Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, martın 7-də Rusiya Müdafiə Nazirliyinin açıqlamasına münasibət bildirib.
AMN qeyd edib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ukraynaya göndərilən humanitar yardım kontekstində verdiyi açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir: “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur”.
Nazirlik vurğulayır ki, Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də bu ölkənin Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub: “Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”.
Rusiya Müdafiə Nazirliyi martın 7-də yaydığı açıqlamada qeyd etmişdi ki, “Dağlıq Qarabağ və Suriya Kiyev və Zaporojye vilayətlərinin əhalisi üçün humanitar yardım göndərib”.
Azadlıq radiosu