Əliyevlər Aprel şəhidlərini unudublar, xalq isə yox. Koronavirus pandemiyası dövründə şəhid ailələrinə veriləcək birdəfəlik yardımla bağlı narazılıqlar davam edir. Demək olar, hər gün, hər həftə şəhid ailələri müxtəlif dövlət qurumları qarşısında aksiya keçirir. İki aydan artıqdır onlar üz tutduqları dövlət idarələrindən normal cavab ala bilmir, əvəzində təzyiqlə üzləşirlər.
Bütün bunlar niyə baş verir? Şəhid ailələrini aksiyalar keçirməyə məcbur edən səbəblər necə yaranıb? Bunlar sistemə bağlı problemlərdir. Sadəcə, ötən illərin sənədlərinin birinin qaldırılması yetər ki, saysız cinayətlərin üstü açılsın. Məsələn, şəhidlərlə bağlı fərman elə də uzaq olmayan tarixin sənədlərini vərəqləmək gərəyi yaratdı və Dövlət Sığorta Kommersiya Şirkəti misalında indiki mənzərə ortaya çıxdı. Ən müqəddəs dəyərə – şəhid haqqına əl uzadılmasına (həm də illərlə) şahid olduq. Bu utancverici faktlar qarşısında qalanlar hansısa addım atmaq, kimlərisə cəzalandırmaq əvəzinə, ənənəvi olaraq, müxalifətə hücuma keçdi. Şəhid ailələrinin yanında olan, olmaq istəyən müxalif düşüncəli adamlar, reportaj hazırlayan jurnalistlər yenə “düşmən dəyirmanına su tökənlər” oldu. Əslində, bu aksiyaların bir səbəbkarı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Ötən illər ərzində istər şəhid, istər əlil, istərsə də veteranlarla bağlı çoxsaylı qanun pozuntusunda, onlara çatacaq vəsaitin mənimsənilməsində bu nazirliyin adı keçir. Əli Nağıyev (1996-2006), Füzuli Ələkbərov (2006-2013), Səlim Müslümov (2013-2018) , indi isə Sahil Babayev rəhbərlik edir. Nazirliyə rəhbərliyin 22 ili bu şəxslər arasında bölünüb. Hər üçünün vaxtında rüşvət meydan sulayıb, saxta adlar, əlillik dərəcələri verilib, külli miqdarda dövlət vəsaiti mənimsənilib. Ancaq heç biri buna görə məsuliyyət daşımayıb. Əslində, bugünkü aksiyaların təməli o illərdə qoyulub, sadəcə hər bir etirazın kütləviləşməsinə qığılcım gərək olur. Bu aksiyaların fitilini prezidentin fərmanlarında qoyulmuşdur, ancaq alovlanması koronavirus dövrünə düşdü. Fərman padşahın… qərar məmurundur.
Şəhidlərə ayrılacaq yardımla bağlı aprelin 19-da verilən fərmanın 10-cu bəndində yazılmışdı: “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin”.
Dövlət Sığorta Kommersiya Şirkətinin adı çəkilən qurumlara hansı məlumatları verdiyini bilmirik. Ancaq bu məlumatlar toplanandan, onlarla bağlı qərar veriləndən sonra şəhid ailələrinin aksiyaya başladığını bilirik. Aksiyalar bu hakimiyyətin vaxtında edilən xeyli cinayətin üstünü açdı. Birdəfəlik yardım ayrılmayan ailələrə onların bu yardımı illər öncə, konkret hansısa tarixdə aldığı deyilir. Ancaq bəlli olur ki, ya bu tarix heç iş günü deyilmiş, ya da şəhidə ayrılan yardımı alan adam həmin tarixdən bir neçə il qabaq ölübmüş. Bütün bunların məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkətinin üzərindədir. Maraqlıdır ki, sadalanan faktlarla bağlı hansısa araşdırma aparıldığı haqda informasiyaya da rast gəlməmişik. Heç bu şirkətin ittihamlara cavabını da eşitməmişik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu göndərib aşağıdakı suallara cavab istənilib:
1. Şəhid və itkin ailələrinə veriləcək pulla bağlı sənədlərin toplanması və başqa işlər üçün nazirliklərə verilən vaxt bitib. Prezident fərmanında nəzərdə tutulan birdəfəlik ödəmələr həmin ailələrə nə vaxtdan verilməyə başlanacaq və bu proses necə aparılacaq? Hamıya eyni vaxtda veriləcək, yoxsa ödənişlər regionlar üzrə olacaq?
2. Yardım veriləcək şəhid və itkinlərin sayı nə qədərdir (hər biri ayrı-ayrılıqda)?
3. Ödənişlər, fərmanda nəzərdə tutulduğu kimi, hesablara köçürüləcək, yoxsa nağd şəkildə veriləcək?
4. Yardım alacaq ailələrdən sənədlərini hər hansı səbəbdən vaxtında təqdim etməyənlər varmı? Varsa, bunlarla bağlı qərar necə olacaq?
5. Yardımların alınmasıyla bağlı ailələrdə hər hansı mübahisəli məqam yaranıbmı? Yəni valideynlərlə şəhidin, itkinin həyat yoldaşı, ailə üzvləri arasında mübahisəli məqamlar varsa, onlar necə çözüləcək?
Cavab olmadığından eyni sualları nazirə, müavinlərinə və aparat rəhbərinə yollandı. Hələ də cavab yoxdur.
“Şəhidin haqqı yeyilməz”
Lələtəpə təbliğatından sonra layihələrdə şəhidlər yada düşür. “Lələtəpə keçilməz”, “Apreldə doğan ümidlər”, “Şəhid hərbçilərin tanıdılması”, “Şəhid vətən üçün həmişə yaşar”, Şəhidlər ölməz – Vətən bölünməz”, “Aprel səlnaməsi”(eləcə səlnamə yazılıb), “Şəhidlər unudulmur”, “Vətən unutmayır qəhrəmanları”, “Şəhid ucalığı”, “Torpaq, uğrunda ölən varsa, Vətəndir” və bunlara oxşar başqa adla təqdim olunan layihələr, əsasən, 2017 və 2018-ci illərə düşür. İndi isə onlar unudulub. Şəhid ailələrinin şüarlarından biri də “Şəhidlərin haqqı yeyilməz”dir. Göründüyü kimi, ötən illər ərzində təkcə sığorta pulunu yeməklə yetərlənməyiblər, üstündə bolluca su da içiblər…