Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında müzakirə ilə “isteriyanı qızışdırır”.
Vladimir Putin bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar və NATO Moskvanın təhlükəsizlik narahtlıqlarına etinazsızlıq göstərir.
Fevralın 1-də Moskvada Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra keçirdiyi birgə mətbuta konfransında deyib ki, Kreml Birləşmiş Ştatlardan və NATO-dan alınmış yazılı cavabları təhlil edir, hərçənd Rusiyanın əsas tələblərinin qulaqardına vurulduğu artıq indidən məlumdur.
Bu, Rusiyanın Ukrayna yaxınlığında çox sayda qoşun cəmləşdirməsi ilə bağlı Moskva və Qərb arasında yaşanan qarşıdurmanın davam etdiyi son həftələrdə Putinin ilk açıq bəyənatları olub.
Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Gürcüstan və Ukrayna da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv qəbul edilməyəcəyinə və Qərbin keçmiş sovet məkanında hər hansı hərbi fəaliyyətlərini dayandıracağına dair yazılı qarantiya tələb edir.
Putin dediyini deyir
Birləşmiş Ştatlar Ukraynaya alyansa üzvlüyün qadağan olunmasına dair tələbi rədd etsə də, Moskvaya böhrandan diplomatiya yolu ilə çıxmağı təklif edib.
Putin bu barədə deyib:
“Biz NATO-nun genişlənməsinin qarşısının alınması üçün üç əsas tələbimizə – Rusiya sərhədləri yaxınlığında zərbə qurğularının yerləşdirilməsindən imtina edilməsi, alyansın Avropadakı hərbi infrastruktrunun 1997-ci ildəki vəziyyətə qaytarılması tələbimizə adekvat diqqət görmürük”.
Putin iddia edib ki, ABŞ və NATO-nun bu məsələyə yanaşması ədalətli deyil:
“Bizim narahatlığımızı görməzliyə vurarakən ABŞ və NATO ölkələrin öz təhlükəsizliklərinin təşkilində suveren olmasını əsas gətirirlər. Amma bu təhlükəsizlik paritetinin yalnız bir tərəfidir. Onun digər tərkib hissəsi bir ölkənin təhlükəsizliyinin başqa bir ölkənin təhlükəsizliyi hesabına təmin edilməməsidir”.
Lakin bu mətbuat konfransında çıxış edən Orban deyib ki, o bu məsələdə kompromis imkanının mövcudluğuna inanır:
“Mən bugün əmin oldum ki, mövqelərdəki mövcud fərqlər aradan qaldırıla, Rusiyanın təhlükəsizliyinə qarantiya verən və NATO üzvləri üçün məqbul sayılacaq saziiş imzalana bilər”.
Blinken Rusiyanı qoşunlarını Ukrayna ətrafından çəkməyə çağırıb
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı “dərhal” de-eskalasiyaya və qoşunlarını Ukrayna sərhədlərinə yaxın ərazilərdən çıxarmağa çağırıb.
Fevralın 1-də Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətindən sonra Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir ki, ABŞ-ın 1 nömrəli diplomatı Vaçinqtonun Ukraynanın suverenlyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq edib.
Blinken bunu da qeyd edib ki, Ukraynaya bundan sonra da hər hansı müdaxilənin “çevik və ağır nəticələri” olacaq. O Rusiyanı diplomatik yol tutmağa dəvət edib.
Lavrov isə görüşdən sonra deyib ki, Vaşinqton Moskvanın təhlükəsizlik narahatlıqlarını müzakirə etməyə hazırdır.
O bildirib ki, Blinkenə Rusiyanın öz tələblərində israrlı olduğunu deyib.
Lavrov deyib ki, Qərb özünün təhlükəsizlik öhdəliklərindən çıxış etməlidir.
Onun sözlərinə görə Blinken Rusiya ilə müzakirələrin davam etdirlməli olduğu fikri ilə razılaşıb.
Conson hələ Putinlə danışa bilməyib
Rusiyanın yüksək çinli diplomatı fevralın 1-də Ukrayna böhranında de-eskalasiyaya dair ABŞ-ın təklifinə Moskvanın guya yazılı cavab verməsi haqda xəbərləri təkzib edib.
Rusiya Birləşmiş Ştatlar və NATO-dan Ukraynanın heç vaxt bloka qoşulmayacağı haqda zəmanət istəyib. Daha bir tələb alyansın Rusiya sərhədləri yaxınlığında silah sistemləri yerləşdirməsini dayandırması, qüvvələrini Şərqi Avropadan çıxarması haqdadır.
NATO və Vaşinqton bu tələbləri rədd edərək Moskvaya yazılı cavab təqdim ediblər. ABŞ administrasiyasının üç rəsmisi yanvarın 31-də deyiblər ki, Rusiya ABŞ-ın təkliflərinə yazılı cavab verib.
Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun fevralın 1-də RIA Novosti dövlət xəbər agentliyinə bildirdiyinə görə, bu xəbərlər “doğru deyil”.
RIA Rusiya XİN-in aparıcı diplomatına istinadla yazıb ki, Lavrov Blinken daxil Qərbdəki həmkarlarına “təhlükəsizliyin bölünməzliyi prinsipi” haqda mesaj göndərib, amma bu, Vaşinqtonun təkliflərini cavab deyil.
Britaniyanın Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti isə hələ baş tutmayıb. Kreml söhbətin bu günə gözlənilmədiyini deyib.
İlkin olaraq yanvarın 31-nə planlaşdırılan söhbətin vaxtını Conson açıqlanmayan səbəblərdən dəyişmişdi.
“Bu günə danışıq nəzərdə tutulmayıb. Ancaq daha sonraya razılaşdırılacağını istisna etmirik”, – Kremlin sözçüsü Dmitri Peskovdeyib.
Rusiya ziyalıları Kremlə çağırış edir
Rusiyanın tanınmış hüquq müdafiəçiləri daxil olmaqla 2 mindən çox ziyalısı Kremli Ukraynaya qarşı “əxlaqsız, məsuliyyətsiz və kriminal” müharibəyə başlamamağa çağırıb.
Rusiya Ziyalıları Konqresinin “Sülh Tərəfdarlarının Rusiya Rəhbərliyində Müharibə Tərəfinə qarşı Bəyanatı” həftəsonu yayılıb.
“Rusiyanın Ukraynaya qarşı mümkün işğalı haqda narahatedici informasiya axını güclənir”, – bəyanatda deyilir.
“Rusiyaya Ukrayna və Qərblə müharibə lazım deyil. Heç kəs bizi təhdid etmir, heç kəs bizə hücum etmir. Belə bir müharibə ideyasını yaymaq siyasəti əxlaqsız, məsuliyyətsiz, kriminal addımdır, Rusiya xalqı adından həyata keçirilə bilməz. Belə bir müharibənin hüquqi, yaxud mənəvi məqsədləri ola bilməz… Rusiya vətəndaşları faktiki olaraq, Rusiya xarici siyasətinin yönəldiyi kriminal avantürizmin girovuna çevrilirlər”, – bəyanatda vurğulanır.
Azadlıq radiosu