“Psixatriya Xəstəxanasına yatırmaq istəyirdilər. Birtəhər boyun qaçırdım. Qurtuldum. Mən o nəm qoxulu əşyasız otaqlarda divarları cırmaqlaya-cırmaqlaya ölmək istəmirəm”.
Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun “Mənim həyat hekayəm” adlı bioqrafik yazısını təqdim edir.
Mən necə dəli oldum?
Ürəyim bulanır. Başım gicəllənir. Bu ifadəni də tez-tez eşidirdim və düşünürdüm ki, başın gicəllənməsi, görəsən, necə olur? “Baş dönməsi”, “baş fırlanması” ilə “baş gicəllənməsi”nin eyni şey olduğunu zənn edirdim. Mən sonradan anladım ki, bunlar bir-birindən fərqli anlayışlar imiş.
Evin içində rahat otura bilmirəm. Əvvəlcə, əllərim başlayır titrəməyə. Sonra bütün bədənim qeyri-ixtiyari əsməyə başlayır. Hərdən, şiddətli bir küləyin zivədən asılmış qadın donunu əsdirdiyi kimi dalğalana-dalğalana əsirəm. Gözlərim qaralır və bütün fikrim mənə elə bu an öləcəyimi deyir, amma ölmürəm. Qəribədir, hə?
Öz evimin içində yatağımdan qalxıb mətbəxə keçməyə qorxuram artıq. Qapını açan kimi heç tanımadığım adamların eyvanda oturub söhbət etdiyini görürəm. Gözlərimi yumub özümə anlatmağa çalışıram ki, “Orxan, orda heç kəs yoxdur, bunlar sadəcə sənin gözlərinə görünür, problemdir və düzələcək, gözlərini açıb görəcəksin ki, həqiqətən də orda heç kəs yoxdur”. Amma gözlərimi açanda evimin içinə həyasızcasına yerləşmiş bu yad adamların biraz da çoxaldığını görürəm. Belə olanda ağrılarım daha da artır.
Yuxuya gəlincə, səkkiz ildir ki, gecələri yata bilmirəm. Ta ki, səhər açılır, başlayıram mürgüləməyə. Bunu tərgitmək üçün bəzən 70 saat, 80 saat fasiləsiz oyaq qaldığımı xatırlayıram. Oyaq qalırdım ki, bəlkə gecənin sıravi saatlarında – 11-də, 12-də, yoxa lənət, 1-də, 2-də gələr yuxum. Amma gəlmirdi. Yenə də günəşin ilkin şəfəqləri görünəndə başlayırdım mürgüləməyə. Sonralar da bununla barışdım. Başqa çarəm yox idi.
Dizlərimin təqətsizliyi özgə aləmdir. Yeridiyim yerdə qatlanır. Elə yorğun, elə halsız oluram ki, bütün gücüm tükənir. Əllərim buz kəsir. Bilmirəm ki, izahım əhvalımı nə qədər təsvir edə bilər, amma təsəvvür edirsiniz, insanın öz əlini öz bədəninə vura bilməməsi nə deməkdir? Mənim soyuğa, soyuq havaya olan kəskin qəzəbim başıma bəla oldu. Mən soyuq fəsillərdə isti sobalara sığındım, amma əllərim buzdan soyuq oldu və əllərimi özümdən uzaq tutdum həmişə, üşüməyim deyə.
Boynumda keylik, belimdə küt bir ağrı, bütün əzələlərimdə qəribə bir göynəlti ilə baxıram həyata. Nəfəsim çatmır. Nə qədər dərindən nəfəs alıramsa da, ciyərlərimə havanın getmədiyini hiss edirəm. Hərdən ürəyimin də döyünmədiyini düşünüb nəbzimi yoxlayıram, amma bəzən tez-tez, bəzən isə çox ləng olsa da, döyünür hələ ki. Bu məqamların birində yazmışdım “Üzülmə məndən ötrü” şeirini.
Yastıqdan ürəyimin döyüntü səsi gəlir,
bu yastığın içində elə bil ki, at qaçır…
Gah sinəmə əl çəkib, gah nəbzimi ölçürəm,
görürəm əllərimdən çılğın bir həyat qaçır.
Ən şad vaxtımda qəfil bir hüznə, qəfil bir təlaşa düşürəm. Bir telefon zənginin mənə ölüm xəbəri verəcəyi qorxusu ilə əllərimin titrəyişinə dirənib açıram o zəngi. Hansısa məclisdə rəqs etdiyim yerdə də həyatımın puçluğuna və mənasızlığına ağlaya bilirəm bəzən.
Və qulaqlarımda ardı-arası kəsilməyən o vahiməli səslər: “Orxan, hazır ol, ölürsən!” “Bura qədər idi, artıq özünü asmalısan!” “Yox, yanaraq ölmək çox əzab verəcək!” “Dənizə atılmaq daha romantik olur!”
Hərdən xatırlayıram ki, 9-10 yaşlarımda kabuslar görürdüm. Qorxurdum gördüklərimdən. Xüsusi ilə evdəkilər işığı söndürüb yatmağa hazırlaşanda məni yuxu tutmurdu deyə, qaranlıqda gəzən ayaqlar, hündürboylu siluetlər qənim kəsilirdi canıma. Çox uzun müddət bu kabuslara qarşı ölüm-dirim savaşı verdim. 14 yaşımda onlarla mübarizənin bir formasını tapdım. Evdəkilər işığı söndürüb yatmağa hazırlaşanda mən alışqan fənərləri ilə yorğanın altında şeirlər, hekayələr yazmağa başladım. Elə yaza-yaza yuxuya gedir, kabusları görmürdüm. Ondan sonra gecələr məni qorxutmadı. Əksinə, gecələrin gəlməsi üçün daha çox tələsməyə başladım. Yazmaq məni rahatladırdı, sakitləşdirirdi və güc verirdi. Qorxularımın üzərinə getməyə başlayır, hətta onları silaha çevirməyi öyrənirdim zaman-zaman.
18-19 yaşlarımda qorxulu yuxularım həyatıma qədəm qoydu. Saçlarım tökülməyə, əllərim buz kəsməyə və titrəməyə başladı. Çox tez əsəbiləşir, hədsiz səbrsizlənirdim. Yəni indi yaşadıqlarımın bəzilərini yüngül formalarla həmin illərdə yaşamağa başladım. Hər gün biraz böyüyür, hər gün biraz çoxalırdılar.
Elə həmin illərdən nevropatoloq, psixoloq, psixatr və digər müxtəlif ixtisaslı həkimlərin yanına getdim. Müayinələr, müalicələr məni 3-5 günlük düzəldir, sonra hər şey əvvəlkindən daha da ağır formada təkrarlanmağa başlayırdı.
İndi il 2020, mart ayıdır. Təxminən, 20 gündür ki, bütün izah etdiklərimin izah edə bilmədiyim qədər ağır, dəhşətli, dözülməz formalarını yaşayıram. Baş uyuşmaları və gicəllənmələri, yuxusuzluq, hallusinasiyalar, orqanizmanın ölümlə bağlı həyəcan təbilləri və s. Ailəm də, dost-tanışlarım da, getdiyim həkimlər də “niyə belə olmusan?”, “nə baş verib?” deyə, soruşurlar dayanmadan. Mən də hər birinə ayrı-ayırılıqda izah edə bilmirəm. Üzrlü saysınlar, gücüm yoxdur. Ona görə bu yazını yazıram ki, kim məndən yaşadıqlarımın səbəbini soruşsa, kəsilən nitqimin gücənmələrinə tab etməmək üçün elə bu yazını önünə qoyum. Ona görə bu yazını yazıram ki, bu gün məni tanıyan oxucularım, izləyicilərim də, gələcəkdə imzamı tarixin hansısa küncündə görən nəsillər də bilsinlər. Bilsinlər ki, 21-ci əsrin əvvəllərində Azərbaycanda doğulmuş və yaşamış bir gənc, bir sənət adamı niyə bu bədbəxtlikləri yaşayıb.
İl 2008-2011. Teatr və ədəbiyyatın möhtəşəmliyi ilə yenicə tanış olduğum o yeniyetmə çağlarımda qərar verdim ki, mən aktyor və yazıçı olacağam. Şeirlər, hekayələr, dram əsərləri yazmağa başladım. Paralelində qiraət müsabiqələrinə, bədii yaradıcılıq yarışmalarına qatıldım. Orta məktəbdə hazırlanan mədəni tədbirlərdə çıxış etdim, mədəniyyət evlərində və xalq teatrlarında səhnələşdirilən müxtəlif tamaşalarda rol aldım. İlkin sənət qədəmlərim idi və təsviri mümkünsüz bir həzz qanımı coşdurur, məni teatra və ədəbiyyata qırılmaz bir zəncirlə bağlayır, aşiq edirdi.
Orta məktəbi bitirən kimi İncəsənət Universitetinə sənədlərimi verəcəkdim. Aktyorluq oxuyacaq, teatrda işləyəcək və bədii yaradıcılıqla məşğul olacaqdım. Adımı bu coğrafiyanın mədəni tarixinə teatr və ədəbiyyat adamı kimi yazdıracaqdım. Bu, mənim üçün ən ümdə amal idi və ona hər şeyi qurban verməyə hazır idim.
Lakin mənim nə işlə məşğul olacağıma məndən əvvəl qərar verilmişdi. Mühitimizin sənətə münasibəti və dövlətin sənət adamlarına qarşı laqeydliyi, teatr və ədəbiyyat adamlarının səfalət içində yaşaması, acından ölməsi sayəsində ailəm də, müəllimlərim də aktyor və yazıçı olmağımdan qorxurdular. Mən də riyaziyyat, kimya və fizikanı çox yaxşı bilirdim. Bunlar mənim üçün əyləncə, asudə vaxt keçirmək vasitəsi idi. Onlar isə dəqiq elmlərə qarşı sevgimi və bacarığımı görüb neft ölkəsində mühəndis olmağımı istədilər. Heç vaxt bizim olmayan, sümürülən, gəmirilən o neft üçün mənim mühəndis olmağım nə qədər vacib idi, bilmirəm. Hər halda, onlar bu qənaətdə idilər və daha yaxşı maddi rifahımın olması üçün çalışırdılar. O vaxtlar heç birini anlamır, hamısından inciyirdim, indi isə dərindən anlayıram və qətiyyən incimirəm.
