Hüquq müdafiəçisi Anar Məmmədli
Gecə klubundakı partlayışa bəzi soydaşlarımızın (aralarında xaricdə yaşayanı da var) verdiyi rişxənd, lənət və məmnunluq reaksiyalarına kimisi qəzəblənir, kimisi heyrətlənir, kimisi də o adamlara “dərs” keçməyə çalışır.
Məsələ burasındadır ki, o adamlar gözümüzün qarşısında yetişiblər. İllər boyu TV-lərdəki mənasız qeybətlərin, verilişlərdəki mollaların, dayaz ekspertlərin irrasional baxışlarından təsirlənib, mühafizəkar tərbiyə alıblar. Və təhsil sistemini də unutmayaq – qarşısında müasir insan şəxsiyyəti və tənqidi düşüncəli nəsil yetişdirmək hədəfi olmayan təhsil prosesi mühafizəkar kütlənin çoxalmasında əvəzsiz rol oynayıb.
Buraya sosial ədalətsizliyi və bərabərsizliyi əlavə edək. Kasıb və yoxsul ailələrin övladları asanlıqla ədaləti kriminal aləmdə ya da dini icmalarda axtara bilirlər.
Gəldiyim qənaət budur ki, ölkədə açıq fikirli və savadlı insanların yetişməsi dövlətin deyil, valideynlərin zəhmətinin nəticəsidi. Vay o günə ki, valideyn də yaltaq, qaragüruh və savadsız ola, o zaman uşağın parlaq gələcəyi şansa bağlıdı. Əgər hansısa mini proqresiv mühitin təsirinə düşərsə, rasional düşüncəli böyüyəcək. Əks halda çoxluğun bir parçası olacaq.
Sadəcə özümüzə bu sualı verək – biz ölkədə müasir insan şəxsiyyətinin, rasional düşüncə və plüralizmin möhkəmlənməsinə əngəl olan institutlara nə qədər ardıcıl, kollektiv və tutarlı şəkildə etiraz edirik?
Biz nəticələrdən bəhs edirik, amma səbəbləri görmürük. Səbəblərdən biri mövcud siyasi sistemdir. Özünü qorumaq üçün təhsili, medianı, siyasi partiyaları, vətəndaş cəmiyyətini iflic edən bu sistemi yaşatmağa mühafizəkar kütlə lazımdı. Bu kütlə gah mini yubkaya, gah fərdlərin dünyəvi həyat tərzinə, gah da cinslərarası bərabərlik çağrışlarına qəzəblənir. Özlərini bu sistemin ərköyün “balaları” kimi aparırlar. Çünki bu siyasi sistem üçün nəinki qorxuludurlar, əksinə çox lazımdırlar.
Bilirsizmi niyə?
Gələcək vəd etmirlər. Milli və ya dini kimlik üzərində qurulan hekayələrində keçmiş var, ancaq gələcək yoxdur. Bütün örnəkləri orta ərslər tarixini diriltməyə yönəlib. Sabaha dair heç bir tutarlı fikirləri yoxdur. Hakim siyasi elitaya da sabahı olmayanlar, keçmişdə ilişib qalanlar təhlükə yaratmırlar.
Amma bir gün bu sistemlə sözləri çəp düşsə, ona qarşı ən sərt metodlardan istifadə edəcəklər. Bu sistemin öz mübarizə üsul və metodlarına uyğun şəkildə, yəni amansız və qəddar olacaqlar. Hələlik dövlətlə bu kütlə arasında “valideyn-övlad” münasibətlərinə şahidik.