AXCP sədri Əli Kərimli
Deməli, İlham Əliyev xəbər tutub ki, taleyin ümidinə buraxılmış Qarabağ qazilərinin kütləvi intiharı xalqımızı çox hiddətləndirib. Ona görə də bu gün cəhd edib ki, öz məsuliyyətini də atsın məmurların üstünə və özünü sudan quru çıxartsın.
Hələ bir görün İlham Əliyev nələr deyib: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq”.
Bu sözlərdən sonra əlbəttə ki, biz də İlham Əliyevə bir neçə sual ünvanlamalıyıq:
- O hansı məmurdur ki, əsgər və zabitlərimizin Qarabağ torpaqlarını canı- qanı bahasına azad etdiyini unudub ? Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, hərbçilərin qanı və canı bahasına əldə etdikləri qələbəyə şərik çıxan şəxsən İlham Əliyevin özüdür. Bu qələbəyə şərik olan başqa dövlət məmurunu Azərbaycan cəmiyyəti görməyib- eşitməyib. Ona görə də gərək, ilk növbədə İlham Əliyev uğrunda qan tökülmüş- can verilmiş bu qələbənin müəlluflərini unutmasın və bu qələbədən öz şəxsi məqsədləri üçün sui- istifadə etməsin.
- İndi guya, İlham Əlliyev cəmiyyətə mesaj vermək istəyir ki, qazilərin, veteranların, şəhid ailələrin problemlərinə görə məsuliyyəti məmurlar daşıyır ? Şəhid ailəsinin, qazinin qan pulunun, müavinətlərinin həddini hansısa məmur müəyyənləşdirir ? Kimin səlahiyyəti var ki, bu adamların sığorta haqqını qaldırsın, qazilərin və veteranların müqavinətlərini artırsın ? Bunu İlham Əliyevin özündən başqa kim edə bilər ? Əsas problem bu deyilmi ? Bu problemlərin əsas səbəbkarı İlham Əliyevin özü deyilmi ? Bu məsuliyyəti məmurların üzərinə atmaq uğursuz bir cəhddir. Bəs, Qarabağ qazilərinin əlillk statusunu almasını çətinləşdirən bu əlillik haqqında qanuna edilən yeni düzəlişlər ? Bəlkə bu qanunu da İlham Əliyevin yerinə hansısa məmur imzalayıb ? Bu məsuliyyəti də məmurların üzərinə atmaq yersiz cəhddir.
- İlham Əliyev deyir ki, qazilərin və şəhid ailələrinin təminatı, sosial durumunun yaxşılaşdırılması ilə bağlı öz vəzifələrini yerinə yetirməyən məmurlar cəzalandırılacaq.
Ölkədə 20 ayda 36 qazi intihar edib. Bəs, necə olur ki, bu ağır faciələrə görə nə bir nəfər də olsun, icra başçısı, nə də sosial təminat nazirliyinin rəhbərliyi cəzalandırılır ? Onlar hamısı öz vəzifələriuni layiqincə yerinə yetiriblər ? Yoxsa icra başçılarını və naziri cəzalandırmaq da hansısa məmurun işidir ? İlham Əliyev nəyə görə hesab edir ki, Azərbaycan xalqını aldatmaq bu qədər asandır ? Azərbaycan xalqı fərqində deyilmi ki, qazilərlə, veteranlarla, şəhid ailələri ilə bağlı ən mühüm qərarları vermək səlahiyyəti şəxsən İlham Əliyevə aiddir ? Və bu şəxslərə- ailələrə qarşı nankorluq edən, onları intihara sürükləyən icra başçılarını, nazirləri işdən çıxarmaq da şəxsən İlham Əliyevə məxsusdur ! Onun əvəzinədəmi hansısa məmur bu icra başçılarını və nazirləri işdən çıxarmalıdır ? Ona görə də, hesab edirəm ki, İlham Əliyev növbəti dəfə öz məsuliyyətini ətrafının çiyninə atmağa uğursuz bir cəhd edib, amma Azərbaycan xalqını aldatmaq bu qədər də asan deyil.