Onların istədiyi oldu. Mən 2011-ci ilin may ayında orta məktəbi bitirib Neft Akademiyasının (indiki Neft və Sənaye Universitetinin) “Biotibbi Texnologiyalar Mühəndisliyi” ixtisasına daxil oldum. Tibbə marağım olduğu üçün ixtisas seçimində neftlə, kompüterlə bağlı sahələrdən yayınmağa çalışırdım və bu məqamda istədiyim olmuşdu. Akademiyada oxuyur və paralelində teatrlara getməyə davam edir, şeirlər, hekayələr, pyeslər yazırdım. Hətta, nənəmin hədiyyə etdiyi kompüter sayəsində yazmağım rahatlaşmış və yazı sürətim artmışdı.
Lakin cəmi 4 ay tab gətirə bildim Neft Akademiyasının ruhuma yadlığına. Yanvar ayının əvvəlində smestr imtahanları üçün tələbələr arasında toplanılan pulu verməyimə rəğmən, imtahanlara girmədim. Bu pulu da fənləri bilmədiyim üçün yox, qrup yoldaşlarımı pis vəziyyətdə saxlamamaq üçün vermişdim. Çünki əgər tələbələrdən biri pul verməsəydi, digərlərindən də pul almayacaq və hamısını kəsəcəkdilər.
Ərizəmi yazıb Neft Akademiyasındakı təhsilimdən imtina etdim. Attestatımı alıb evə getdim və evdəkilərə Akademiyadan çıxdığımı dedim. Ailəmlə aramda bir münaqişə oldu, amma mən əvvəldən də dediyim kimi, teatr və ədəbiyyat uğruna hər şeyi qurban verməyə hazırdım. Münaqişənin sonunda bir neçə əşyamı götürüb evdən çıxdım.
2012-ci ilin ilk ayları. Küçələrdə qalırdım. O zamanlar Musiqili Komediya Teatrı (indiki Akademik Musiqili Teatr) təmirdə idi. Teatr Dənizçilər Mədəniyyət Evində fəaliyyət göstərirdi. Mən də ora tez-tez gedib-gəlirdim. Kollektivdə çox yaxşı dostlarım vardı və hərdən maddi ehtiyaclarıma, hərdən də qalmaq üçün yer problemimə kömək edirdilər. Ayrıca, Neft Akademiyasında tələbə yoldaşım olan, indiyə qədər də ən yaxın dostum olan Ömər də həmişə yanımda olurdu. Onun cibində olan sonuncu bir manatla bir qoğal, bir də o zamanlar təzə çıxmış nazik, boz xətli “Viceroy” siqaretindən alırdıq. Qoğalı ortadan bərabər bölüb yeyir, siqaretin isə həmişə çoxunu mən çəkirdim.
Xəyalım İncəsənət Universiteti, Kino və Dram Teatrı Aktyorluğu ixtisasına qəbul olunmaq idi. Mən bu arzum üçün oxuduğum akademiyanı və ailəmi tərk etmişdim. Küçələrdə qalır, bir neçə tanışımın kiçik maddi dəstəkləri ilə yemək alıb yeyirdim. Bunlar məni incitmirdi. Narahat etmirdi. Hətta indikindən qat-qat xoşbəxt idim. Çünki istədiyim univeristetə, sevdiyim ixtisasa qəbul olunacaq, oxuyub-işləyəcək, özüm üçün öz istədiyim gələcəyi inşa edəcəkdim.
Musiqili Komediya Teatrında Sevda adlı bir xanım vardı. İxtisasca aktrisa olsa da, səs rejissoru işləyirdi. O, mənə təmənnasız kömək edir, qabiliyyət imtahanına hazırlayırdı. Hüseyn Cavidin “İblis” pyesindən İblisin monoloqunu, yenə Hüseyn Caviddən “Get” şeirini, İvan Krılovun “Cırcırama və qarınca” təmsilini və müharibə mövzusunda bir etüt hazırlayırdıq imtahan üçün. Gah teatrda, gah Sevda xanımın evində məşq edirdik. Zəhmətini heç unuda bilmərəm. Sevda xanıma sonsuz minnətdaram və borclu hiss edirəm özümü.
2012-ci ilin may ayında qabiliyyət imtahanlarının birinci turu oldu. Sevda xanım da mənimlə birgə Tədris Teatrına gəlmişdi. Qapıda həyəcanla gözləyirdi. Mən içəridən çıxıb turu keçdiyimi deyəndə ən az mənim qədər sevinib, qucaqlayıb, öpmüşdü məni. Sonra məşqləri biraz da gücləndirdik. Bu sıralar mən küçələrdə qalmağa davam edirdim.
Park skamyalarında, bulvarın dəniz sahilində, vağzallarda yatır, bəzən də hansısa təsadüfi tanışlarımın, teatrdan olan dostlarımın, ya da Ömərin evində gecələyirdim. Ailəm mənə qarşı düşmən mövqeyində deyildi. Yəni evə getsəydim, yatmağa yer verəcəkdilər. Amma mən istəmirdim. Mühit ruhuma yad idi. Küçələr məni daha çox anlayırdı. Bu, ağılalmaz bir xoşbəxtlik idi. Bu misralar o günlərin xatirəsi ilə yazılıb: (“Getmisən, darıxmıram”)
Fahişə yastığıyam – hər gün bir başa yuva.
Elə çirklənmişəm ki, göylərə çatmır duam!
Bu münzəvi taleyim gəlmədimi xoşuna?
Öyrəndim yaşamağı,
getmisən, darıxmıram…
Avqust ayında əsas qabiliyyət imtahanı oldu. Hazırladığım nominasiyalarla komissiyanın qarşısında keçdim. Kürsüdə rejissor Bəhram Osmanov və aktrisa Kəmalə Mehdiyeva oturmuşdu. Bir tərəfdə də Tələbə Qəbul Komissiyasının xüsusi nümayəndəsi əyləşib, dizlərinin üstünə bir kağız qoyub tamahkar baxışlarını üzərimə dikmişdi.
Əvvəlcə, şeiri dedim. Sonra monoloqu, sonra təmsili, sonra da etütü canlandırdım. Ardınca, mahnı oxuyub rəqs etdim. Bəhram Osmanov “Əla! Əla!” deyə-deyə önündəki kağıza nəsə yazmaq üçün hazır dayanıb Kəmalə Mehdiyeva ilə məsləhətləşdi. İkisi də gözlərini Tələbə Qəbul Komissiyasının xüsusi nümayəndəsinə dikdilər. O isə tərs baxışları ilə başını sağa və sola tərpətdi. Bu sırada Kəmalə Mehdiyavanın Bəhram Osmanova pıçıldadığı o sözləri eşitdim: “Pul verməyib, 9-10 yaza bilmərik. Komissiyadan tapşırıblar”.
Bəhram Osmanov çox üzgün və pərt görünürdü. Tələbə Qəbul Komissiyasının nümayəndəsi isə pusquda dayanıb diqqətlə onları izləyirdi. Nəhayət, ikisi də köks ötürüb önlərindəki kağıza nəsə yazdılar. Sonra həmin kağızı mənə uzatdılar. Belə yazılmışdı: “Aktyor sənəti – 8”, “Səhnə danışığı – 8”, “Musiqi və ritmika – 8”.
Bilirdim. Əgər ən azı iki ədəd 9 almayacaqdımsa, ödənişli təhsillə qəbul ediləcəkdim universitetə. İllik təhsil haqqı da 2000 AZN. Mənim o andakı vəziyyətimi təsəvvür edirsiniz? Küçələrdə qalırdım e. Bəzən yeməyə çörək belə tapmırdım. Üşüyəndə siqaret tüstüləri ilə isidirdim içimi. Ən böyük arzuma qovuşmağımın bu sonuncu mərhələsində rüşvət vermədiyim üçün ödənişli təhsilə salındım və o universitetə ki, teatrda işləyib (o zamankı maaşla) 180-200 manat alacaqdım. O da ki, teatrda iş tapa bilsəydim.
Pərişan və ümidsiz halda çıxdım universitetdən. Nənəmə zəng etdim və hədsiz üzüntümü görüb kömək edəcəyini dedi. Azərbaycanın korrupsioner hakimiyyətindən, iyrənc təhsil sistemindən daha ləyaqətli, daha vicdanlı və əxlaqlı idi nənəm. Restoranda aşbaz işləyirdi. Sentyabr ayına qədər 1000 AZN toplayıb təhsil haqqının yarısını ödədi və daxil oldum univeristetə – Kino və Dram Teatrı Aktyorluğu ixtisasına.
Sentyabr ayında dərslər başladı. Mən universitetə girdiyim ilk gündən gördüyüm mənzərə ilə sarsıldım. Mən orada sənət sevdalı gənclərin, eyni dili danışacağımız bilikli və istedadlı insanların olacağını gözləyirdim. Gözləyirdim ki, teatr sevdalıları, sənət aşiqləri toplaşacaq və biz kitabxanalara, tamaşalara, konsertlərə gedəcəyik, yeni pyeslər axtarıb, oxuyub, özümüz tamaşalar hazırlayacağıq. Mən bu xəyalda ikən universitetin hər küncündə əlində təsbehlə, başında papaqla fırlanan avaralar görürdüm. Dərdi qız ovlamaq, kimdənsə 3-5 siqaret toplamaq olan tufeyli oğlanların, geyim və kosmetika yarışına çıxın qlamur qızların, bufetdə, həyətdə, lap elə dərslərdə də şit zarafatlarla, iyrənc qəhqəhələrlə əylənən bir yığın sarsağın mənim sevdiyim sənətin təhsil ocağına sırındığını görəndə bütün ümidlərim yerə çırpılıb çilikləndi.
Əlbəttə, bu qədər aidiyyətsiz şəxslərin aktyorluq, rejissorluq ixtisaslarına necə qəbul olunduğunun intizarına düşdüm. Maraqlandım və öyrəndim ki, onlar digər universitetlərin hər hansı ixtisasına qəbul olunmaq üçün lazım olan balı toplaya bilməyiblər. 150-200 bal toplayıblar və nisbətən, ya da çox imkanlı ataları, anları onların İncəsənət Universitetinin qabiliyyət imtahanından keçməsi üçün lazım olan 5-3 min manat pulu veriblər. Beləliklə, onların bəziləri test imtahanında ödənişsiz təhsil üçün lazım olan minimal balı (aktyorluq üzrə 150, rejissorluq üzrə 200) toplaya biliblər deyə, ödənişsiz alır, smestr imtahanlarında pul verib yüksək bal yazdırır və təqaüd alırlar. Nə var ki, ata-anaları öz ətrafına “uşağımız universitet oxuyur”, “uşağımızın diplomu var” deyəcək. Sırf bu səbəblə həm bu korrupsioner rejim, həm də o ata-analar bədbəxt etdilər bu ölkənin mədəniyyətini.
