
2020-ci ilin iyulunda orduya dəstək yürüşündə yaşananlara görə məsuliyyətə cəlb olunmuş qeyri-siyasi təqsirləndirilənlər deyir ki, onlardan AXCP rəhbərliyinə daxil olan şəxslərin əleyhinə ifadə almaq istəyirdilər. Onlar bu barədə martın 4-də məhkəmə danışıblar.
Bu cinayət işi üzrə 36 nəfər təqsirləndirilən şəxsin işi üç qrupa bölünüb. Hər qrupda 12 nəfər mühakimə olunur. Onların işinə Səbail rayon Məhkəməsinin sədri baxır.
Təqsirləndirilən şəxslər arasında 15 nəfər AXCP fəalı, Müsəlman Birliyi Hərəkatının iki üzvü, Naxçıvanın daxili işlər nazirinin keçmiş müavini də var.
“Adlar çəkirdilər”
Martın 4-də məhkəməsi keçirilən 12 nəfərlik qrupa AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim və Bəxtiyar İmanov da daxildir. Cinayət işinin materiallarında onlar yürüşdə baş verən iğtişaşların təşkilatçısı kimi təqdim olunur. İddia edilir ki, yürüşdə iğtişaşlar ideyası Almaniyada yaşayan Qabil Məmmədov, onun həyat yoldaşı Aytən Ramazanovadan gəlib. AXCP funksionerləri də bu ideyanı öz təlimatlarıyla gerçəkləşdirib.
Siyasi mənsubiyyəti olmayan təqsirləndirilən şəxslərdən 6-sı məhkəmədə dindirilərkən bildirib ki, istintaq zamanı onlardan bu haqda ifadə almağa cəhd göstərilib. Deməliydilər ki, AXCP rəhbərliyi onlara yürüşdə iştirak edib, təxribatlar törətmək (Milli Məclisin binasına daxil olmaq, polis maşınını aşırmaq və s.) haqda təlimat verib. Onlar bu ifadələrdən ötrü işgəncələrə məruz qaldıqlarını bildiriblər. Hətta biri deyib ki, bədəninə cərəyan verilib: “Adlar çəkirdilər ki, onlardan göstəriş aldığımızı deyək, biz də heç o adamları tanımırdıq”.
“Çünki bu hökuməti yaxşı tanıyırıq”
AXCP Rəyasət Heyəti üzvlərindən Ayaz Məhərrəmli və Məmməd İbrahim ifadə verib. Onlar yürüşdə iştirak etmədiklərini, partiyanın yürüşdə iştirakla bağlı nə bir qərarı olduğunu, nə də kiməsə göstəriş verildiyini deyiblər. Əksinə, yürüş başlayandan sonra öz aralarındakı daxili müzakirələrdə Rəyasət Heyətinin üzvlərindən bir neçəsi cəbhəçilərin bu yürüşdə iştirakının əleyhinə olub.
“Şəxsən mən əleyhinə olmuşam. Hadisədən sonra da bəzi üzvlərimizin yürüşdə iştirakıyla əlaqədar demişəm ki, nahaq getdilər. Öz aramızdakı qrupun yazışmalarını istintaq ələ keçirib, orada da var. Çünki bu hökuməti yaxşı tanıyırıq, fikirləşirdik ki, xalqın öz təşəbbüsüylə keçirdiyi aksiyaya başqa ad qoya bilər. Özüm də həmin gün, ümumiyyətlə, evdən çıxmamışam”, – İbrahim belə deyib.
Məhərrəmli bildirib ki, iyul ayında hər gün 2 saatlıq SMS-icazə ilə ailə üzvləri ilə bulvarda gəzib, evə qayıdırdı. Həmin gün də eyni cür davranıb. O, dediklərinin yoxlanması üçün həmin günlərdə telefonunun anten dairələri ilə bağlı araşdırma aparılmasını təklif edib.
Azadlıq radiosu