(Əldən çıxan fürsətlər seriasından)
Natiq Ədilov
Səbəb heyvan, heyvansevərlik olub. Amma, necə, nə cür bunu bilmək istəyirsinizsə, dörd-beş dəqiqə çənə döyməyimə səbr etməlisiniz.
Cəbhəçi bəylərin vaxtında (1992-93) belə bir maraqlı hadisə olub. Zənnimcə, heç yerdə bu yazılmayıb, çoxunuz ilk dəfə biləcəksiniz.
Bunu mənə 8 il qabaq Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev danışmışdı. Həmin əhvalatı yazmağa qərara verdiyimdən, bugün zəng edib Mehman müəllimlə təkrar dəqiqləşdirdim. Yeganə mənbəm hələ ki Mehman bəydir, ancaq, yəqin siz onun dürsütlüyünə şübhə etmirsiniz.
Belçikanın bir şirkəti (“Bank Lionez” səhv etmirəmsə, adı belə olub) Ayaz Mütəllibovun vaxtından Azərbaycanla pambıqçılıq barədə əməkdaşlıq etmək qərarına gəlir. Mütəllibovdan sonra şirkətin rəhbərliyi Prezident Aparatına gəlib Əbülfəz Elçibəylə danışıq aparır. Mehman Əliyev də jurnalist kimi bu prosesin şahidi olub.
Şirkət o zaman üçün qiqant miqdarda -bir milyard dollarlıq, sərmayə söz verir. Onlar vəd edir ki, əməkdaşlıqdan sonra pambıq Azərbaycandan xam mal kimi çıxarılmayacaq. Ölkədə geniş infrastruktur yaradılacaq, məşhur brendlərinin Azərbaycanda istehsalı başlayacaq. Bunun Azərbaycana nə qədər ün, pul, imkan gətirəcəyini təsəvvür etmək çətin deyil. Nəzərdə tutulur ki, Buzovna yolu üstündə onlar zavod fabriklərini qurur (hava və dəniz limanına yaxınlığına görə), burda fəhlələr üçün geniş yaşayış massivi də tikilir.
Bununla yanaşı əcnəbilər fəhlələr üçün quracağı yaşayış məntəqəsində dünya standartlarına cavab verən “heyvan poliklinikası” da tikməyi üzərinə götürür. “Nə heyvan klinikası? Onun bu işə nə aidiyyatı”- kimi təəccüblü suala əcnəbilərin cavabı sizin üçün maraqlı olacaq. Xüsusən, bp şirkətinin Bakıda zavallı itləri güllələməsi üçün xeyli miqdarda korrupsiya pulu xərcləməsinin ifşa edildiyi bu günlərdə.
Şirkət rəsmiləri izah verirlər ki, burda sizlik bir şey yoxdur, “Heyvan klinikası” necə deyərlər, bizdən sizə xudmani bir töhfədir, xərcini biz çəkəcəyik. Məsələ belədir ki, bizim məşhur Fransız aktrisası Brijt Bardo ilə əhdi -peymanımız var (Brijit ya onların səhmdarı olub, ya da nəsə başqa əlaqələri varmış). Ona əsasən harada iş görürüksə, heyvanlar üçün də belə xeyirxah proyekt icra edirik.
Qeyd edim ki, Brijit Bardo aktrisalıyı ilə yanaşı, həm də dünyada məşhur heyvansevər, veqan (heyvan mənşəli qidalardan, geyimlərdən, heyvanların istismarından imtina edən insan) kimi tanınır. Əbülfəz bəy olduqca məmnun qalır, qonaqların əlini sıxıb onlara xeyir-dua verib, yola salır. Sonra “ulu öndər” Surətlə birləşib milli hakimiyyəti devirir, başqa işıqlı işlər kimi belçikalıların da proyekti qaranlığa qərq olur. Təfsilatları bilirəm, sadəcə uzunçuluq olmasın deyə, yazıb sizi yormuram.
Daha bir maraqlı faktı da əlaqə edim, xudafizləşək. Belçika şirkətindən Azərbaycana danışıqları aparmağa gələn nümayəndə heyətinin rəhbəri kim olsa yaxşıdır? 1979-cu il İran İslam İnqilabından sonra ölkənin demokratik yolla seçilən ilk prezidenti Əbdülhəsən Banisadrın qardaşı Abdin. Mehman bəyin deməsinə görə o azərbaycanca danışa bilirmiş və ölkəmizdə iş görməyə çox həvəsli imiş.
Sözümü Jan Lük Qodarın çəkdiyi Brijit xanımın baş rol oynadığı « Nifrət » filmindəki musiqiyə verib, gedirəm, pişiklərimi yemləməyə.
Heyvan, insan ümumiyyətlə təbiət düşməni olan yırtıcı rejimlə hesablaşmaq ümidi ilə.
https://www.youtube.com/watch?v=Sf6wYbJNwRc