Dövlət adamı olmağın başqa bir özəlliyi var. Dövlət adamı, hər şeydən öncə, ölkədə qanunlarının mühafizi, ölkə insanının güvənc yeri olmalıdır. Dövlət adamı xalqın bağrından qopan biri olaraq, siyasi mövqeyinə baxmadan hər kəsin dərdini içdən hiss etməyi, yeri gələndə onları sevgi ilə qucaqlamağı bacarmalıdır. Hələ o ki, qaldı ölkənin başında dayanan birinci şəxs ola, hər andiçmədə əlini müqəddəs kitaba basıb hər kəsin prezidenti olacağına söz verən şəxs ola. Biz iyirmi altı illik Əliyev hakimiyyət zamanında xalqı qucaqlayan dövlət adamları indi görnəyə başladıq. O da ki, bizim tənqiddən sonra. Siyasi baxışlarını nəzərə almadan insanların dərdinə can yandıran, ölkənin önəmli məsələlərində onlarla bir masa arxasında oturub fikirlərini bölüşən, ölkənin hər vətəndaşının qiymətli olduğunu hiss etdirən prezident görmədik. Biz göz açıb ər-arvad Əliyevlərdən başqa kimi gördük ki? Bu hakimiyyət ölkəyə nifrət və düşmənçilikdən başqa nə gətirib ki? Dövlət adamlığına aid heç bir keyfiyyət sahibi olmayan İlham Əliyevin dilindən xalqı aşağılayan sözlərdən başqa nə eşitdik ki? Onun siyasi opponentlərinə qarşı nümayiş etdirdiyi düşmən münasibətdən, həqarət dolu ifadələrdən başqa nə gördük ki?
Bildiyiniz kimi, bir-iki həftə əvvəl TV ekranlarından canlı yayımlanan çıxışında bir daha xalqı təhqiramiz sözlərlə aşağıladı: “Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz.”
Əliyevin nağıllarına inanan var? Yalançı diktatorumuz dəyişmir. Üç dəfə özünü zorən prezident seçdirəsən, düşüncəndə, ağlında, dünyagörüşündə, danışıq tərzində və leksikonunda heç bir yenilik baş verməyə. Böyük dərddir, amma o özü bunu anlamır. Təkəbbür və siyasi opponentləri qarşısındakı zəiflik kompleksi buna imkan vermir. O üzdən daha da aqressivləşir, qorxaqlaşır və bu qorxaqlığını ört-basdır etmək üçün polis kardonunun arxasına girib, ondan bezdiyini hayqıran insanları küçə ritorikası ilə təhqir edir. Bununla qəzəbini qusub sakitləşməyə çalışır. Onun son illərdəki bənzər “nağıllardan” müəyyən çıxarışları seçib bir yerə topladıq ki, siz də şahid olasınız. Buyurun, fərqli illərdə onun siyasi rəqiblərinin, narazı xalqın ünvanına səsləndirdiyi həqarət dolu fikirləri oxuyun və adamın bu illər ərzində zərrəcə dəyişib-dəyişmədiyinə özünüz qərar verin…
”Budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, – onlara heç qüvvə də deyə bilmərəm, – ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.”(2013).
“Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı… Son prezident seçkiləri “müxalifətin sonu” və “rəzalətin zirvəsi” idi.”(2014).
“Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.” (2017).
“Bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik… O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır.”(2018).
“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi… Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi.”(2019).
Xalqa yad antimilli prezident
Bu “nağılları” oxuyandan sonra ağlınızdan nələr keçdi? Bizim ağlımızdan keçən o oldu ki, deyəsən, İlham Əliyev bilmir nə etsin, özünü tam itirib. O bilir ki, hakimiyyət xalqa keçəcək bu yaxınlarda. Əliyev prezidentlik kürsüsündə təsadüfi adamdır, illərdir Azərbaycanda çirkin maraqlarını qoruyub saxlamağa çalışan güclərin başımıza açdığı bəla “proyektidir”. Onun dövlət adamlığı, dövlət siyasəti ilə heç bir əlaqəsi yoxdur. O, bu kürsüyə tamam başqa bir aləmdən gəlib. O adi reperin mahnısından titrəyib əsir. Ona görə, düşüncəsində “xalq” anlayışı da başqa cür assosiasiya olunur. Adam hər kəsi özünə borclu sayır, hər kəsi təbəəsi, köləsi olaraq görür və bu düşüncəyə qarşı çıxanları cəzalandırmaqla hikkəsini soyudur. Görünən dağa nə bələdçi, İlham Əliyev 16 illik zorakı hakimiyyəti ilə bunu sübuta yetirib.