Mən isə uğruna ailəmi, ailəmin arzularını, gəncliyimi, sağlamlığımı fəda etdiyim peşəyə yiyələnmək üçün daxil olduğum bu xarabalıqda ildə 2000 manat təhsil haqqı ödəməli idim. Bu, mənim üçün növbəti travma idi.
Kurs rəhbərimiz Esmeralda Osmanova (Bəhram Osmanovun həyat yoldaşı) çox yaxşı insan və bacarıqlı pedaqoq idi. Səhnə danışığı müəllimimiz Azad Şükürov da işinin ustası idi. Bu universitetdə sevdiyim iki məqam vardısa, bu iki şəxsin tələbəsi olmağım idi. Amma orada çalışan başqa şəxslər nə müəllim ola bilmişdilər, nə də sənətə dair anlayışları vardı. Məsələn, aktyorluq kafedrasının müdiri Gülşad Baxşıyeva mənim tül köynək geyindiyim üçün əxlaqsız olduğumu düşünürdü. Ona əxlaqın köynəklə ölçülmədiyini izah etdiyim üçün mənə düşmən kəsilmişdi. Üstəlik, açıq dərslərin birində ayağa qalxıb 18 tələbəyə “sizdən aktyor olmayacaq, ümumiyyətlə, sizdən heç nə çıxmayacaq” demişdi. Prinsip etibari ilə haqsız da deyildi, amma bunu 17-18 yaşlı gənclərə (içlərindəki sənət aşiqlərini nəzərə almadan) demək əxlaqsızlığın ən böyüyü idi.
Kurs rəhbərimiz Esmeralda Osmanova bizimlə Elçin Əfəndiyevin “Mənim sevimli dəlim” pyesini səhnləşdirirdi. Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev o dönəmlər İncəsənət Universitetinin rektoru olduğu üçün bütün müəllimlər və tələbələr ya Elçin Əfəndiyevdən, ya da onların atası olan İlyas Əfəndiyevdən pyes səhnələşdirməyə məcbur idilər. Müəllimlərin yaxşı vəzifə və mükafatları, tələbələrin yaxşı qiymət və avantajlarının yolu buradan keçirdi.
2012-ci ilin oktyabr ayında bir iş tapmışdım. Tələbə yoldaşımın vasitəsi ilə uşaq ad günləri və kiçik toy məclislərinə müxtəlif cizgi film və nağıl qəhrəmanlarının obrazlarında, müxtəlif şou proqramlarla çıxışlara gedib hər çıxış üçün 10 manat alırdım. Bəzən gün ərzində bir çıxış olurdu, bəzən günlərlə iş olmurdu. Amma bu işlə yol xərclərimi, yemək və siqaret məsrəflərimi qarşılaya bilirdim.
Elə həmin vaxtlarda ilk kitabım da çıxdı. “Facebook”da şeirlərimi yenicə paylaşmağa başlamışdım ki, ilk oxucularımdan biri kitabımı əldə etmək istədi. Mən kitabımın olmadığını deyəndə, o, öz hesabına mənim üçün kitab çap etdirəcəyini bildirdi. Vasif Abdullayev adlı bu sənətsevər şəxs yaşadığı Ucar rayonundan Bakıya gəlib ilk kitabımın çapı üçün lazım olan bütün xərcləri qarşıladı və 18 yaşımda yazdığım ilk kitab – “Fahişə mələklər” romanı işıq üzü gördü. İlkin qələm təcrübələrimdən olan bu əsərin çapı mənim üçün 18 illik həyatımın ən böyük zəfəri idi. Çünki mən evimdəki kitablara hər dəfə baxanda “bir gün bu rəflərdə mənim öz kitabım da olacaq”deyirdim. Düzdür, artıq mən həmin evdə deyildim və həmin otaqdakı kitablarım da zirzəmiyə qoyulmuşdu amma mən xəyalən kitabımı o rəflərə yerləşdirir və xoşbəxt olurdum.
Kitabım çıxanda səhnə danışığı müəllimimiz Azad Şükürov dərs zamanı kitabı tələbələrə göstərib “Orxanın kitabı çap olunub, bu, bizim üçün fəxrdir, onu təbrik edirik” demişdi. Amma 17 tələbə yoldaşımdan cəmi 3 nəfəri məni təbrik etmişdi. Qalanları kitabın adına gülüb ələ salmış və məni məsxərə obyektinə çevirmişdilər. Və həmin 14 nəfər sənət, yaradıcılıq ixtisaslarının tədris olunduğu universitetin tələbələri idi.
Birinci kursun sonunda dördüncü kurs tələbələri mənə yaxınlaşıb qəribə bir təklif etmişdilər. Diplom tamaşası hazırlamalı idilər və bunu bacarmırdılar. Müəyyən məbləğ ödəniş edib onlar üçün tamaşa hazırlamağımı istəyirdilər. Bu təklifi edənlər 4 il rejissorluq ixtisası oxuyub, üstəlik, dövlətdən təqaüd də almışdılar. Amma bir tamaşa hazırlamaq və bu tamaşa haqqında eksplikasiya yazmaq üçün bilik və bacarıqları yox idi və birinci kurs tələbəsi olan mənə möhtac qalmışdılar. Mən çox üzr istəyirəm, buradakı dəhşətin böyüklüyünü görə bilirsiniz? Mən hər nə qədər o dəhşəti görsəm də, ikinci kursun təhsil haqqını ödəmək üçün pula ehtiyacım olduğundan onların təkliflərini qəbul edirdim. Onlar üçün tamaşa hazırlayır, eksplikasiya yazır və müəyyən məbləğ pul alırdım. Onsuz da dörd il boyunca verdikləri rüşvət sayəsində əla qiymətlərlə oxuyan bu tələbələr mənim və digər azsaylı bacarıqlı tələbələrin hazırladığı tamaşalar sayəsində qırmızı diplom aldılar. Hansı ki, həmin digər bacarıqlı tələbələr də ödənişli əsaslarla təhsil alır və ad günlərinə, kiçik toy məclislərinə müxtəlif personajların obrazlarında çıxış etmək üçün gedir, ehtiyaclarını ödəməyə və təhsil haqqını toplamağa çalışırdılar.
Ən dəhşətlisi isə odur ki, həmin dövrdə orada təhsil alan o istedadlı tələbələrin indi heç biri teatrda və kinolarda görünmür. Hansılar ki, öz diplom tamaşalarını o istedadlı tələbələrə hazırladıb qırmızı diplom aldılar, indi onlar teatrda işləyir, seriallara çəkilirlər.
İl 2013. May ayı. “Mənim sevimli dəlim” tamaşasını oynayıb birinci kursu bitirdik. Mən artıq işlədiyim işdən və birinci kitabımın satışından gələn kiçik məvaciblə “Sovetski”də rütubətli, uçuq bir evdə kirayədə qalırdım. Masanın üstündə hər hansı bir şirniyyatı qoyub marketə gedib qayıdanda onu siçovullar yeyirdilər. Qorxa-qorxa, iyrənə-iyrənə yaşasam da parklarda yatmaqdan yaxşıdır deyib, dözürdüm. Həm mən artıq bir kitabı çıxmış ədəbiyyat adamı idim. Özümü dəyərləndirməyə, özümə qarşı sayğılı olmağa çalışırdım.
Bir ümidlə ölkədəki bütün teatrlara müraciət etdim. Gənc Tamaşaçılar Teatrı ştatda yer olmadığını bildirdi. Akademik Milli Dram Teatrında boyumun balacalığına görə yararsız olduğumu dedilər. Musiqili Komediya Teatrı üçün səsim (vokal ifaçılığı) yox idi. Pantomim Teatrı üslubum deyildi. Bakı Uşaq Teatrı müraciətimə, ümumiyyətlə, cavab vermədi.
2010-2011-ci illərdə Hüseyn Ərəblinskinin həyat və yaradıcılığı haqqında “Səhnə Tanrısı” adlı tarixi pyes yazmışdım. Eyni zamanda, məşhur fransız modelyer Koko Şanel haqqında da “Madmauzel Şanel” adlı tarixi pyes işləmişdim. 2012-ci ilin əvvəllərində bu pyeslərin ikisini də götürüb yollanmışdım Teatr Xadimləri İttifaqına. Dramaturgiya şöbəsinin müdiri Çingiz Ələsgərlinin qəbuluna girmişdim. Pyesləri təqdim etmişdim və mənə oxuyub cavab verəcəyini bildirmişdi.
Üzərindən iki il keçirdi və yenidən ittifaqa getdim. Nəticə ilə maraqlandım. Çingiz Ələsgərli ona verdiyim pyesləri qarşıma qoyub “Teatrlarda Elçin Əfəndiyevin, Əli Əmirlinin, Hüseynbala Mirələmovun pyesləri səhnləşdirilir, sənin pyeslərini kim səhnələşdirəcək?” deyə, sual etdi. “Axı mən Azərbaycanın peşəkar-professional teatr məktəbinin banisi olan Hüseyn Ərəblinski haqqında pyes yazmışam və bu pyes tarixi faktlara əsaslanır. Bizim mədəni tariximiz üçün bu çox əhəmiyyətlidir. İndiyə qədər də belə bir pyes yazılmayıb, səhnələşdirilməyib. Əgər pyesdə qüsurlar varsa, deyin, düzəldim, amma səhnələşdirilsin” dedim. “Yox, pyesdə qüsur olmasa da heç kim sənin əsərini səhnləşdirməz” dedi. Əliboş, naçar çıxdım ittifaqdan. Daha sonra telekanallara da müraciət etdim iş üçün, heç birindən cavab gəlmədi.
