Hüquqşünas Rüfət Səfərov
13 avqust 2022-ci il tarixdə Caspian PlatForumda növbəti ictimai müzakirə oldu.
Mövzu “Demokratik dəyişikliklər üçün insan resursları”, məruzəçi AXCP sədri Əli Kərimli idi.
1 saat 32 dəqiqə davam edən ictimai müzakirədə Əli bəyə çoxsaylı suallar ünvanlandı.
Sual verənlərdən biri də gənc Maqsud Əliyev olub.
O, təxminən belə sual verib: “İlham Əliyev son dövrlər hər çıxışında bildirir ki, xarici qüvvələr belə eləyir, elə eləyir və axır zamanlar Zelenski kimi dar geyimlər geyinir, bədən fiqurasını göstərir. Sizcə İlham Əliyev neynəmək istəyir?
Ertəsi gün gənc yoxa çıxır.
Ailəsi və yaxınları onun axtarışı ilə məşğul olurlar.
Məlum olur ki, Binəqədi polisi Maqsud bəyi saxlayıb, tam saxta ittihamlarala (çox yəqin ki, İXM-nin 535.1-ci maddəsi üzrə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.
“Müdafiə Xətti” şübhə etmir ki, dövlət başçısı İlham Əliyevi müqəddəs və toxunulmaz elan edən polis əməkdaşları gənc fəal Maqsud Əliyevi AXCP sədri Əli Kərimliyə verdiyi suala görə cəzalandırıblar.
Böyük ehtimalla həm saxlanılarkən, həm də sonradan gənc təhqir edilib, döyülüb, pis rəftara məruz qalıb.
“Müdafiə Xətti” olaraq Maqsud Əliyevin Bərdə rayonu, Alpoud kəndində yaşayan atası və dostları ilə əlaqə saxladıq.
Atası bildirdi ki, “Maqsud Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunudur. Oğlum üçün heç bir iş tapılmır. Məcbur qalıb, Bakı şəhərində fəhlə işləyir, gündə 10-15 manat pul qazanır, eyni zamanda, ölkədə baş verən qanunsuzluqlara da laqeyd qalmır, ictimai tədbirlərdə iştirak edir, fəallıq göstərir.
“Müdafiə Xətti” olaraq vəkil Nemət Kərimli ilə əlaqə saxladıq, məlumat verdik.
İnanıram ki, tezliklə Nemət bəy qanunsuz inzibati həbsə məruz qalan Maqsud Əliyevə baş çəkib, təfərrüatları öyrənə biləcək.
Məsələ “Müdafiə Xətti”nin nəzarətindədir.
P.S.Gəncin Əli Kərimliyə verdiyi sualın videosunu rəydə yerləşdirirəm.