Aprel ayının 1-dən etibarən bazarlara əlavə 8 milyon barrel neft çıxarılacaq. Əgər bu baş verərsə, onda neftin qiymətinin 30 dollardan aşağı düşəcəyini inamla demək mümkündür. ABŞ-ın Avropa İttifaqından gələnlərə qadağa tətbiq etməsndən sonra, birjalar da enişə başlayıb
Azərbaycanın problemləri isə bununla da bitmir. Maraqlıdır ki, Azəri-Çıraq-Günəşli yatağında bu il neft hasilatında 5 faiz ətrafında azalma proqnozlaşdırılsada, bu il üçün Neft Fondunun gəlirlərində 20 faiz ətrafında azalma nəzərdə tutulub. Belə nəticəyə gəlmək olar ki, neft hasilatı da ciddi şəkildə, ola bilsin 15-20 faizə qədər azalacaq, halbuki hökumət bu faktı böyük faciə kiim gizlədir. Neftin qiymətinin azalması ilə hasilatın azalmasının üst-üstə düşməsi, zərbənin təsirini ikiqat artırır.
Rusiyada məlum böhranın bizə əsas təsiri rublun ucuzlaşması ilə yanaşı, Rusiyadan gələn pulların da minimal həddə qədər azalmasına səbəb olacaq. Nəhayət, ölkəyə əsas valyuta gətirən sahələrdən olan turizmin dayanmasını da nəzərə alsaq gözləmək olar ki, ölkəyə gələn valyuta 2 dəfə və hətta daha artıq azalsın. Bu isə neftdən başqa heç nə istehsal etməyən və idxaldan asılı olan ölkə üçün fəlakətdir
Hazırda Mərkəzi Bank ənənəsinə sadiq qalaraq, yenidən manatı dövriyyədən çıxarmaq yolunu tutub, bunun zərbələri isə devalvasiyadan da ağır olacaq. Belə görünür ki, yaxın gələcəkdə bizi həm devalvasiya, həm də işsizlik və iqtisadi aktivliyin dayanması gözləyir. Yalnız dövlət büdcəsindən qidalanan təbəqə öz minimal ödənişini ala biləcək, həyat səviyyəsi xeyli pisləşəcək, 2015-ci ildən fərqli olaraq, bu dəfə vəziyyətin stabilləşməsi və yaxşılaşması imkanları da yoxdur.
İradəmizdən və istəyimizdən asılı olmayaraq daha pis yaşamağa doğru gedirik. Toylara, ad günlərinə, bahalı tədbirlərə xərclənən pulları dayandırmaq zəruriyətindəyik. Əvvəlki həyat tərzi, ekzotik meyvələrdən tutmuş dəbdəbəli toy fotosessiyalarına qədər qeyri-zəruri xərclər, kredit hesabına aztəminatlı təbəqənin harın həyat sürmək eşqi ikinci plana keçirilməlidir
Bizi dünya miqyasında dəyişikliklər gözləyir və təəssüf ki, bu dəyişikliklərdən sonra Azərbaycanda həyat səviyyəsi Tacikistan və Türkmənistandakı həyat səviyyəsinə yaxınlaşacaq.
Qaşqay Ismayıl