Elə həmin ildə Akademik Milli Dram Teatrının repertuarında Elçin Əfəndiyevin yazdığı “Sənətkarın taleyi” pyesinin səhnləşdirildiyini gördüm. Qəribədir. Elçin bu pyesdə obrazların adını Şeksprin əsərlərinin adı ilə qoymuşdu. Həmin dövrdə Azərbaycan teatrı səhnəsində yer alan aktyorlar haqqında araşdırmadığı üçün onları Otello, Hamlet, Maqbet deyə adlandırmışdı. Lakin, məsələn, o dövrdə Hüseyn Ərəblinski ilə bərabar çalışan Murad Muradovun, Əbülfət Vəlinin, Hüseynqulu Sarabskinin, Mahmud Məlikovun, Məmməd İsmayılovun, Sidqi Ruhullanın və digərlərinin adını, həyat və yaradıcılıqlarını və onların Ərəblinskinin həyatındakı rolunu bilməyən Elçin Əfəndiyev mənim yazdığım “Səhnə Tanrısı” pyesinin ən dolğun səhnələrini müəyyən dəyişikliklərlə və başqa adlarla sanki yenidən yazmışdı. Deyəsən, o, Teatr Xadimləri İttifaqının dramaturgiya üzrə üzvü idi axı.
Birinci kurs bitəndən sonra yay boyunca düşünməyə bol-bol vaxtım oldu. Anladım ki, əslində, özümə qarşı ən böyük sayğısızlığı elə İncəsənət Universitetində sözdə təhsil alaraq edirəm. Mənim sənətə dair heç bir şey bilməyən, hər hansı teatrda adicə tamaşaçı belə olmayan adamlarla eyni universitetdə təhsil almağım, üstəlik, onların təqaüdlə, mənim isə 2000 AZN illik ödənişlə oxumağım və o avara, tufeyli mühitinin çoxluğunda mən və timsalımın təkəmseyrəkliyi, o milli xarakterli avara “qaqaş”ların, varlıların biliksiz və bacarıqsız qlamur qızlarının Gülşad Baxşıyeva, Ötkəm İskəndərov (fakültə dekanı idi və hər smestr tələbələrdən toplanan pullara nəzarət edirdi) kimi sənət təhsilinə yad adamlar üçün məndən qat-qat dəyərli olması, mənim də bunlara dözüb bir il boyunca o universitetin otaqlarında oturmağım özümə qarşı etdiyim ən böyük tərbiyəsizlikdir.
Yay boyunca bütün bu baş verənləri yazdım. Azadlıq Radiosunda və digər muxalif portallarda bu barədə tez-tez yazılarım yayımlanırdı. Sentyabr ayı yenicə başlamışdı ki, universitetdən bu yazılarla bağlı xəbərdarlıqlar, təhdidlər gəlməyə başladı. Universitet başlayanda dekan Ötkəm İskəndərov Universitetin dəhlizində mənə dedi ki, “Səni universitetdən qovarıq, səbəb olaraq da yazarıq ki, sən universitetin daxilində əxlaqsızlıq etmisən”. Mən də “edə bilməzsiniz” deyib rektorun otağına qalxdım və ərizəmi yazıb təhsildən imtina etdim. Attestatımı götürüb çıxdım. “Balam” rədifli şeiri də onların çirkin böhtanlarına həsr etmişdim:
Gülüm çəməndən böyükdür,
ruhum bədəndən böyükdür!
Bir sözüm səndən böyükdür,
çatmazsan, gen dolaş, balam!
Əbədidir bağım, bəhrəm!
Günəşə nur verir çöhrəm!
Mən ölməyən sözəm, sehrəm,
sən özgəyə bulaş, balam!
Nə edəcəkdim? Mən ailəmin üzünə necə baxacaqdım? Atamı eşitmədiyim üçün məni danlayan, valideynlərimin üzünə ağ olduğumu düşünən qohumlara, qonşulara nə deyəcəkdim? Onlar mənim oxumaq istəmədiyimi, təhsil almağı sevmədiyimi, avara olmaq arzusunda olduğumu düşünürdülər. Çünki xalqın ümumi düşüncə tərzinə görə təhsil almaq, savadlı olmaq, bilikli olmaq üçün hər smestr 50-60 manat verib imtahanlardan keçmək və nəhayət, bu yarıtmaz təhsil sisteminin verdiyi o haram diplomu almaqdır. Mən onların heç birinə izah edə bilməzdim ki, axı bu universitetdə aktyor məktəbinə dair təkcə Stanislavskinin, Çexovun və Vaxtanovun adını eşitdim. Mən isə özüm gecə-gündüz oxuyub İrji Qratovski, Bertolt Brext, Antonin Artaud, Avqusto Boal, Stella Adler, Erik Moris sistemlərini öyrənmişəm. Heç o Gülşad Baxışyeva, Ötkəm İskəndərov aktyor məktəbi metodlarını, teatr nəzəriyyələrini mənim qədər bilmirlər. Onların möhürlü sənədləri mənim biliyimi ölçəcəksə, lənət olsun o sənədə də, o universitetə də, o diploma da.
Hər şey mənə olduqca mənasız və boş, mühit isə çox cansıxıcı görünürdü. Başqalarının nə dediyi o qədər də əhəmiyyətli deyildi, amma mən özüm öz qarşımda xəcil, pərt olmuşdum. Bu, məni çox incidirdi. Ölkədən çıxmalı idim.
Elə bir günün içində xarici pasportumu düzəltdirib ertəsi gün səhər tezdən yolda düşdüm Rusiyaya. Pitiqorski, Volqaqrad, Krasnadar, Samara şəhərlərinə getdim. Nə dil bilirdim, nə tanışım vardı. Universitetin ikinci ilinin təhsil haqqı üçün topladığım və eyni məqsədlə biraz da nənəmin verdiyi pul vardı üzərimdə. Nə iş axtardımsa, ya alınmadı, ya bacarmadım. Pulum bitəndə isə orada da küçələrdə qaldım, parklarda yatdım. Səfalət alnıma yazılmışdı sanki. Bu misralar o günlərin xəcalət və pərtlik hissi ilə yazılıb:
Gecə yatım, səhər durum, bir də görüm ölmüşəm.
Göydən baxım, qəribsəyim, yerdə görüm ölmüşəm.
Görüm hamı şadlıq edir, nə xoşbəxtdir şəhərim!
Mənim kimi tənha qalıb meyidim üstə qəhərim!
Görüm sevinir anam, atam, bacım, qardaşım.
Görüm ki, kədərdən yox, sevincdəndir göz yaşı…
Görüm dostlarım gülür, rəqs edir sevgilim də.
Görüm bir kağız şeir bükülüdür əlimdə.
Görüm ki, mən ölmüşəm, şeirlərim yaşayır.
Bir şairin yükünü o şeirlər daşıyır.
Nəhayət, Rusiyanın çox cansıxıcı, soyuq və mənə həddən artıq yad olduğunu anlayıb, oradan Gürcüstana, oradan da Türkiyənin Ankara şəhərinə yollandım.
Fikrimdə gələcəklə bağlı sənət xəyalları, ruhumda öz ölkəmdə yaşadığım nəhəng pərişanlıq və bətnimdən natamam düşən o müqəddəs sandığım amalımın qanı ayaqlarımdan süzülürdü. Amma ümidim vardı. Mübarizə aparacaqdım. İstədiklərimə nail olacaqdım. Ən azından, cəhd edəcəkdim.
Ankarada səyyar teatr truppasına qoşuldum. Uşaq tamaşaları hazırlayırdılar, amma bu, həm mənim üçün maraqlı janr deyildi, həm də gəliri çox cüzi idi deyə, sərf etmədi. Bir restoranda “komi” (qarsonların masalardan topladığı kirli qabları mətbəxə daşıyan və mətbəxdəki təmiz qabları qarsonlara verən, zibilləri atan, yerləri süpürən, masaları silən və s. bu kimi işləri görən) işləməyə başladım. Bir müddət sonra teatr və ədəbiyyatdan uzaq düşməyim məni çox incitməyə başladı. Oradan müxtəlif ümidlərlə İstanbula yollandım, amma yenə də heç bir işıq olmadı. Nəhayətində, təkrar pulsuz-parasız qaldım, küçələrə düşdüm, parklarda yatdım.
Yaşadıqlarımın ilk şiddətli sancılarını da həmin vaxtlarda hiss etməyə başladım. 2013-cü ilin sonları idi. Bütün əzələlərim ağrayırdı. Sinir sistemim dözülməz bir sancı ilə titrədirdi bədənimi. Həkimlər sinirlərimin iflic olduğunu dedilər. Bu misralar həmin günlərin ağrılı xatirələri ilə yazılıb: (“Elə çıxıb gedərəm”)
Ağrıyan ürək deyil, ağrıyan könüldüye.
Doğulmayan ümidlər bətnimdəcə öldüye.
Köməyə gəlmədi ki, çağırdığım tanrılar,
Könlümdən ruhumacan yoluxdu bu ağrılar.
Özümə dönük çıxdım, ruhuma xəcil oldum.
Qaçıb öz taleyimdən sənə mühacir oldum.
Tələsik yükümü toplayıb Bakıya qayıtdım və ailəmin yanına gəldim. 2014-cü ilin may ayına qədər bu ağrılarla mübarizə apardım. Həmin dönəmdə bir roman yazdım və nənəm məni azca təsəlli etmək və düşdüyüm bu ağır psixoloji gərginlikdən xilas etmək üçün ikinci kitabımın çap olunmasına kömək etdi. “Ganhdır səni sevmək” beləcə işıq üzü gördü.
Nisbətən ayağa qalxmış, həyata yenidən tutunmuşdum. “Günahdır səni sevmək” kitabım “Qanun” nəşriyyatında çap olunmuşdu və nəşriyyatla kitabın mağazalara paylanılacağına dair anlaşmışdıq. Heç bir teatr, telekanal rüşvət vermədiyim üçün, müxalif portallarda dərc olunduğum üçün məni işə götürmürdü. Mənim də ikinci kitabın satışından gələcək olan gəlirə ümidim vardı. Düşünürdüm ki, Türkiyəyə gedib iş axtararam və kitabın satışından gələn gəlirlə də müəyyən qədər dolanaram.
2014-cü ilin sentyabr ayında yenidən yollandım Türkiyəyə. İstanbulda ajanslara müraciət etdim. Bir neçə serialın kütləvi səhnələrinə çəkilmək üçün gedir və müəyyən məbləğ pul alırdım. Lakin bu gəlir yetmirdi və kitabımın satışından gələn gəlirlə bağlı “Qanun” nəşriyyatından bir neçə dəfə maraqlansam da, mənə satılmadığını deyirdilər.
