
Bəxtiyar Hacıyev
Yeni döyüşlər başlamamış bunu da yazım. Özünə hörmət edən, zərrə qədər ədalət hissi olan şəxslər, rəy liderləri, ziyalılar, ictimai təşkilatlar və ən əsası siyasi partiyalar 14 iyul gecəsi Bakıda Qarabağla bağlı, ordumuza dəstək məqsədli toplaşmaya görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) onlarla üzvünün şərlənərək həbs edilməsinə etiraz etməlidirlər.
Hamı, o cümlədən, o şəxsləri şərləyib, həbs etdirənlər çox gözəl bilirlər ki, Milli Məclisin binasına girmək əmri verənlər də başqalarıdır, girənlər də başqalarıdır, təxribatçılar da. Videoları var, həbs də olunurlar əsl təxribatçılar.
Ancaq belə bir ağır, həssas məqamda, əsl təxribatçıların arasına AXCP üzvlərini də qatıb, Qarabağ mövzusundan da siyasi rəqibləri şərləmək üçün istifadə etmək ayıb, utancverici, çox ədalətsiz, haqsız addımdır və nə ölkəyə, nə hakimiyyətə müsbət bir şey verməyəcək.
Tofiq Yaqublu, Babək Həsənov kimi Qarabağ qazilərinin iki dəfə şərlənib, həbs edilməsi bəs deyilmiş kimi, indi də Asif Yusifli başda olmaqla bir çox günahsız insan şərlənib, koronavirusun tüğyan elədiyi vaxtda ailələrindən ayrılıb, həbsxanalara göndərilirlər.
Bu yanlış yol, daxili düşmənçilik, siyasi rəqibə düşmən kimi yanaşmaq yalnız hakimiyyətin zəifliyini göstərir. Ən qısa zamanda bu böyük səhv düzəldilməlidir.