Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında suçlanaraq həbs olunan Saleh Rüstəmlinin vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı ərizə təmin olunmayıb. Bu barədə AzadlıqRadiosu-na onun ailə üzvləri məlumat verib.
Rüstəmlinin vəkilləri o, hələ aclıq etdiyi dövrdə – 2021-ci il dekabrın 6-da məhkəməyə ərizə vermişdi ki, sağlıq durumunun ağırlığına görə cəzanın qalan hissəsindən azad edilsin. Bu iş Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin icraatında idi. Bundan öncə bir dəfə dekabrın 30-da məhkəmə iclası keçirilmiş, ekspertiza təyin edilmişdi.
İclasın 10-na keçirildiyi deyilsə də…
Yaxınlarının sözlərinə görə, ərizəyə martın 3-də Rüstəmlinin vəkillərinin də iştirakı və xəbəri olmadan baxılıb:
“Vəkil Bəhruz Bayramova hakimin köməkçisi deyib ki, məhkəmə ayın 3-nə təyin olunur. Vəkil də bildirib ki, artıq həmin günə Gəncədə məhkəmədə təyin olunmuş başqa bir işi var. Hakimin köməkçisi deyib ki, o zaman bir həftə sonraya – martın 10-na keçirilir. Biz də buna əsaslanıb, elan vermişik ki, Saleh Rüstəmlinin işinə martın 10-da baxılacaq”.
Rüstəmli martın 4-də ailə üzvləriylə telefonla əlaqə saxlayaraq, onlara bir gün öncə məhkəmənin keçirildiyini xəbər verib.
Rüstəmli ailəsinin məhkəmə ilə bağlı dediklərini vəkil Bəhruz Bayramov da təsdiqləyib. Vəkil bildirib ki, hakimin köməkçisi ona prosesin təxirə salındığını demişdi.
Müdafiəçi əlavə edib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Azadlıq radiosu