İstanbulda hər otağı ayrıca kirayə verilən hündür binalardan birində qalırdım. Ay tamam olurdu və kirayənin vaxtı çatırdı. Mənim isə pulum yox idi. Bütün günlərim kirayə pulunu tapmağın yolları barədə düşünməklə keçirdi.
Taksimdə — “Gezi Park”ında oturub siqaret çəkirdim. Elə Türkiyədə ən ucuz siqaret olan “Mavi Lark” alacaq qədər pulum qalmışdı. Əşyalarım, geyimim, notbukum evdə idi. Ora qayıtsaydım, ev yiyəsi kirayə haqqını istəyəcəkdi və mən ödəyə bilməyəndə əşyalarımla birlikdə evdən çıxaracaqdı. Bu isə ikiqat yük olardı. Ən azından, əşyalarımın qalacaq yeri var idi. Mən isə pul dərdi çəkə-çəkə siqaret tüstülədirdim. Əlac yox idi, parkda yatacaqdım.
Elə bu vaxt ortayaşlı bir kişi yanımda əyləşdi. Bir xeyli sükutdan sonra qəfildən sual verib hardan olduğumu soruşdu. Azərbaycandan olduğumu dedim. Sonra İstanbulda nə iş görməyimlə maraqlandı. Mən də heç bir iş görmədiyimi bildirdim. O, inadla mənim məşğuliyyətimi öyrənməyə çalışırdı. “Azərbaycanda nə işlə məşğul idin?” deyə soruşdu. Mən elə Azərbaycanda da bir iş görmədiyimi dedim. Kişi isə yarızarafat, yarıciddi “sənin işin-gücün yoxmu?” deyə istehza etdi.
Bir köks ötürüb yazıçı olduğumu dedim. Təəccübləndi. Kitablarımla maraqlandı. “İki kitabım var” dedim. Kişi dərhal “mən sənin kitablarını oxumaq istəyirəm. Xahiş edirəm ki, mənə öz kitablarını satasan” dedi. “O kitablar azərbaycanca yazılıb. Siz anlamayacaqsız” deyə, bildirdim.
Kişi bizim dilə aşina olduğunu bildirdi və qeyd etdi ki, Nizamini, Füzulini, Nəsimini, Bəxtiyar Vahabzadəni azərbaycanca oxuyub.
Mən isə ona kitab sata bilməzdim. Çünki kitabları götürmək üçün evə getməli idim və evə getsəm, ev yiyəsi kirayəni istəyəcəkdi. O kişinin iki kitab üçün ödəyəcəyi pul da kirayə haqqının uzaqbaşı onda biri ola bilərdi. Vəziyyəti izah edib aciz görünmək də istəmədim. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə axtarırdım. Elə bu vaxt “bir kitab üçün sənə 100 Tl (35 manat) ödəyəcəyəm” dedi.
Heyrətə gəldim. “Zarafat edirsiz? Bir kitabın qiyməti 100 TL deyil” dedim. O isə, nəzakətlə izah etdi: “Mən bu kitabı mağazadan alsaydım, satış qiymətinə alardım. Amma mən bu kitabı yazıçının özündən alıram. Bunun, əslində, qiyməti ölçülməz. Bu, mənim üçün bir tarix olacaq, bir yazıçının özündən kitab alacağam. Ödədiyim 200 TL nədir ki, bunun müqabilində?”
Onun ciddiyyətinə əmin oldum. 200 TL mənim ödəyəcəyim kirayə haqqının yarısı idi. Bu pulu ev sahibinə verib, qalanını da sonra ödəməyə razı salacaqdım.
Onunla birlikdə qaldığım evə yollandıq. Məndən özü üçün və dostları üçün ümumilikdə 6 ədəd kitab götürüb imzalatdırdı və 600 TL (210 manat) uzatdı mənə. Əlim əsə-əsə pulu aldım. O, əlimi sıxıb təşəkkür etdi. Məni tanımağa sevindiyini də deyib sağollaşdı.
Əlimdə 600 TL pul var idi və mən bu pulu 6 ədəd kitabdan qazanmışdım. Azərbaycanda isə mən bu pulu ən az 100 kitabımın satışından qazana bilərdim. O da ki, satılsaydı.
2014-cü ilin sonlarına qədər Türkiyədə heç bir iş alındıra bilmədim və Azərbaycana qayıtdım. Mən kitabın satışından gələcək pula arxayın olub getmişdim amma kitabdan heç bir manat da gəlmədi. “Günahdır səni sevmək” kitabı səs-küyə səbəb olmuşdu. Satılmalı idi. Amma “Qanun” nəşriyyatı satılmadığını, mağazaların da qəbul etmədiyini deyirdi. Oxucular isə mənə sosial şəbəkədə yazır, mağazalardan kitabı tapa bilmədiklərini deyirdilər. Təəccüblü idi. Bakıya gələn kimi mağazalara gedib kitabla maraqlandım. Hamısı bildirdi ki, onlara belə bir kitab, ümumiyyətlə, təklif edilməyib. “Qanun” nəşriyyatı mənə qarşı niyə belə etmişdi, bilmirəm. Mən oradan kitabları götürdüm və bir də heç vaxt Azərbaycanın kitab mağazalarına kitab verməyəcəyimə dair and içdim.
2013-cü ildən Azadlıq Radiosunun “Oxu Zalı”nda şeirlərim, hekayələrim, məqalələrim və köşə yazılarım yayımlanırdı. Eyni zamanda mədəni, ictimai-siyasi mövzulu yazılarım digər informasiya agentliklərində də dərc olunurdu. Sosial şəbəkələrdə paylaşdığım şeirlər və digər bədii yaradıcılıq nümunələri, publisistik yazılarım, çap olunan kitablarım sayəsində müəyyən bir oxucu kütləsi qazanmışdım.
İl 2015-ci ilə gələndə ikinci devalvasiyadan sonra ailəmin düşdüyü ağır vəziyyətə görə Prezidentə açıq məktub ünvanlamışdım. Atamın dollarla götürdüyü kreditlər devalvasiya nəticəsində ikiqat artanda infarkt keçirməsi məni çox narahat etmişdi və açıq məktubla təkcə öz ailəmin deyil, bütün ailələrin vəziyyətini ölkə başçısına çatdırmaq üçün açıq müraciət məktubu yayımlamışdım. Daxili İşlər Nazirliyinin əməkdaşları prezidentdən daha öncə oxumuşdular bu yazını və mənimlə əlaqə saxlayıb Baş Polis İdarəsinə çağırdılar.
21 yaşım vardı və ilk dəfə idi sanki hansısa cinayət törətmişəmmiş kimi idarəyə çağırılırdım. Narahat olmasınlar deyə, bunu ailəmə bildirmədim. İdarəyə getdim və indi adını unutduğum bir polis biraz şirindil zarafatlarla, biraz da üstüörtülü təhdidlərlə məsləhətlər verib yola saldı məni.
Ardından Azərbaycanda polislərin fəaliyyətinin cinayətkarların cinayətlərindən daha qorxulu və təhlükəli olduğuna dair bir yazı yazmışdım. Səbəbini də deyim, başağrısı olmasın. Bir dələduza aldanmışdım. Maddi sıxıntılarım və sənətə dair planlarım vardı. Pul tapa bilmirdim. Nicat İsmayılov adlı bir şəxslə tanış olmuşdum həmin vaxtlar. Ortaq bir tanışımız calamışdı bizi. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin əməkdaşı kimi təqdim etmişdi özünü. İdarə əməkdaşları arasında 600 manatdan latoreya oynanıldığını demişdi və mən də uşaq ağlımla sadəlövhcəsinə inanmışdım ona.
Çox dəyərli bir insandan 600 manat borc alıb həmin Nicat İsmayılova verdim ki, ikinci ay 6000 manat götürüb planlarımı həyata keçirim. Mən bu Nicata da ona görə inanmışdım ki, gözümün önündə dəfələrlə həmin İdarəyə girib-çıxmışdı. Üstəlik, mənim yanımda Dəyanət adlı yüksək rütbəli, vəzifəli bir adama zəng edib danışırdı. Həmin Dəyanətin Daxili İşlər Nazirliyində yüksək vəzifə tutduğunu deyirdi.
Nicat İsmayılov həmin 600 manatı məndən alandan dərhal sonra yoxa çıxdı. Yer-göyü ələk-vələk etdim, tapa bilmədim. Polisə şikayət etdim. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa ayrı-ayrı müraciətlər ünvanladım. Yasamal rayon prokurorunun qəbulunda oldum. Sonra prokurorun tapşırığı ilə güya bir müstəntiq işi araşdıracaqdı.
600 manatın acı deyildim, mən küçələrdə bir günümü bir qoğalla keçirən adamdım. Amma çox hörmət etdiyim insanın yanında yalançı kimi görünürdüm və bunu həll etməyə çalışırdım. Bir neçə dəfə getdikdən sonra məni, ümumiyyətlə, Yasamal rayon Prokurorluğuna buraxmadılar.
Bir müddət sonra Azərbaycan Nəşriyyatında “Zaman-press” qəzetində işləməyə başladım. Burada işlədiyim vaxt qəzetə bir qadın müraciət etdi. Tamamilə eyni tipli dələduzluğa tuş gəldiyini və heç kimin işə baxmadığını dedi. O da eyni ilə mənim kimi DİN-ə, Prokurorluğa dəfələrlə müraciət etmişdi, amma dinləyib yola salmışdılar. Təhlükəsizlik orqanlarının heç bir cinayətkarı axtarmadığına əmin olmuşdum və “Təhlükəli təhlükəsizlik orqanları” sərlövhəsi ilə bir yazı yazmışdım. Bu yazıda həmin qadının başına gələnləri də, öz qarşılaşdığım dələduzluğu da yazıb polislərin bütün bunlarla maraqlanmadığını, bizi qapılardan qovduqlarını qeyd etmişdim.
