
Rövşən Hacıbəyli
Bu gecə Şuşaya getmişdim. Ömrümdə cəmi bircə yol olduğum Şuşaya. Heç vaxt yuxuma girməyən, həm də gördüyüm yox, görmədiyim, dağılmış, xaraba qoyulmuş, ancaq işğaldan qurtarılmış Şuşaya getmişdim. Tək deyildim, o vaxt olduğu kimi, dostlarla getmişik, ancaq kimlərlə getdiyim yadımda qalmayıb. Heç necə, hansı yolla getdiyimiz də yoxdur yuxuda…
Dağıdılmış şəhərdə gəzirdik, Hikmət də ordaydı – tələbə yoldaşım, iş yoldaşım, dostum Hikmət Sabiroğlu. Sir-sifəti yadımda deyil, ovaxtkı gənc Hikmət idi, yoxsa indiki, yurdu yağmalanmış, evi dağıdılmış, qaçqınçılıq əzablarını yaşamış və… yurduna qayıdan Hikmət. İşğaldan sonra Şuşaya onun da ilk səfəriydi… Şəhərdə kimsə gözə dəymir, sanki bizim dəstədən başqa heç kəs yoxdur. Təkcə bizim dəstə… Hamı ora-bura vurnuxur. Hikmətdən evlərinin yerini göstərməsini istəyirəm və cavab gözləmədən də yadımda qalanı deyirəm, yənu öz aləmimdə qalalıya evinin yerini nişan verirəm:
- Mərkəzdə avtobusdan düşəndən sonra üzüaşağı bir az gedirsən, qabaqda, yolun sağında olmalıdı,- deyirəm.
- Yox, yolun solundadır, – Hikmət deyir.
Gedib çatırıq, ancaq mənə elə gəlir ki, yolun sağını, dağılmış bir yeri göstərib kədərli-kədərli deyir: - Bura bizim evimizdir. Bax, siz burda, balkonda dayanmışdız.
Özülünə qədər dağılmış evin yerini göstərir. Mən də özümü buraları dəqiq tanıyan biri kimi göstərərək təsdiqləyirəm: - Şəkil də çəkdim, evdə var, tapıb göstərərəm, – deyirəm.
Bunu da o mənada deyirəm ki, guya həmin şəklə baxıb evi ona uyğun tikərlər. Həm də təskinlik olar, düşünürəm. (Yuxudan ayılandan sonra xatırlayıram ki, biz ora 29 il qabaq Hikmətin atasının yasına getmişdik, mağarda bir qədər oturub geri qayıtmışdıq. Deyəsən, evə girməmişdik. Heç fotoaparatımız da olmayıb).
Həyəti, bağçanı göstərməsini istəyirəm. Göstərir. Burda da hər yer dağıntıdır, daş, taxta, ağac qırıqları, şifer parçaları… heç salamat ağac da yoxdur. - Buraları təmizləyib pomidor əkərik,- bağçanın bir tərəfini göstərib deyirəm (Şuşada niyə pomidor əkmək fikrinə düşdüyümü yuxudan ayılandan sonra da anlaya bilmirəm).
Dağılmamış evlər də var, çöldən salamat görünür, ancaq çoxunun qapı-pəncərəsi, döşəməsi, tavanı belə yoxdur. Bəzisinin içi yandırılıb. Axşama kimi gəzib- dolaşırıq, ac-susuz, ancaq heç yemək yadımıza düşmür, sanki Şuşanın havasından doymuşuq… Getmək zamanı gəlir. Hikməti axtarıb tapıram. Getmək istəmir. - Mən qalıram, – deyir.
- Harda qalacaqsan? İşıq yox, ev yox.
- Aşağıda post var, Rövşəngil ordadı, onlarla qalacam.
Heç bilmirəm burda Hikmətin Rövşən adlı dostu, qohumu varmı. O göstərdiyi yerdə post olub-olmadığını da bilmirəm. Ancaq onun qalmasıyla razılaşırıq. O qalır, bizsə qayıdırıq…
8 dekabr 2020