AXCP sədri Əli Kərimli
Rusiya ordusunun işğal olunmuş Ukrayna ərazisində dinc sakinlərə qarşı törətdiyi kütləvi qətllər və digər ağır cinayətlər insanlıq əleyhinə müharibə cinayətləri olmaqla bərabər həm də çox böyük siyasi səhvdir.
Çoxlu sayda dinc insanın qəddarlıqla öldürülməsi, öldürülmüş insanların toplu məzarlıqlarda basdırılması, çoxsaylı zorlanma, işgəncə cinayətlərinin törədilməsi heç şübhəsiz ki, müharibə cinayətləri olaraq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymətini alacaq.
Ancaq bu cinayətlərin törədilməsi həm də olduqca böyük siyasi səhvdir və Rusiya üçün ağır nəticələr doğuracaq:
- Mülki əhaliyə qarşı bu cinayətlər beynəlxalq ictimaiyyəti daha da hiddətləndirəcək. Ukraynaya dəstəyin daha da artmasına səbəb olacaq.
- Bu cinayətlərin törədilməsi həm də Rusiya üzərinə qoyulmuş bir çox sanksiyaların hətta Ukrayna ilə savaş bitəndən sonra da davam etməsinə səbəb olacaq.
- Dinc əhaliyə qarşı bu qəddar münasibət ukrayna xalqı və rus xalqı arasında uzunmüddətli düşmənçilik münasibətlərini gücləndirəcək. Təcrübəmizdən bilirik ki, müharibə zamanı xalqların ən çox bağışlamadığı düşmənin dinc əhaliyə qarşı törətdiyi qəddar cinayətlər olur.
- Ukraynanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər Ukrayna ordusunda qisas hissini gücləndirəcək və ordunun döyüş əzmini artıracaq.