Dələduzları tapa bilməyən DİN və Prokurorluq əməkdaşları məni 1 saatın içində tapıb Daxili İşlər Nazirliyinin binasına çağırdı. Burada Nazir Hacıyev adlı biri mənimlə danışdı və həmin yazıda Dəyanət adlı şəxsin adının keçməsindən bərk narahat olduqlarını dəfələrlə vurğuladı. Mən həmin Dəyanətin kim olduğunu hələ də bilmirəm, amma Nicat İsmayılov adlı dələduzun arxasında onun dayandığına əmin olmuşdum.
Yenə bir xeyli hədələyib buraxdılar. Sözarası ümid də verdilər ki, güya həm mənim, həm də o qadının problemini həll edəcəklər. Amma heç birini həll etmədilər və mən də qapı-qapı gəzməkdən yorulub əl çəkdim. O dələduzlar isə azadlıqda və öz keyflərində idilər. Onlar Azərbaycan polisinə güvənirdilər. Qəribədir. Elə deyilmi? Dələduz polisə arxayındır!
2015-ci ilin sonları idi. Təndirxanada çörək bişirib satan nənəm evə çox üzgün gəlmişdi.“Nə baş verib” deyə, soruşdum. Bildirdi ki: “Bu gün prezident keçirdi deyə, yolları bağlamışdılar, ona görə bir dənə də çörək satılmadı”. Yaşı 60-ı ötmüş qadın səhərin sübh çağından qalxıb təndirxanaya gedir, əlləri, üzü yana-yana çörək bişirir ki, evə 5-10 manat gətirsin. Amma ölkə başçısının korteci keçəcək deyə, yol saatlarla bağlı qalır və yaşlı qadın evinə əliboş qayıdır. Mən öz evimin içində bu dəhşəti və ən doğma insanımın ağılalmaz özbaşınalıqdan zərbə alıb pərişan olduğunu görürdüm. Buna necə susa bilərdim ki? Elə həmin gün “Yolumuzu bağlamayın, cənab prezident!” sərlövhəli yazı yazıb yayımladım.
Bu yazıda “Mənim nənəm sizə nə edib? Sizin verdiyiniz 120 manat pensiya ilə dolana bilmir deyə, ahıl yaşında isti təndirdə yana-yana çörək bişirir, onu da öz keçməyiniz üçün yolları bağlatdırıb qazancından məhrum edirsiniz! Mənim nənəm tək deyil, siz bir yolu bağlayanda yüz adamı ac buraxırsınız!” məzmunlu etiraz və şikayətlərimi bildirmişdim. Səhəri gün Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib evdən apardı məni. Anam-nənəm ağlaya-ağlaya qaldı arxamca. İdarəyə gələndə əlimdən telefonumu alıb apardılar rəisin otağına. Rəisin adı Azər idi. Məni rişxəndlə süzüb dedi ki: “Get, güldən-çiçəkdən, dağdan-dərədən yaz. Sənin nə işin var dövlətlə?”
Dedim: “Elə bütün sənət adamlarımız güldən-çiçəkdən, dağdan-dərədən yazdığı üçün bu gündəyik. Nahaq əli silahlarla və arxasında ordu ilə bir geniş kresloda oturub, taxta döşəmədə tək və silahsız dayanan haqqa rişxənd edir”. Əlini masaya çırpıb dedi: “Nə axmaq-axmaq danışırsan? İndi səni basım türməyə?”
Güldüm və dedim: “Sizi bir həqiqətdən agah edim. Məni burdan zindana atacaqsınız, mən o zindan da yazacam və yazdıqlarım məni bütün zamanlarda yaşadacaq. Siz məni sərbəst buraxacaqsınız, mən yenə yazacam və bütün zamanlarda yaşayacam. Siz məni öldürəcəksiniz, mənim indiyəcən yazdıqlarım məni bütün zamanlarda yaşadacaq. Amma sizin ömrünüz, yaşayışınız isə oturduğunuz kürsünün ömrü qədərdir. Sizi o kürsüdən qaldırsalar, yoxsunuz. Mənə isə nə etsəniz, varam və var olacam!”
Qəzəb və nifrət dolu baxışlarını üzümə dikib otaqdakı digər polislərin çıxmasını işarə etdi. Onlar çıxdılar və sonra həyasızca gülümsəyib belə dedi: “Səkkizinci sinifdə oxuyan bir bacın var. Sabah məktəbdən evə gəlməyə bilər. Növbəti dəfə yazanda bacını fikirləş!”
Bu sözləri deyən kimi polislərdən birini çağırıb məni aparmasını tapşırdı. Mənsə susmuşdum, sarsılmışdım, gözlərim dolmuşdu, boğazım düyünlənmişdi. Əlbəttə, bacımın taleyi haqdan, ədalətdən və bir toplumun taleyindən üstün deyildi, ola da bilməzdi. Amma onun başına gələcək hər hansı pis hadisədə ömür boyu günahkar olardım və vicdan əzabı çəkərdim.
Sonra yazmadımmı? Yazdım. Sadəcə biraz hislərimə hakim oldum, biraz da sənətin söz oyunu imkanlarından yararlandım. Beləcə, həm haqqı susmadım, həm bacımı qorudum. Amma indi mən hər şeyi itirmişəm. Sevgi hissimi də tərk etmişəm. Mən bu dövlətin, bu yarıtmaz siyasətin, bu qəddar idarəetmənin sayəsində bütün duyğularından yoxsul buraxılmış, şikəst və xəstə edilmiş, itirməyə heç nəyi və heç kimi olmayan biriyəm. İndi mən Azərbaycan hakimiyyətindən də, Azərbaycan polisindən də daha qorxuluyam.
Ağlımda yenə də intihar fikirləri dolanırdı. Susa bilmirdim. Danışanda da 14 yaşlı uşağa zərər verməklə hədələyirdilər. Ölüb qurtulmaq istəyirdim. Sonra özümü belə təsəlli edirdim:
Bəsdir ölüm dedin, nədir ki, ölüm:
bir körpü, bir kəndir, ya bir dəmirsə…
ölümə hamıdan çox layiq olan,
ar edib bircə yol ölüm demirsə,
bu dərdə ölüm də kar eləmirsə,
qaldır o badəni, yandır bu otu,
öpsün ciyərindən tüstülər, adam!
Qaçıb buludlarda gizlənək gərək,
yolları köpəklər kəsdilər, adam!
İl 2016. Sputnik İnformasiya Agentliyində Köşə Yazarı kimi işə başladım. Artıq ad günlərinə və toy məclislərinə müxtəlif personajların obrazlarında çıxış etməyə getmirdim, amma bu işin kiçik biznesini qurmuşdum. Bunlardan əldə etdiyim ilkin gəlirlə “Şeir Adam” adlı şeirlər toplusunu – üçüncü kitabımı çapa verdim. Əlbəttə, mağazalara paylanılmasına icazə vermədim. Sadəcə bir təqdimat keçirdim və bir neçə daimi oxucum həmin mərasimdə bu kitablardan əldə edə bildilər. Qalanı isə elə indi də kardon qutularda qalır.
Arzuladığım təhsildən məhrum qaldım – rüşvət və özbaşınalıq icazə vermədi. Mən ən sevdiyim işdən – teatrdan tamamilə uzaq düşdüm. Sənətin ən ali məbədi bu ölkədə hakimiyyətə xidmət edir və ona yaltaqlanırdı. Mən isə qətiyyən yaltaqlana bilmirdim deyə, teatrların da qara siyahısında idim. Artıq üç il idi ki, əlim teatra çatmırdı və bu məni boğurdu. Canımı məndən almışdılar, amma öldürməmişdilər. Kitablarımın mağazalarda yer almasına qarşı məndə nifrət oyatmışdılar. Ədəbiyyata aid qurumlardan, festivallardan, tədbirlərdən məni çox uzaqda tuturdular. Bütün bunlar məni yandırır, göynədir, sarsıdırdı. Bu sancıları bu sətirlərə çevirmişdim:
Daha ağrılarıma başqa çarə yoxdu da!
Sənsiz bu evin içi çölündən soyuqdu da!
Amma kimə deyəsən? Kim anlayar bu halı?
Nə bilsinlər min ildi qurumur əl dəsmalım!?
Rədd olsun vitaminlər, lazım deyil aspirin,
antidepressantların istəmirəm heç birin,
neçə ildi bu həblər nə işə yaradı ki?
Mənim bu sənsizliyim elə bir yaradı ki,
nə kardioqramda, nə rentgendə görünər,
sınan bir ağ işıqdır, yeddi rəngdə görünər.
Bapbalaca canımdan sən boyda adam qopub,
necə izah edim ki, mənə hansı dərd hopub?
Qaçıb iştahım, yuxum, pozulub əsəblərim,
sənin barmaqlarındı xoşbəxtliyin həbləri!
Əllərin yara bandı, qoxun astma dərmanı,
tərin dəri məlhəmi, gəl ki, sağalsın canım!
İndi mənim dərdimə tək əlacsan, birdənəm!
Birinci və sonuncu ehtiyacsan, birdənəm!
Buradakı sən – ikinci şəxs hər hansı bir şəxs deyildi. Teatr nəzərdə tutulurdu. Ümumiyyətlə, tipik eşq-məhəbbət şeiri kimi tanınan şeirlərimin əksəriyyətində müraciət mənim uzun illərdir ayrı düşdüyüm teatra ünvanlanır. Axı mən bu həyatda heç nəyi və heç kəsi onun qədər sevməmişəm.
Bütün həyatımın tək xoşbəxt ili, nisbətən, 2017-ci il oldu. Bu ildə Almaniyada keçirilən “Next Stage Europe 3” festivalına Almaniyanın Höte İnstitutu tərəfindən dəvət aldım və bir həftə Berlində, Potsdamda, Franfurtda Azərbaycan mədəniyyətinin təmsilçisi oldum. Özü də yazdığım dram əsəri ilə. “Saçını satan aktrisa” pyesim Potsdam Hans Otto teatrında səhnələşdirildi. Festival təşkilatçıları və mənim pyesimdə oynayan alman aktyorlar, aktrisalar mənə Şərqin Şilleri deyirdilər. Onlar məni, mənim əsərimi canlandırır və qorumağa, dəyərləndirməyə çalışırdılar. Məni hər dəfə təqdim edəndə Azərbaycan adını çəkirdilər, amma həmin Azərbaycanda heç bir teatr mənə hər hansı əməkdaşlıq təklifi etməmişdi, üstəlik, mənim təkliflərimi də rədd etmişdi.
