
AXCP sədri Əli Kərimli
İlham Əliyev ola, dövlət büdcəsindən vətəndaşa minnətsiz pul ayrılmasına imkan verə, mümkün deyil. İndi də ön xəttdə – hazırda azad edilmiş ərazilərimizdə xidmət edən hərbçilərimizin maaşına guya “prezident əlavəsi” edilib. Həmin hərbçilərin maaşlarına bu ilin iyulun 1-dən 20-60%-i həddində əlavə ediləcək.
Bəs əslində nə baş verir?
Gerçəkdə baş verən acınacaqlıdır. 2-ci Qarabağ savaşı bitər-bitməz ön cəbhədə xidmət edən hərbçilərimiz hələ atəşkəs illərindən aldıqları ikiqat maaşın 1 qatından (ümumi maaşın 50%-dən) məhrum edildilər.
Ordunun hərbi qələbəsindən öz təbliğatı üçün gen-bol istifadə edən hakimiyyətin igid hərbçilərimizə qarşı bu nankor davranışı ictimai vicdanı narahat etdi. Müxalifətin, vətənpərvər, vicdanlı insanların aylarla davam edən kampaniyası ilkin nəticəsini mart ayında verdi. Hərbçilərimizin az bir hissəsinin – birbaşa təmas xəttində xidmət edənlərin maaşı 100% artırılaraq, savaşdan əvvəlki səviyyəyə çatdı. Ancaq əksəriyyətin – hazırda azad edilmiş ərazilərdə, yəni həm də minaların arasında xidmət edən hərbçılırimizin maaşı isə cəmi 50% artırıldı. Beləliklə, həmin əksəriyyət hərbi zəfərdən sonra savaşdan əvvəl aldığı maaşın cəmi 75%-i həddində maaş alası oldu. Yanvar ayından bəri hərbçilərimizin maaşını 25% azaltmaqla xeyli pula qənaət etdilər ki, daha bir neçə lazımsız yeni bina tikdirib, “otkatını” da ofşordakı hesablara göndərsinlər.
Məlum olanda ki, neftin qiyməti qalxdığından, ilk 4 ayının nəticəsinə görə, dövlət büdcəsində 700 milyon manatlıq profisit yaranıb, biz müxalifət olaraq hərbçilərin maaşlarının kəsilməsini, qazilərimizə diqqətsizliyi, pensiya və müavinətlərin ləğv edilməsini, uşaq pulu verilməsini yenidən gündəmə gətirdik. Rejim anladı ki, bu qədər ağ eləmək olmaz. Büdcədə 700 milyon manat profisit ola-ola hərbçinin və digət həssas qrupların pulunu kəsmək xalqı haqlı olaraq hiddətləndirir. Nəhayət, hərbçilərin maaşını heç olmasa savaşdan əvvəlki səviyyəyə qaldırmaq lazımdır. Ancaq yenə də nəfs öz işini gördü. Əlavələr yalnız iyulun 1-dən qüvvəyə minir. Yəni azad edilmiş ərazilərdə xidmət edən hərbçilərimizin indiyə qədər, 6 ay ərzində aybaay maaşlarından kəsdikləri 25%-i qaytarmırlar. O pullar getdi, üstündən də su içdilər. Üstəlik, maaşlarından 6 ay ərzində 25% tutduqları hərbçilərə minnət qoymağı da unutmadılar. Təhlükəli və şəraitsiz ərazilərdə xidmət edən hərbçilərimizin maaşlarına əvvəllər minnətsiz edilən əlavəni hərbçilərimiz bundan sonra minnətlə “prezident əlavəsi” olaraq alacaqlar.
Çox əcaib və həyasız idarəetmədir. Maaşlardan kəsiləndə, iş yeri bağlananda, adamları işdən çıxaranda, cərimələyəndə, pensiya və müavinətdən məhrum edəndə heç demirlər ki, bunu prezident edib. Tam əksinə, idarə etdikləri “müxalifət” vasitəsilə hər dəfə bir “günah keçisi” məmur tapıb, cəmiyyətin bütün aqressiyasını yönəldirlər həmin orta ranqlı məmura. Hərçənd, hamı bilir ki, avtoritar rejim şəraitində heç bir məmur hərbçinin maaşına, 100 mindən artıq təqaüdçü və əlilin aldığı müavinətə əl uzada bilməz.
Ancaq birdən dövlət büdcəsindən hansısa təbəqə və qruplara azacıq da olsa, pul ayırmaq qaçılmaz olursa, onu da həmin insanlara minnət qoyaraq, prezidentin lütfi kimi təqdim edirlər. Adamlara həm də haqq etdikləri şeylərə görə minnət qoyulmasından zəhləm gedir. Ancaq bu situasiyada şəxsən mənim daha çox etirazım rejimin xalqımızı avam hesab etməsidir. Sizə kim deyib ki, belə ucuz hiylələrlə xalqımızı aldada bilərsiz?