
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
“Atletlər kəndi”ndəki evlər evsiz Şəhid ailələrinə verilsin və “Şəhidlər kəndi” adlandırılsın.
Müharibə başa çatsa da, müharibə ilə bağlı işlər hələ uzun dönəmdə davam edəcək.
İlk növbədə müharibə qurbanlarının, Şəhidlərin ailələrinə, yaralanmış və sağlamlığını itirmiş qazi ailələrinə qayğı, onların maddi təminatı dövlətin diqqətində olmalıdır.
Həyatını Vətən üçün verən Şəhidlərin ailələrinə dövlət atalıq etməli, qayğısını üstlənməli, onlar kommunal ödənişlərdən azad olunmalı, təhsil, səhiyyə xidmətlərində güzəştlər əldə etməlidirlər. Bu iş 300 manatla yola veriləsi məsələ deyil. İlkin olaraq təklif edirik ki, Koroğlu metrosu yaxınlığındakı “Atletlər kəndi” kimi tanınan ərazidəki evlər, evsiz və şəraitsiz evlərdə yaşayan Şəhid ailələrinə verilsin və “Şəhidlər kəndi” adlandırılsın. Buna onların tam haqqı çatır.
Eləcə də sağlamlığını itirmiş qazilərlə bağlı da xüsusi dövlət proqramı qəbul edilməli, onların normal maddi təminatı üçün 210 – 250 manat deyil, bir neçə dəfə artıq müavinət ayrılmalı və vətənə öz canı, qanı bahasına sahib çıxanlara dövlət də sahib çıxmalıdır.
Bu bir vəfa borcudur.