İctimai fəal Bəxtiyar Hacıyev
İctimaiyyətin diqqətinə:
Bu gün Yasamal Polis İdarəsində açılmış bir cinayət işi çərçivəsində 4 saat yarım ifadə vermişəm.
Cinayət işi Yasamal Rayon Məhkəməsində 15 oktyabr 2021-ci il tarixində keçirilən iclasdakı çıxışım zamanı təxminən 80 dəfə qarşı tərəfdən müdaxilə, təhqir və böhtanların olmasından sonra iclasa fasilə veriləndə zaldan çıxarkən mənə qarşı törədilmiş xuliqanlıq hərəkətindən DİN-102-yə zəng etməyim, sonra israrla akt tərtib olunmasını, kamera görüntülərinin mənə verilməsini tələb etməyim və bunlar baş verməyəndə Prezident Administrasiyası qarşısında aksiya keçirməyimdən sonra açılsa da, istintaqın cinayət işini mənə qarşı çevrilməsinə çalışıldığını hiss edirəm.
Həm məhkəmə iclasının audio-video yazısının qeyd olunduğu “AzFemida” sistemindəki görüntülərdən açıq görünür ki, bütün iclas müddətində mənə qarşı təxribat həyata keçirilir, tərəflərin qarşısına şüşə stəkanda su qoyulsa da, sonradan hər iki stəkan götürülür, biri qaytarılaraq qarşı tərəfin masasının üzərinə qoyulur. Mən təxribatdan yayınmaq üçün iclas zalını tərk edərkən qarşı tərəf nalayiq ifadə ilə təhqir səsləndirdiyinə görə geri qayıdaraq əlimdəki kağızları masaya vurub, zaldan çıxıram(həmin görüntüləri yavaşladaraq baxanda bu aydın görünür). Bu görüntülər qanunsuz olaraq, operativ qaydada məhkəmə binasından sızdırılır və xüsusilə müxalif şəxslərdən oğurlanmış profillərdən yayılır. Bu isə bir nəfərin yox, ancaq hüquq-mühafizə orqanlarının və məhkəmənin birgə işi nəticəsində mümkündür. Amma nədənsə, mənə telefon aparatının, pulqabının və şüşə stəkanın atılması, hücum edilməsi və s. görüntüsü yayılmır, mənə verilmir.
Sonradan qarşı tərəf özü, yaxud işi istiqamətləndirənlər məhkəmə-tibbi ekspertizasından rəy alaraq cinayət işinə əlavə edirlər ki, guya qarşı tərəfin bədənində SOL bazu, SOL körpücük altı nahiyələrdə qançırlar olub, baş-beyinin silkələnməsi ilə müşayiət olunan başın SOL tərəfində şişkinlik olan xəsarətlər aşkarlanıb, bu xəsarətlərin yıxılma və öz-özünə yetirilməsi istisna olunur, baş vermiş hadisə ilə törədilməsi ehtimalı var. (Yaxşı ki, “SOL qulağı kəsilib, SOL ayağı sındırılıb” yazmayıblar)
Lakin elə məhkəmə zalından kamera görüntülərinə çıxışı olan adamlar(qurumlar) tərəfindən yayılmış görüntülərdən də görünür ki, mən qarşı tərəfin SAĞ tərəfində olmuşam, SOL yox. Hətta kağız sənədləri masaya yox, qarşı tərəfə vurmuş olsam belə, hətta kağızla başda şişkinlik yaratmaq, kəllə-beyin silkələnməsi yaratmaq mümkün olsa da, bu SAĞ tərəfdə olmalı idi, SOL yox.
Həmin görüntülərdən o da görünür ki, qarşı tərəf mənə şüşə stəkan, məhkəməyə məxsus stasionar telefon, digər əşyalar atdıqdan, zaldakı icraçı ilə əlbəyaxa olduqdan sonra gedib sakitcə yerində oturur. Mən dərhal DİN-102-yə zəng etsəm də, o bundan saat yarım, iclasdan isə 2 saat yarım sonra DİN-ə müraciət edir.
Zənnimcə, iclas boyu məni təxribata çəkməyə çalışıb, alınmadığını görəndə fasilədə təxribata çəkməyə çalışılıb, tərəflərdən birinin qarşısına şüşə stəkan qoyulması, məhkəmə binasından yarımçıq və qanunsuz görüntünün çəkilməsi, 4 gün israrla tələb etsəm də, akt tərtib edilməməsi (sonradan köhnə tarixlə tərtib etdilər), görüntülərin əvvəlcə yadda saxlanmadığını bildirdikləri halda sonradan üzə çıxması və nəhayət, SAĞ tərəfində dayandığım açıq görünən adamın SOL tərəfində bir neçə yerdən guya xəsarət yetirməyimlə bağlı saxta məhkəmə-tibbi ekspertiza rəyinin əlavə olunması bu işin mənə qarşı çevrilməsi cəhdidir və təbii ki, siyasi fəaliyyətimlə bağlı mənə qarşı edilən növbəti təzyiqdir.
İstintaq hərtərəfli, obyektiv araşdırmadan maraqlıdırsa, “AzFemida” sistemindən iclasın audio-video yazısının, həm də təhlükəsizlik kamerası görüntülərini ictimaiyyətə açıqlasın, hamı baxsın və nə baş verdiyi görünsün.
Yox, bu işin mənə qarşı çevrilərək siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi planlaşdırılırsa, o zaman növbəti sübutları bir az peşəkarlıqla hazırlasınlar, sağ tərəfdə dayanan adamın kağızla qarşıdakı şəxsin sol tərəfində bir neçə yerdə xəsarət yaratması kimi qeyri-peşəkar və 5 yaşlı uşağın belə inanmayacağı saxta rəylər hazırlamasınlar.
Təkrar qeyd edirəm ki, işin bu istiqamətdə aparılması mənim siyasi fəaliyyətimlə birbaşa bağlıdır və bu işdən istifadə edərək mənə siyasi təzyiq göstərilir.