![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2017/08/milli-shura4.jpg)
İlham Əliyev on ildir islahatlardan danışır. Onun danışdığı bu nağılların sonunda hələ göydən alma düşdüyünü görən olmayıb. Nə deyibsə, elə havadaca qalıb. Adam o qədər yalan danışır ki, dünən uydurduqları bu gün yadından çıxır və özü-özünü təkzib etməyə başlayır. Onun 5-6 il bundan əvvəl verdiyi vədləri və bugünkü əməllərini müqayisə edin. “Biz Avropaya inteqrasiya edəcəyik” dedi, sonunda tipik şərq diktatoruna çevrildi. “Mən 9 milyonun prezidenti olacağam” dedi, öz ailəsinin və klanının başçısı oldu. “Neft gəlirləri xalq üçün xərclənəcək” dedi, neft milyardlarını ofşorlara daşıyıb övladlarının adına keçirdi. “Biz regionun lider ölkəsiyik” dedi, Azərbaycanı regionun bataqlıqda çapalayan feodal ölkəsinə çevirdi. Adam son islahat nağılını növbədənkənar parlament seçkiləri ərəfəsində danışmışdı ki, o da sabun köpüyü kimi partladı. Onun nağılına inanıb seçkiyə qatılan və xəyal qırıqlığı yaşayan adamlar hələ də sualına cavab axtarır: köhnə komandanı yenidən parlamentə təyin edəcəkdinsə, bu şou kimə lazım idi? Bu biabırçı şou kimə lazım idi, biz də bilmirik. Bildiyimiz odur ki, İlham Əliyevin bütün islahat nağılları yalan çıxdı. Ya vəlvələdən, ya zəlzələdən, o bu işi bacarmadı. Elə seçkidən sonra müxalifət daxilində keçid hökuməti yaradılması söhbətlərinin aktuallaşması da ondan ümidini tamam üzənlərin yeni bir ümididir, hər halda.
Azərbaycanda müxalifətin keçid hökuməti ideyası özünü doğrulda bilərmi? Dünya praktikasında bənzər hökumətlərin çox sayda nümunəsi var. Bunun son nümunəsini isə uzun illərdir Maduro diktaturasında çırpınan Venesuelanın timsalında gördük. 2019-cu ilin 8 yanvarında
Venesuela Milli Assambleyasının spikeri, müxalifət lideri Xuan Quaydo diktator Nikolas Maduronu qanuni yolla seçilmiş prezident kimi tanımadığını bəyan etmiş və keçid hökuməti təşkil etməyi təklif etmişdi. O, məclis adına Maduronun prezidentliyi qəsb etdiyini və ölkənin bir diktatorluq halına gəldiyini açıqlamışdı. 11 yanvarda müzakirələr Karakas küçələrində bir mitinq forması almış, həmin gün yığıncaqda danışan Quaydo Venesuela Konstitusiyası əsasında özünü dövlət başçısı elan etmişdi. O vaxtdan bəri ölkədə hakimiyyət böhranı hələ də davam edir. Sorğu aparılan respondentlərin 83,7%-i və beynəlxalq demokratik ictimaiyyət Quaydonu dövlət başçısı olaraq tanıdığını bəyan etsə də, Maduro hərbiyə və güc strukturlarına, Rusiya və Çin kimi ölkələrin dəstəyinə sığınaraq hakimiyyətini sürdürür. Bəs Azərbaycanda keçid hökuməti ideyası baş tuta bilərmi? Tutarsa, bunun faydaları və zərərləri nələr ola bilər? Bilirsiniz, keçid hökumətinin yaradılması ideyası, əsasən, bir ölkədə ən ağır durumlarda, siyasi böhran şərtləri altında meydana çıxır. Onu ölkənin təhlükəsizliyinə zərər vurmadan reallaşdırmaq, uğurla sona çatdırmaq və ölkəni ağır böhran durumundan çıxaracaq məqama kimi apara bilmək asandırmı? Şübhəsiz, asan deyil. Azərbaycan kimi müharibə şəraitində olan, ölkənin böyük milyardlarını ələ keçirmiş kriminal hakimiyyətlə üz-üzə bu ideya üzərində dayanmaq heç asan deyil. Amma indiki rejim də müxalifətə öz qanuni fəaliyyətini həyata keçirmək, seçki yolu ilə hakimiyyətə gəlmək və özünü reallaşdırmaq üçün başqa yol qoymur axı. O zaman çıxış yolu nədir? Çıxış yolu yalnız və yalnız yüz minlərin dinc etiraz aksiyalarından keçir. İstənilən ölkədə keçid hökuməti ideyası da müxalifətin güclü sosial bazaya malik olduğu, yüz minləri küçələrə çıxardığı halda gündəmə gəlir.
27 ildə xalq hakimiyyətinə çevrilə bilməyən Əliyev hökuməti ölkəni gətirib çıxardığı böhran durumunun fərqində olmamış deyil. Neftin ucuzlaşması ilə dünyanı gözləyən böhranın Azərbaycana hansı fəlakətlər bahasına başa gələcəyini düşünmək daha qorxuncdur. Bəlkə, hakimiyyətin müxalifət düşərgəsinə üz tutub onları dialoq üçün PA-ya dəvət etməsi də bu qorxudan irəli gəlir. Amma o dialoq təklifi nə dərəcədə səmimidir? Bu, həqiqətən, ölkəni ağır durumdan çıxarmaq üçün müxalifətə səmimi uzanmış əldir, yoxsa yeni bir imitasiyadır? Hakimiyyət, doğrudan da, reallıq hissini anlayıb müxalifətlə səmimi şəkildə danışıqlar masası arxasında oturarsa, ölkənin xeyrinə çox şey dəyişə bilər. Ən azı, 27 illik hakimiyyət tərəfindən demokratik seçki keçirmək öhdəliyi qəbul edildiyi halda, nə keçid hökumətinə, nə yüz minlərin küçələrə tökülməsinə ehtiyac qalmaz. İndiki hakimiyyətin bunu edəcəyinə neçə adam inanır? Bu dialoq da imitasiyadırsa, yaxın gələcəkdə baş verəcək bütün fəlakətlərin məsuliyyəti Əliyevin üzərində qalacaq. Keçid hökuməti ilə ölkənin girə biləcəyi siyasi böhranın da…