Cəngəllik qaydalarına son!

AXCP sədri Əli Kərimli növbəti dəfə səhifəsinin admin heyəti vasitəsilə hakimiyyətin yürütdüyü son repressiyalara münasibət bildirib.
Qarabağ mitinqinə görə həbs olunmuş AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevə dəhşətli işgəncələrin verilməsi haqda məlumat yayılıb. Məlumata görə, əqidə dostlarımız işgəncə zamanı elə xəsarətlər alıblar ki, hətta Kürdəxanı təcridxanası da onları qəbul etməkdən imtina edib. Bu məlumatın doğru olmamasını ən çox bizlər – Ayaz bəyin və Ramid bəyin dostları istəyirik. Ancaq həbs olunduqları 4-5 gün ərzində AXCP funksionerlərinin yanına vəkil buraxılmaması və bu iş üzrə həbs olunmuş AXCP üzvü Elvin Məmmədova da ağır işgəncələrin verilməsi bu məlumatın doğruluğuna inam yaradır.
İşgəncə insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədənlər kim olur olsun bir gün mütləq haqq etdikləri cəzanı alacaq. Bu gün isə demokratik ictimaiyyət olaraq vəkillərinin və Qırmızı Xaç səlahiyyətlilərinin təcili səkildə Ayaz bəy və Ramid bəylə görüşünü, ehtiyac olarsa onlara tibbi yardım göstərilməsini hamılıqla tələb etməliyik.