
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Milli Məclisin qəbul etməyə hazırlaşdığı qanuna dəyişikliklərdən sonra hakim “əsassız” vəsatət verdiyi üçün proses iştirakçılarını 500 manat cərimələyə bilər.
Öz zəngin məhkəmə təcrübəmə))) söykənərək deyə bilərəm ki, bugünədək müxtəlif siyasi sifarişli proseslərdə verdiyim əsaslı vəsatətlərin heç biri təmin olunmayıb. Çünki həmin vəsatətlərin təmin edilməsi məhkəmə prosesinin nə qədər absurd, gülünc və sifarişli olduğunu ifşa edəcəkdi.
İndi hakimlər istənilən vəsatəti əsassız sayıb vəkil və tərəfləri 500 manat cərimə edəcəklər. Heç şübhəsiz ki, öncəki təcrübələrin davamı olaraq bu cərimələr Hakimlərin Sosial-İqtisadi Durumunun Yaxşılaşdırılması Fonduna, yəni, hakimlərin əmək haqqı fonduna köçürüləcək.
Bir müddətdən sonra yəqin ki, hakimlərə dövlət büdcəsindən ayrılan rəsmi əməkhaqlarını da verməyəcəklər. “Bravo”-nu təkcə Şuşada yox, Ağdamda, Füzulidə, Zəngilanda da tikmək lazımdır axı…
Hakimlərə deyəcəklər ki, əlinə o cür mexanizm vermişik, hər prosesdə iki cərimə qərarı çıxarsan, 1000 manat edir. Onlarla işə baxırsan. Dəryadır, dərya… Daha bizdən niyə əmək haqqı almalısan ki?!
Yol polisi vətəndaşları hansı motivasiya ilə cərimələyirsə (cərimənin 25 faizi onu yazan polis əməkdaşının maaşına artırılır), icra məmurları onsuz da ağır sosial durumda olan borcluların belinə 7 faiz cəriməni hansı şövqlə və vicdansızlıqla yükləyirsə (həmin pul İcra Məmurları Fonduna köçürülür və o Fonddan icra məmurlarının maaşına əlavələr gəlir), bundan sonra hakimlər də vəkillərə, prosesin tərəflərinə eynilə şikar gözü ilə, iştahla baxacaq.
Məsələn, bir hakimin arvadı axşam ondan təzə paltar istəyir, toya gedəcək, hakim səhər işə gələn kimi iki prosesdə məsələni həll edib, 1000 manatını “qazanıb” rahatlayacaq.
Onsuz da məhv edilmiş vəkillik institutunu bundan sonra, ümumiyyətlə, dəfn etmək olar. Vəkilin əlindən vəsatət vermək haqqı da alınandan sonra onun yeganə funksiyası prosesdə hakim məhkəmə zalına daxil olanda ayağa qalxıb oturmaqdan ibarət olacaq. Vəkil səsini çıxaran kimi 500 manat cərimələnəcəksə, müvəkkilini necə müdafiə edəcək?! Axı, əksər hallarda, vəkillər heç bir prosesə görə 300 manat qazanmırlar.
Toplum isə hələ susur. Yox, şükür, hələ Suriya deyilik, hələ evimizdən küçəyə atmırlar, doğmalarımızı oğurlayıb əvəzində pul tələb etmirlər…
O da olacaq. Yol polisinə, icra məmurlarına, hakimlərə verəcək pulumuz bitən kimi o da olacaq. Hələliksə, “şükür” deyə-deyə o günü gözləyək.