
AXCP sədri Əli Kərimli
Müsəlman Birliyi Hərəkatının sədri, Milli Şura üzvü, siyasi məhbus Tale Bağırzadəni ad günü münasibətilə ürəkdən təbrik edirəm. Tale bəy 2015-ci ildə “Nardaran işi” üzrə şərlənərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq rejim Tale bəyi “Nardaran işinə” qədər də 2011 və 2013- cü illərdə 2 dəfə şərləyib həbs etdirmişdi. Beləliklə, Tale Bağırzadə artıq 11-ci ad gününü məhbəsdə keçirdir. Tale bəyin 4 övladından üçü o həbsdə olan zaman dünyaya gəlib.
Tale bəylə Nardaran məhkəməsində tanış olmuşam. Təəssüf ki, o vaxta qədər münasibətlərimiz olmayıb. Buna baxmayaraq, Tale bəy “Nardaran işi” üzrə həbs olunanda rejimin cəlladları ona ağlagəlməz işgəncələr vermişdi ki, Milli Şura sədri, hörmətli Cəmil Həsənliyə, mənə və özünə qarşı yalan ifadə versin, nardaranlıları məhz bizim “silahlandırdığımızı” desin. Tale bəy o dəhşətli işgəncələrə ləyaqətlə dözüb, bizi və özünü şərləməyə razı olmayıb.
Ümumiyyətlə, Tale bəy çox iradəli, cəsarətli, əqidəsinə sadiq bir şəxsiyyətdir. Onun Azərbaycana, dövlətimizin maraqlarına sədaqətinə şübhə etmək mümkün deyil. Ancaq rejim ona qarşı çox haqsız və qəddar davranır. Tale bəyə qarşı o qədər çirkin təbliğat aparıblar, ünvanına o qədər şər deyiblər ki, hətta biz “Nardaran işi” üzrə onun və əqidədaşlarının şərləndiyini bəyan etdiyimiz ilk günlərdə bizim bu mövqeni tənqid edənlər də az olmadı. Şükürlər olsun ki, zaman məsələləri yerbəyer etdi. Aparılan mübarizə, görülən işlər bəhrə verdi. Artıq xeyli müddətdir ki,Tale bəy və dostlarını bütün dünya siyasi məhbus kimi tanıyır. Məhz buna görə “Nardaran məhbuslarının” əksəriyyəti artıq azadlığına qovuşub.
Azadlıq Tale bəy və onun hələ də həbsdə qalan dostlarının da haqqıdır. Ermənistanın demokratik nailiyyətlərini gedərək artırdığı bir vaxtda Azərbaycan hakimiyyəti də öz anti-demokratik, qisasçı, repressiv siyasətindən imtina etməlidir. Tale Bağırzadə və bütün siyasi məhbuslar azadlığına qovuşmalıdır.
Tale bəyi ad günü münasibətilə bir daha təbrik edirəm. Ona möhkəm can sağlığı, azadlıq və xoşbəxtlik arzulayıram.