
Milli Şuranın sədri Cəmil Həsənli
Son 10 gündə Xalq Cəbhəsinə qarşı tüğyan edən repressiyalar bilavasitə İlham Əliyevin seriya nifrət çıxışları ilə bağlıdır. Adam açıq şəkildə bəyan edib ki, müxalifətə qarşı mübarizə də bu “son döyüş” olacaq. DİN, Baş Prokurorluq, DTX, Vəkillər Kollegiyası və Məhkəmə orqanları da hər şeyi onun dediyi “son döyüşə” uyğunlaşdırır. Bilirəm İlham Əliyevin çıxışlarını oxumağa həvəsli deyilsiniz. Onun şəhid ailələri ilə görüş zamanı etdiyi çıxışdan bəzi seçmələri Sizə təqdim edirəm. Ümid edirəm bu seçmələr Xalq Cəbhəsinə qarşı davam edən azğın repressiyalın əsl mənasını anlamaqda çoxlarına kömək edəcək.
“Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə “şad xəbər” verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq, lazımi sayda, həcmdə silah ala bilməyəcəyik. Özü də bu gün artıq dünya silah bazarı çox bahalı bir sahədir və hər bir silahın alınması çox böyük vəsait tələb edir, xüsusilə müasir dövrdə. Bu gün, əgər belə demək mümkündürsə, ağıllı silahlar üstünlüyü təmin edir. O silahlar ki, onların qiyməti çox bahadır və biz onları alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları ala biləcəyikmi? Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər. Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, – müxalifətçilik dövlətə qarşı ola bilməz, – mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik.
Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim.
Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar – onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar.
Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər.”