə sürətli inkişafın, islahatların, demokratik tərəqqinin getdiyinə əməlli-başlı inandırıb: “Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var.” Amma biz müəllimin bu köhnə nağılını 6 il əvvəl dinləmişik. Hələ o vaxtdan bu məşhur aforizmini də unutmamışıq: “O qədər sürətlə inkişaf edirik ki, bəzi hallarda bizə deyirlər -bəlkə bir az yavaşlayaq?” Deyəsən, doğrudan bir az “yavaşlamağa” ehtiyac var, cənab prezident.
“Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır” və inkişaf elə sıçrayıb ki, bu il Dünya Bankının Cənubi Qafqaz üzrə hesabatında Bakı əhalisinin 16%-nin yoxsulluq səviyyəsindən aşağı yaşadığı açıqlanıb. Ölkənin başqa şəhərlərində də hər dördüncü adamın yoxsulluq səviyyəsindən aşağı yaşadığı bəlli olub. Gəncə-Qazax iqtisadi regionunda bu göstəricinin 33%-ə, kənd yerlərində yoxsulluq səviyyəsinin 30%-ə çatdığı bildirilib. “Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.” Bəli, bəli, son illərdə prezidentin siyasi islahatlarının nəticəsi “çox gözəl” bəhrə verib. Adam 16 illik hakimiyyətidövründə Azərbaycanı yarı-azad ölkələr sırasından qeyri-azad ölkələr sırasına salmağı bacarıb. Öz totalitar idarəetmə qaydaları ilə ölkəni də, özünü də hörmətdən salmaq üçün hər şey edib. Adını dünyanın ən qəddar, hörmətsiz diktatorları ilə bir siyahıya saldırıb. Portretini Amerikada Atlanta İnsan Haqları Muzeyində dünyanın müasir 5 diktatorunun portretləri sırasında birinciyerdə asdırmağı bacarıb. Bunlar hamısı “ yüksək inkişaf” göstəriciləri deyilmi?
“Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir.” Ölkə başçısının bu fikirləri sosial şəbəkələrdə xeyli müzakirə olunub və müzakirə əsnasında xeyli sərrast cavablar ortaya çıxıb. Həmin cavablardan biri belədir: “Bəli, cənab prezident, indi sizin komandada təmsil olunan bütün korrupsioner kadrlar 26 il əvvəl xeyli cavan idi və onlar qısa zamanda həmin rüşvət maşınının bir vintinə çevrildilər.”Əslində, bu cavab hakimiyyətin kadr islahatları ilə bağlı yeni yalanını tam ifşa etməyə yetər. Müasir dünya telefonları belə “ağıllandırmaq” mexanizmləri üzərində düşünür, yeni modellər, yeni sistemlər işləyib hazırlayır. Əliyev rejimi isə sistemi, təfəkkürü, düşüncəni dəyişmədən, diktatura bataqlığına atdığı yeni toxumlardan çiçəkli ağaclar göyərəcəyinə inandırmaq istəyir insanları. “O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir.”Bunu da illərdir əlindəki bütün resurslarla açıq sözü və fərqli fikri sıradan çıxaran prezident deyir. Onun faciəsi bir də nədədir, bilirsiniz? Adam gündən-günə bütün ölkənin müxalifətə çevrildiyini anlamaq istəmir və qorxaqcasına polis rejiminin arxasında gizlənib necə rəzil duruma düşdüyünün də fərqində deyil.
“Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar.” Gülməyib də, neyəyəsən? Ölkə vətəndaşlarından Prezident aparatına hər gün qalaq-qalaq şikayət məktubu gedir. Sosial şəbəkələr narazı insanların bənzər müraciətləri ilə dolub-daşır. İndiyə qədər prezidentin hansı sadə insanın şikayətini araşdırıb, bir məmuru cəzalandırdığını eşitmisiniz? Nazirlərin, deputatların, icra başçılarının millətin başına turp əkdiyindən xəbəri yoxdurmu, guya prezidentin?
Dünən çox şeydən danışdı prezident. Amma daha xalq, o xalq deyil. İndi xalq dəqiq məlumatları başqa ünvanlardan alır. İndi xalq doğruları Rövnəq Abdullayevin 25 milyonluq saatlarından yazan beynəlxalq mediadan, “Global Witness” təşkilatının SOCAR-la bağlı korrupsiya hesabatlarından, Avropa Sabitlik Təşəbbüsünün “Kürü diplomatiyası” araşdırmasından, çirkli hesabları Əliyev hakimiyyətinə uzanan Malta bankları haqqında jurnalist məqalələrindən öyrənir. Bu xalq ölkə boyu bütün oğurluqların başında kimlərin dayandığını yaxşı bilir artıq. Bu xalq daha sizə inanmır. Boşuna özünüzü yormayın.