Noyabrın 12- də Bakı Apelyasiya məhkəməsində AXCP Binəqədi Rayon Şöbəsinin fəalı Ramiz Cəfərov barədə Sabunçu rayon Məhkəməsinin İnzibati həbs qərarından verilmiş şikayətə baxılıb. Vəkil Fəxrəddin Mehdiyevin verdiyi apelyasiya şikayətinə hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb, şikayət təmin olunmayıb.
Ramiz Cəfərov məhkəmədə bildirib ki, onu noyabrın 3- də səhər saat 7 radələrində işə getdiyi taksidə saxlayıb Polis Bölməsinə aparıblar. Saxlanılarkən təhqir və təzyiqə məruz qalıb. Polis bölməsində mobil telefonunun kodunu istəyiblər. Kodu vermədikdə yenə təzyiqə məruz qalıb . Vəkil tələb etsə də istəyi təmin olunmayıb. Barəsində İXM-nin 510 və 535 .1- ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilib . Hakim Süleyman Ağayevin sədrliyi ilə keçən məhkəmə iclasında öz istədiyi vəkillə təmin olunma istəyinə məhəl qoyulmayıb, heç bir şahid dindirilmədən, araşdırılma aparılmadan barəsində 25 sutkalıq inzibati həbs qərarı verilib. Ramiz Cəfərov həbsinin sırf siyasi fəaliyyətlə əlaqəli olduğunu bildirib.
Vəkil Apellyasiya məhkəməsinin qərarını aldıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcəyini deyib.