Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümbətov “təqsirləndirilən şəxs” adlandırılmasının əleyhinədir. Noyabrın 3-də öz məhkəməsində də ona bu cür müraciət edən hakim Samir Əliyevə etirazını bildirib: “Mən təqsirləndirilən şəxs yox, şərlənən şəxsəm. Ona görə də xahiş edirəm, düz deyin…”.
Məhkəməyə buraxılmayanlar
Yaşadığı qəsəbədə Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanan Aqil Hümbətovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəməni izləməyə gələnlərin heç biri, o cümlədən ailə üzvləri və jurnalistlər də məhkəməyə buraxılmayıb. Hakim bunu pandemiya ilə izah etsə də, vəkil Nemət Kərimli razılaşmayıb. Vəkil bildirib ki, bu cür davranış məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır. Müdafiəçi bu məhkəməyə gələnlərin buraxılması haqda vəsatət qaldırsa da, təmin edilməyib. Bu üzdən vəkil hakim Samir Əliyevin obyektiv olmadığını əsas gətirib onun bu işə baxmasına yazılı şəkildə etiraz verib. Ancaq etiraza da “yox” deyilib.
AXCP fəalı şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanılırdı. Vəkili qandalların açılması və müdafiəçisinin yanında əyləşməsinə imkan verilməsi haqda da vəsatət verib. Qandallar açılsa da, Hümbətov şüşə kabinədən çıxarılmayıb.
Hökm çıxarılana qədər Hümbətovun ev dustaqlığına buraxılması haqda vəsatətə də məhkəmə müsbət cavab verməyib.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
Özünü təqsirli bilmir
Avqustdan həbsdə olan Aqil Hümbətov özünü təqsirli bilmir, heç kimi bıçaqlamadığını, ona böhtan atıldığını deyir. Onun sözlərinə görə, saxlandıqdan sonra iki gün polis idarəsində işgəncəyə məruz qalıb və nəticədə öz əleyhinə olan ifadəni imzalayıb.
Hümbətovun ittiham olunduğu CM-nin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümbətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi.
Azadlıq radiosu