Almaniyanın Xarici İşlər Naziri Maxail Rot mənim pyesimi oxumuşdu və öz dilində xoş sözlər ünvanlayıb mənimlə şəkil çəkdirmək üçün icazə istəmişdi. Amma mən öz ölkəmdə öz mədəniyyətimin nazirini cəmi bircə dəfə Azərbaycan teatrının 140 illik yubileyində əlindəki konspektdən rus şivəsi ilə kəkələyə-kəkələyə teatra dair bir mətn oxuyarkən görmüşdüm, sonra da elə səhnədən enib qeybə çəkilmişdi. Postdam Hans Otto Teatrının direktoru bizimlə bərabər kassadan bilet alıb öz teatrında tamaşa izləmək üçün qapıdan keçməyə növbə gözləyir və bizimlə şirin-şirin söhbət edirdi. Amma Azərbaycanda teatr direktorları öz işlədiyi teatrda hansısa tamaşanı izləyərkən bir sıranı tamamilə boş saxlatdırır və yanlarında iki mühafizəçi ilə oturub tamaşa izləyirdilər. Mən bütün bunları asanlıqla necə həzm edəydim? Necə barışaydım? Necə qəbullanaydım?
Mən indi bunları yazarkən belə, ağlayıram. Gözlərim su ilə dolur deyə, öz yazdığımı görmürəm və yazını yarımçıq saxlayıb gözlərimi silirəm. Sonra davam edirəm. Əllərim titrəyir. Boğazım düyünlənir. Gözlərimin yaşı klaviaturanın üzərinə axır. Bütün bədənim buz kəsir. Dərindən nəfəs almağa çalışıram, amma bütün əzələlərim sancı verir. İlahi, dəli oluram! Havalanıram! Özümlə bacarmıram… Üzr istəyirəm!
Almaniyada olanda həm Hans Otto Teatrından, həm də Maksim Qorki Teatrından orada qalmağıma dair təklif aldım. Şərtləri o idi ki, mühacir kimi qalım və alman dilini öyrənim, alman dilində yazıb bu teatrlardan birində dramturq işləyim. Amma bir də Azərbaycana qayıda bilməmək, sevdiklərimi görməmək qorxusu və ruhuma yad bir dili öyrənib o dildə düşünürək əsər yazmağın yaratdığım əsərin gücünü zəiflədəcəyi gümanı ilə bu təklifə razı olmadım və geri qayıtdım. Bilmirəm, düz etdim, ya səhv. Amma hirsimi cilovlaya bilməyib dəfələrlə anama, atama, dostlarıma “kaş orada qalaydım, sizə görə qayıtdım, sizin məni sevməyiniz, əslində, mənə etdiyiniz ən böyük pislikdir” deməyim və bunu hər dəfə deyəndə onların üzündəki o dərin hüznü, o nəhayətsiz üzüntünü görmək ruhumu yaralayır, ürəyimi parçalayır.
Axı, bir para tamahkarın bitmək bilməyən vəzifə eşqinə, bu quldur dəstənin rüşvətxorluğuna, bir yığın qansızın, vicdansızın qudurğan hökmranlığına qurban gedən gəncliyimə və sənət sevgimə heyfim gəlir. Axı, bütün bunlar məni kabuslarla, qeyri-müəyyən səslərlə, qarışıq yuxularla, fiziki narahatlıqlarla üz-üzə qoyur. Mən sevdiyim hər şeyi, baxın, belə itirdim. Məni anlayırsınız? Daha itirməyə heç nəyim qalmadı. Daha məni həbs etsələr də, öldürsələr də, elə ən müqəddəsim olan sənətə and olsun ki, zərrə incitməz. Məni bu dünyada bundan daha çox heç bir şey incidə bilməz. Alıb silahlarını gəlsinlər hüzuruma!
İl 2018. “Kimsəsizlər Sığınacağı” adlı şeirlər, hekayələr və pyeslər toplusu kitabım çap olundu. Yenə bir təqdimatla bir qrup oxucuya təqdim etdim və elə orada da bitdi.
Bu kitabda yer alan “Zaman maşını” komediyası, “Kimsəsizlər sığınacağı” tragikomediyası, “Terror” faciəsini Musiqili Teatra təqdim etdim. Əgər bu teatrın repertuarı komediyaya üstünlük verirsə, buradakı “Zaman maşını” pyesi müasir komediyadır. Hətta bu pyes içindəki robot obrazı, zaman maşını cihazı və 2050-ci ildən 2017-ci ilə qayıdış səhnələri ilə olduqca müasir məzmunlu, yeni səpkili pyesdir. Əgər bunlar qüsurlu idisə, bu teatrın bədii şurası müəllifi çağırmalı, xətaları bildirməli, yararsızdırsa, səbəblərini izah edərək imtina etməli, qüsurludursa, düzəlişləri üçün məsləhətlərini verərək yenidən baxışına şərait yaratmalı idi. Amma Musiqili Teatrdan hələ də xəbər yoxdur. Üstəlik, o günlərdə mediadan oxudum ki, onlar “5 manatlıq gəlin” pyesini yenidən tamaşaya hazırlayırlar və bu tamaşa 1940-cı illərdən bu günə qədər dəfələrlə bu teatrın repertuarında yer alıb. Bütün bunlara rəğmən, ölkənin teatr aktyorları, teatr rejissorları müsahibələr verib “ölkədə yeni dramaturq yoxdur”, “müasir dram əsərləri yazılmır” deyirlər.
Azərbaycan teatrı hər hansı gənc dramaturqun yetişməsi üçün heç vaxt şərait yaratmayıb. Heç bir müəllifə “gəl, teatrın içinə gir, səhnə ilə, tamaşa hazırlanması ilə tanış ol, filan-filan kitabları oxu, filan səpkidə bir pyes yaz” deməyiblər. Mən öz axtarışlarımla, öz təcrübələrimlə dramaturgiyanın çöküşü dövründə 3 iri həcmli və tarixi, 2 mono, 1 kiçikhəcmli, 6 ədəd müxtəlif mövzulu və irihəcmli pyes yazmışam. Üstəlik, Avropa teatrı görmüşəm, Berlin İncəsənət Universitetində 3 günlük master-klas keçmişəm. Məni ora dövlət göndərməyib. Almanlar bir pyesimi oxuyub və öz hesablarına məni oraya aparıb, dəstək olublar. Amma sonra bu cəhənnəmə qayıtmışam və indiyəcən hər an yanmaqdayam.
2018-ci ilin qalanı boşdur. Sadəcə boşdur. Ayaqda qalmaq, həyata tutunmaq üçün kiçik biznes məsələləri ilə baş qarışdırıb, vaxt tapdıqca bədii yaradıcılıqla məşğul olmuşam. Vəssalam.
Əlbəttə, bütün bunlar boyunca mənim depressiyalarım, aqressiv davranışlarım, kəskin nevrotik spazmalarım, hallusinasiyalarım, kabuslarım, sinir sancılarım hər gün biraz da artıb. Bəzən üç gün ard-arda üstümə təcili yardım gəlib, sakitləşdirici vurub, yuxuya verib və gediblər. Ölkə mədəniyyətinin rəzil durumunda bir mədəniyyət adamı kimi hər gün ölüm-dirim savaşı verə-verə yaşamışam.
2019-cu il də elə bu cür boş və mənasız keçib. İstədiklərimi etməyim üçün, yaratdıqlarımı təqdim etməyim, bacarıqlarımı sərgiləməyim üçün mənə heç bir səhnə verilməyib bu ölkədə. Mən əmin olardım ki, istedadsız, biliksiz və bacarıqsızam, ona görə də heç bir səhnədə yer almıram. Amma bir sual məni bu gümandan yayındırır: axı heç kim, heç bir səhnədə mənim nələr bacardığıma baxmayıb, yoxlamayıb.
2019-cu ilin sonunda yenidən Türkiyəyə getdim. İki ay bir evə qapılıb türk dilində danışaraq, türkcə əsərlər oxuyaraq, türk dili biliyimi zənginləşdirib türkcə bir kitab yazdım. Bu kitabın çapı, yayımı və reklamı üçün ciddi bir məbləğə ehtiyacım oldu. O məbləği əldə edə bilmədiyimdən Azərbaycana qayıtdım.
Bura qayıtdıqdan sonra yenidən ağılalmaz bir dəhşətlə üzləşdim. 72 yaşlı nənəm (atamın anası) şəkər xəstəsidir. Üstəlik, genetik problemimiz olan diabetdən bibim də 30 ildir ki, əziyyət çəkir. Lerik Rayon Mərkəzi Xəstəxanası isə onlara dövlətin təmənnasız təmin etdiyi insülini verməkdən yayınır. Orada çalışan özbaşına və qudurğan bir həkim – Həndəm adlı endirkrinoloq yaşlı və taqətdən düşmüş qocaman qadının və bir böyrəyi olmayan yataq xəstəsinin hər ay 30 kilometr yolu – Lerikin narahat dolanbacları ilə xəstəxanaya gəlib dərmanları götürməsini tələb edir. Mən bununla bağlı həmin xəstəxanada böyük bir əsəb yaşadım. Qudurğan və qaniçən dəstənin özbaşınalığı ilə bağlı hara zəng etdimsə, buna baxan, məhəl qoyan olmadı. Səhiyyə Nazirliyi də, Prezident Adminstrasiyası da şikayətlərimi cavabsız qoydu. Mən isə günlərdir dərmanları verilməyən iki yataq xəstəsinə insulin çatdırmalı idim. Səbrimin hüdudunda həkimin otağına girib hirsimi soyutmaq üçün ülgüclə öz biləyimi doğradım.
İşə polis qarışdı. Lerik rayon prokurorluğu məsələni araşdıracağını və problemi həll edəcəyini bildirdi. Mən bununla bağlı Lerik Rayon Mərkəzi Xəstəxanasından, endikrinoloq Həndəmdən, məni güya həkimə hücum çəkməkdə günahlandıran Mübariz Ağayevdən, bütün bu qudurğan dəstənin başında duran deputat İqbal Məmmədovdan həm Daxili İşlər Nazirliyinə, həm Baş Prokurorluğa, həm Prezident Adminstrasiyasına, həm də İnsan Hüquqları üzrə Müvəkkilə müraciət məktubu ünvanladım. İşin bu yerə çatmasına rəğmən, nəticəyə dair zənniniz varmı?
