
Müdafiə Xətti AXCP üzvü Niyaməddin Əhmədova qarşı irəli sürülmüş ittihamları onun siyasi baxışları və fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyan siyasi sifariş hesab edir.
N.Əhmədov müxalif AXCP-nin fəal üzvlərindəndir və qanunsuz həbsinədək AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi kimi çalışırdı. Baş Prokurorluğun İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1-ci (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama), 28.281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə təqsirləndirərək məhkəməyə verib. Bakı Ağır Cinayətlər Məhkəməsi bu qurama ittihamlar əsasında məhkəmə baxışına başlayıb.
Niyaməddin Əhmədovu 15 aprel 2020-ci il tarixdə yaşadığı mənzildən çıxarkən polislər saxlayıb, Xətai Rayon Polis Şöbəsinin-nin 34-cü Polis Bölməsinə aparıblar. Müəyyən edilmiş qaydada evdənçıxma icazəsi almasına baxmayaraq, PB-də onu İXM-nin 211.1-ci maddəsi əsasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasında günahlandırıblar. Bu maddədən epidemiya zamanı qanunsuz həbsə atılan siyasi rəqiblərə qarşı bol-bol istifadə ediblər. Bununla yanaşı Niyaməddin Əhmədova müxalif fəallara qarşı daim istifadə etdikləri başqa bir maddə, İXM-in 535.1-ci-maddəsini də (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) yamayıblar. Xətai Rayon Məhkəməsi bu saxta ittihamlarla N. Əhmədovun 30 sutka həbs edilməsi qərarı çıxarıb.
Müdafiə Xəttinin əldə etdiyi məlumata əsasən 28 aprel 2020-ci il tarixdə həbsdə saxlandığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində N.Əhmədovun başına torba salınaraq naməlum ünvana aparıblar. N. Əhmədovun yaxınlarına ötürdüyü məlumatlardan bəlli olub ki, onu tanımadığı yerə apararaq nalayiq ifadələrlə müşayiət olunan işgəncələrə məruz qoyublar, tələb ediblər ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Həmin gün gecə onu yenidən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin təkadamlıq kamerasına qaytarıblar. 15 aprel 2020-ci ildən, yəni həbsə atıldığı andan başlayaraq N.Əhmədovu inkommunikado durumda saxlayıblar, hər hansı kənar ünsiyyətdən, yaxınları və istədiyi vəkili ilə əlaqələrdən məhrum ediblər.
Müdafiə Xəttinin əldə etdiyi məlumata əsasən 18 may 2020-ci il tarixdə Niyaməddin Əhmədova qarşı yeni saxta ittihamlar irəli sürməyə başlayıblar. 30 sutkalıq inzibati həbsin ardınca yeni ağır cinayət ittihamlarının irəli sürülməsi təcrübəsindən də müxalif siyasi fəallara qarşı dəfələrlə istifadə edilib. Bu üsuldan ipə-sapa yatmayan, hədə-qorxulara baxmayaraq, öz partiya və partiyadaşlarına qarşı çıxmaq barədə qanunsuz tələbləri yerinə yetirməkdən imtina edən siyasi fəallara qarşı istifadə edirlər. Niyaməddin Əhmədova qarşı bu ağır saxta ittihamların irəli sürülməsinin, təqiblərin daha amansız və sərt hal almasının səbəbi ondan AXCP sədrinə qarşı təzyiq kimi istifadə etmək məqsədi daşıyır.
N.Əhmədova qarşı növbəti qurama ittihamlar Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1-ci (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə verildi. Bu növbəti saxta ittihamlara əsaslanaraq Nəsimi Rayon Məhkəməsinin sifarişli qərarı ilə o, 4 aylıq məhkəməyəqədər həbs edildi. Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində olduğu kimi köçürüldüyü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında da N. Əhmədovun incommunicado durumunda saxlanması davam etdirildi. Adətən belə ciddi hüquq pozuntuları daha yuxarı səviyyədə verilmiş tapşırıqlar əsasında həyata keçirilir. Penitensiar Xidmət də qanunsuz olaraq onu uzun müddət yaxınları ilə birbaşa və ya telefon vasitəsilə ünsiyyətdə olmaq hüququndan məhrum etdi.
Müdafiə Xətti qeyd edir ki, Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilən cinayət işi mötəbər dəlillərə-məlumatlara, sənədlərə, əşyalara əsaslanmayıb. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarında şübhə doğurmayıb ki, N.Əhmədova qarşı irəli sürülən ittihamlar siyasi yüklüdür.
Müdafiə Xətti Niyaməddin Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqını narahatçılıqla izləyir. Bu işin ciddi siyasi sifariş olduğu səbəbindən məhkəmə istintaqı obyektiv, qərəzsiz, ədalətli aparılacağına ümidlər azdır. Bugünkü müşahidələrə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilmir, təqsirləndirilən şəxsin və müdafiəçinin haqlı vəsatətləri təmin olunmur.
Müdafiə Xətti Azərbaycan hökumətinə, xüsusilə onun hüquq siyasətinə məsul olan vəzifəli şəxslərinə çağırış edir ki, N. Əhmədova qarşı siyasi təqiblərə son qoysunlar, cinayət qanunundan, məhkəmə və prokurorluq orqanlarından siyasi rəqiblərə qarşı dəyənək kimi istifadə etmək təcrübəsindən imtina etsinlər.
Müdafiə Xətti hər hansı ictimai təhlükəli, təqsirli, qeyri-hüquqi əməl sahibi olmadığına görə Niyaməddin Əhmədovun dərhal azad edilməsini, ona qarşı işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranışlar tətbiq edən səlahiyyət sahiblərinin müəyyən edilərək qanunauyğun surətdə cəzalandırılmasını tələb edir.