AXCP sədri Əli Kərimli
Müdriklər demiş: “hər şey incəliyindən, insan qalınlığından sınar”.
Nə qədər qalın olasan ki, günahsız gəncə işgəncə verdirəsən, sonra da bu cinayətin şahidi tapılanda, şahidin özünü həbs etməyə çalışasan.
Müsavat partiyasının fəalı Əziz Məmiyev özü təsdiq edir ki, Tofiq bəy Yaqublunun təşəbbüsü ilə 20 iyulda keçirilən piketdə polis tərəfindən saxlanıldıqdan sonra ağır işgəncələrə məruz qalıb. İşgəncə verənlərdən biri də polis əməkdaşı Seymur İmanov olub. Bu hadisəyə şahidlik etmiş AXCP funksioneri Gülnarə Rəhimova da gördüyünü, bildiyini sosial şəbəkələrdə yazıb. Öz feysbuk hesabında polis nəfəri Seymur İmanovun fotosunu paylaşıb və şahidlik edib ki, Əziz Məmiyevi döyənlərdən biri də bu şəxs olub.
Bundan sonra nə olmalı idi? Normalda prokurorluq işgəncə faktı ilə bağlı cinayət işi başlamalı idi. Zərərçəkən kimi Əziz bəyi, şahid kimi Gülnarə xanımı dindirməli idi. Digər prosesual hərəkətləri həyata keçirməli idi. Cinayət işi də faktiki açılmış kimidir axı. Zərərçəkən – işgəncəyə məruz qalmış Əziz bəy işgəncə faktını təsdiq edir. Həm Əziz bəy, həm də Gülnarə xanım təsdiq edirlər ki, işgəncə verənlərdən biri Seymur İmanov olub. Ancaq bu ölkədə analoqsuz idarəetmə olduğundan işgəncə verənə “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, onu inandırıblar ki, o cəzasız qalacaq.
İndi Seymur İmanov özü Gülnarə xanımı məhkəməyə verib ki, guya Gülnarə xanım ona şər atıb. Gülnarə xanıma qarşı Cinayət Məcəlləsinin bədnam 147, 148- ci maddələrilə cinayət işi açmaq istəyirlər.
Daxili işlər naziri Vilayət Eyvazov bu tragikomediyanı durdurmalıdır. Belə sifarişli məhkəmələrlə polisə imic düzəltmək yox, polisin onsuz da pis olan imicini yalnız daha da bərbad etmək mümkün olar. Siyasi hakimiyyət də məsuliyyət hissini tam itirməməlidir. Anlamaq lazımdır ki, heç bir diktatura daha qəddar, daha amansız olmaqla hakimiyyətini qoruya bilməyib. Vaxtı çatdıqca hamısı tarixin zibilliyində haqq etdiyi yerə qovuşub. Doğrudur, hələ də iqtidarda olan diktaturalar, avtoritar rejimlər var. Ancaq onlardan daha qəddar olanları artıq elə bu dünyada cəzalarını alıblar. Tarixin təkərlərindən sallanıb, tarixi prosesi dayandırmağa çalışmaq əbəsdir. Gülnarə xanımdan, şərlənmiş digər ictimai – siyasi fəallardan əl çəkin. Dəyişikliklər sırası Azərbaycana da mütləq çatacaq!