Müraciət etdiyim qurumlardan heç bir cavab gəlmədi. Lerik rayon prokurorluğu da vədinə əməl etmədi. Həmin Həndəm adlı həkim öz otağının pərdəsini, kreslosunun üzlüyünü cırıb-dağıdıb ki, güya mən ona hücum çəkmişəm və zərər vermişəm. Çox güman ki, bu məsləhəti ona Mübariz Ağayev, İqbal Məmmədov və prokurorluq əməkdaşları veriblər. Bu qatil həkimlə bağlı heç bir dövlət qurumu ölçü götürmədi və əlbir olub məni günahkar çıxarmağa çalışdılar. Lakin ən birinci o varlığı məchul müqəddəs, daha sonra da məni tanıyan hər kəs bilir ki, səbimin hüdudlarına çatanda mən bədbəxt təkcə özümə zərər verə bilirəm. Əgər başqalarına zərər verə bilsəydim, indiyə qədər bütün arzularıma, ümidlərimə, gəncliyimə, sənət sevgimə qənim kəsilmiş bu qəddar rejimə, mədəniyyətin üzərindəki qudurğan məmurlara, təhsilimi əlimdən alan rüşvətxorlara bir zərər verər, ən azından sakitlik tapar və ağlımı itirməzdim.
Vaxtınızı çox aldım. Səbrinizi yordum. Üzr istəyirəm. Ümumiləşdirib son sözlərimi demək istəyirəm. Demək istəyirəm ki, mən bütün sevdiklərimin bu rejimin zülmünə necə qurban getdiyini görə-görə ağlımı itirmişəm.
Atam Moskvada mühəndislik təhsili alıb. Kompüter və məişət texnologiyalarını dərindən bilir. İnşaat mühəndisliyi üzrə peşəkar kadrdır. İş üçün hara müraciət edibsə, rüşvət istəyiblər. Ya da rüşvət alacağını əsas şərt kimi qoyublar və o, razı olmayıb deyə, indi 30 ildir ki, daş karxanasında işləyir.
Atamın anası müəllimədir. Lənkəranda doğulub və böyüyüb. Lerikdə qız uşaqlarını məktəbə göndərməyiblər o dönəmlərdə. Məktəblərdə qadın müəllim olmadığı üçün qızlarını kişilərin arasına göndərmək istəməyiblər. Nənəm də pedoqoji məktəbi bitirəndən sonra Lerikə öz ərizəsi ilə istəyib təyinatını. Kənd-kənd müəllimə işləyib və qızların məktəbə gəlməsi, təhsil alması üçün çalışıb. İndi bu rejimin kürsü verdiyi qudurğanlar, qaniçənlər onu 72 yaşında, xəstə vəziyyətində hər ay 30 kilometr yolu xəstəxanaya gəlib insulin götürməyə məcbur edirlər.
Bibim 30 ildir ki, şəkər xəstəsidir. Bir böyrəyi şəkərdən çürüdüyü üçün çıxarılıb. İki övladı var. Tez-tez şəkər komasına girir və ölkənin rüşvətə qərq olmuş səhiyyəsinə görə vaxtı-vaxtında müalicəsini ala bilmir. Üstəlik, o da hər ay 30 kilometr yolu rayon xəstəxanasına gedib yaşamaq üçün möhtac olduğu insulini götürməyə məcburdur.
Əmimoğlu səhhətindəki ciddi problemlərlə hərbi xidmətə yararsız olduğu halda, Lerik Hərbi Kamissarlığına rüşvət vermədiyi üçün səhhətindəki problemlərə rəğmən, onu hərbi xidmətə gönədərdilər. İndi anası, atası hər gün övladının başına bir iş gələcəyi narahatlığı ilə yaşayır. Bu, yanlış anlaşılmasın. Mənim qardaşım cəbhədə xidmət edib. Yəni yararlı ola-ola hərbi xidmətdən yayınmaq nəslimizin heç bir fərdində olmayıb.
Bunlar mənim tanıdığım, bildiyim, əmin olduqlarımdır. Ölkədə bu şəkildə haqsızlıqlara, ədalətsizliklərə, qəddarlıqlara tuş gələn milyonlarla insan var. Hər gün mediadan, sosial şəbəkələrdən neçəsini görürük, öyrənirik, şahid oluruq. Mən təkcə qan qohumum olan bu şəxslər üçün deyil, onların hamısı üçün narahatam. Hər dəfə bu dərin rüşvət və özbaşınalıq çirkabına, qudurğanlıq və tamahkarlıq rəzalətinə qurban gedən şəxslər haqqında eşidəndə sarsılıram, məhv oluram.
Və mən özüm… Sizə ilbəil yaşadıqlarımı nəql etdim. İndi 26 yaşım var. Boş yaşamışam desəm, yalan olar. 4 kitabım çap olunub, imzam tanınır və Avropa səhnəsinə qədər gediba adım. Şeirlərim, hekayələrim, publisistik yazılarım oxunur, sevilir. Poeziyam ədəbiyyat fakültələrinin magistr tələbələrinə tədris olunur. Dram əsərim Almaniyada çap olunan Dramaturgiya Antologiyasına daxil edilib. Və irili-xırdalı başqa uğurlarım da olub. Amma bunların heç birini mənə Azərbaycan dövləti qazandırmayıb. Hamısını dişimlə-dırnağımla, min bir məşəqqətlə, əsəblərimi, sağlamlığımı qurban verə-verə qazanmışam.
Nəticədə, rüşvət vermədiyim üçün ən təbii haqqımdan – təhsil hüququmdan məhrum olmuşam. Nəticədə, haqqı dediyim üçün, ədalət istədiyim üçün polis bölmələrində mühakimə olunmuşam, məni 14 yaşlı bacımla hədələyiblər. Nəticədə, zülmə etiraz etdiyim üçün teatrların, telekanalların qara siyahısına salınmışam. Nəticədə, televerilişlərdə, teatr tamaşalarında, seriallarda şeirlərimdən istifadə ediblər, adımı çəkməyiblər. Nəticədə, bütün mədəni tədbirlərdən, festivallardan uzaq tutulmuşam. Nəticədə, uğruna gəncliyimi fəda etdiyim teatrı özünün pul və titul vasitəsinə çevirmiş satqınların sayəsində ən böyük sevgimdən ayrı düşmüşəm.
Məni təkcə bu rejim və onun kölələrimi incidib? Məni təkcə onlarmı anlamayıb? Xeyr. Onların zülmünə və əsarətinə sakitcə boyun əyən kütlə də məni heç vaxt anlamayıb. Qız Qalasında lüt şəkil çəkdirən avropalını söyənlərə “onun lüt bədəni bir yana, onun fikri və ruhu qədər azad olun” dedim, mənə əxlaqsız dedilər. “Müharibə ermənilər və azərbaycanlılar arasında deyil, Ermənistanla Azərbaycan arasndadır, siyasətçilər bundan istifadə edib öz kürsülərini qorumağa çalışır və xalqlar bu həqiqəti anlayıb siyasətçilərə qarşı birləşmədikcə, cəbhədən hər gün bir meyit gələcək” dedim, mənə vətən xaini dedilər. “Qaş almaqla, saç uzatmaqla, prisinqlə, tatu ilə, açıq-saçıq geyimlə şəxsiyyət ölçülmür, hər qiyafədə vicdanlı və ləyaqətli, bilikli və bacarıqlı insan var, şəxsiyyət olmaq üçün çalışmaq lazımdır, açıq geyinmək də olar” dedim, mənə pozğun, tərbiyəsiz dedilər. “Zeynəb Xanlarova uşaq pulunu kəsdirməyib, pensiya yaşını artırmayıb, bu, özbaşına məmurların ona atdığı böhtandır” dedim, mənə satılmış dedilər.
İndi əllərim, ayaqlarım əsə-əsə, nitqim kəkələyə-kələyə, gözümə əcaib varlıqlar görünə-görünə, yuxularıma kabuslar qənim kəsilə-kəsilə, başım gicəllənə-gicəllənə, ürəyim bulana-bulana həkimə gedirəm, “niyə bu hala düşmüsən?” deyir. Divar yumruqlayıram, barmaqlarımı dişləyirəm, saçımı yoluram, qab-qaşıq sındırıram, dostlarım belə, “sənə nə olub?” sualını verir.
Mənə nə olmayıb ki? Uğruna dünyanı qarşıma almağa hazır olduğum sevgimi – təhsilimi və peşəmi məndən alıblar. Hər şeydən müqəddəs sandığım teatrı məndən alıblar. Azad yaradıcılığımı və yaratdıqlarımın nümayiş səhnəsini məndən alıblar. Sevdamı, eşqimi, məhəbbətimi məndən alıblar. Yəni ki, Məcnundan Leylini alanda ona nə oldusa, mənə də o olub. İndi gətirib onu mənə versələr də istəmərəm. Çünki bu mühitdə o Leylini ləkələyiblər.
Psixatriya Xəstəxanasına yatırmaq istəyirdilər. Birtəhər boyun qaçırdım. Qurtuldum. Mən o nəm qoxulu əşyasız otaqlarda divarları cırmaqlaya-cırmaqlaya ölmək istəmirəm. Mən indi nə edəcəyimi bilmirəm. Mən dəli olmadım ki, onlar məni min bir məşəqqətlə dəli elədilər. Bugünkülər də, gələcəkdəkilər də bilsin, dövrün qəddar hakimiyyəti, onun rəzil siyasəti, qaniçən və quldur dəstəsi məndən hər şeyi aldı, məni zəlil elədi. Heç kəs də səsini çıxarmadı. Amma bilinsin ki, üstümə od töküb yansam, öz ətimi öz əllərimlə didim-didim didsəm, günahkarı 2010-2020 illərdəki Azərbaycan hakimiyyəti və qaniçən qulluqlçularıdır. Mənim dişim başıma, əlim bədənimə neştər kimi hazır dayanıb. Hələ ki, hirsimi soyutmağın başqa yolunu tapmamışam.
Səndən də çox incimişəm, Tanrım! Bu boyda səhv etməməli idin. Ruhum bədənimə, fikrim mühitimə, məqsədim dövlətimə uyğun gəlmirdisə, məni bu xarabalığa hansı ağılla göndərmisən? Gücüm sənə çatır! Məni bağışla, İlahi!
Orxan Bahadırsoy
Edebince.az