AXCP sədri Əli Kərimli
Rusiya hərbçilərinin Ukraynanın işğal olunmuş şəhərlərində dinc əhalini kütləvi şəkildə öldürməsi Rusiya-Ukrayna savaşının gedişatını ciddi şəkildə dəyişir. Rusiyanın Donbasda planlaşdırdığı həlledici döyüşün (“Kursk” döyüşünün) başlanmasını ləngidir.
Buça və digər şəhərlərdə 410 nəfər dinc sakinin – qadın, kişi, yaşlı və uşaqların qəddarlıqla öldürülməsi mədəni dünyada şok effekti yaradıb. Rusiya işğalını durdurmaq, Ukraynanı daha yaxşı müdafiə etmək üçün dünya liderləri ardıcıl olaraq yeni təşəbbüslər irəli sürür. Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətlər Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcək. Ukraynaya daha müasir və effektli silahların, o cümlədən hücum silahlarının verilməsinə səbəb olacaq. Beynəlxalq ictimai rəyin bu qəddarlığı sərt şəkildə qınaması həm də ona gətirib çıxaracaq ki, müxtəlif motivlərlə Rusiyanı sanksiyalardan və hərbi məğlubiyyətdən qorumaq istəyənlər daha onu müdafiə etmək üçün səsini çıxara bilməyəcək.
Rusiya rəhbərliyi, bu savaşda Rusiya tərəfdən ideoloji mübarizəni aparanlar özləri də pərtdirlər, çaşqınlıq içindədirlər. Özlərini necə müdafiə edəcəklərini bilmirlər. Rusiya mətbuatı bütün günü izahat vermək durumuna düşüb. Bu qədər ağır ittihamlardan bəşəriyyət qarşısında özlərini müdafiə etməyə heç bir ağlabatan arqument tapa bilmirlər. Ona görə də avtoritar rejimlərin son çarəsi olan, bizə də tanış “özünüz özünüzü döymüsünüz və ya öldürmüsüz” tipli absurd açıqlamalar verib, beynəlxalq ictimaiyyəti daha da hiddətləndirirlər.
İndi isə Ukraynada dinc əhalinin kütləvi qətlinin Donbasda gözlənilən böyük hücumu necə ləngitməsi haqda. Rusiya Ukraynanın şərqində böyük hücumu planlayarkən aviasiya, raketlər, uzaqmənzilli artilleriya və digər böyük dağıdıcılıq gücü olan silahlardan istifadəni planlaşdırıb. Aydın məsələdir ki, kiçik ərazidə minlərlə belə dağıdıcı silahlardan istifadə, Rusiyanın tətbiq etməyə hazırlaşdığı “yandırılmış torpaq” ssenarisi Donbasda da dinc əhalinin daha kütləvi şəkildə öldürülməsinə səbəb ola bilər. Odur ki, Rusiya rəhbərliyi Buça və digər şəhərlərdə 100-lərlə dinc sakinin öldürülməsindən şoka düşmüş beynəlxalq ictimaiyyətin Donbasda minlərlə dinc insanın məhvinə səbəb ola biləcək dağıdıcı hücuma daha da sərt reaksiya verəcəyindən qorxmağa başlayıb.
Düzdür, əvvəllər Rusiya beynəlxalq ictimai rəylə heç vaxt hesablaşmayıb. Ancaq son 40 günlük savaş Rusiyaya sübut edir ki, ictimai rəy xüsusilə Qərbdə çox böyük qüvvədir. Beynəlxalq ictimai qınaq cəmi bir neçə gün ərzində Rusiyaya qarşı böyük sanksiyalara, Ukraynaya çoxsaylı öldürücü silahların və milyardlarla dollarlıq yardımların verilməsinə çevrilə bilir. Məhz buna görə Rusiya rəhbərliyi Donbasdakı böyük hücum ərəfəsində tərəddüd, qeyri-müəyyənlik və çaşqınlıq içindədir.
P.S. Ukrayna prezidenti Zelenski isə müharibə qəhrəmanlarını şəxsən təltif edib, Donbasda böyük toqquşma ərəfəsində ordusunun döyüş əzmini yüksəltməklə məşğuldur.