Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Polis, prokurorluq və məhkəmə orqanları mütəşəkkil dəstə yaradaraq Azərbaycan vətəndaşlarının söz azadlığına qəsd edir.
- Bir müddət öncə baş prokurorluq siyasi fəalları dəvət edib “dövlətçiliyə zidd statuslar yazmayın” mövzusunda uyarmışdı. Bir neçə nəfər sosial şəbəkə paylaşımına görə inzibati qaydada cəzalandırılmışdı.
- Dünən Bəxtiyar Hacıyevi oğurlayaraq Bandotdelə aparıb orada sosial şəbəkədə paylaşılan postlarını sildiriblər, hətta özlərinin gücü çatmayıb, kənardan qoçu gətiriblər ki, Bəxtiyar bəyi hədələsin. Bu yerdə belə “dövlət idarəçiliyə” “ay nəmxuda maşallah” demədən keçmək olmaz.
- AXCP fəalı Gülnarə Rahimova Tofiq Yaqublunun təşkil etdiyi piketdə müsavatçı gənc Əziz Məmiyevin polis zorakılığına məruz qaldığını görür, bu zorakılığı törədən polisin şəklini çəkib sosial şəbəkədə paylaşır. “Müzəffər və müşərrəf” hüquq mühafizə orqanlarımız əl-ələ verib Gülnarə xanımın üzərində də “Zəfər” qazanmaq şansını əldən vermirlər. Gülnarə xanıma qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi açmağı düşünürlər.
Əslində, çox yaxşı edirlər. Müxalifətçi gənc dinc etiraz aksiyasında polis zorakılığına məruz qalır, ona qarşı zorakılıq edən polisi cəzalandırmaq əvəzinə həmin gənci 30 sutka azadlıqdan məhrum edirlər. Başqa bir müxalifət fəalı post paylaşıb bu faktı sosial mediada işıqlandırdığı üçün ona qarşı polis əməkdaşının şikayəti əsasında (!!!) cinayət işi açırlar.
Fərqli fikrin boğulması mexanizmini açmaq, ölkənin diktaturaya çevrilməsi, Şimali Koreya, Türkmənistan yoluna üz tutmasını sübut etmək üçün bundan gözəl fakt ola bilməz. Əslində, hakimiyyət beynəlxalq təşkilatların hesabatlarını bəzəyəcək pırıl-pırıl fakt verir əlimizə!
Qoçuları dövlət idarəetməsinə cəlb edənlərdən hələ daha yüksək innovasiyalar gözləyirik!
Ukrayna savaşı bitənədək nə edirsiz edin, özünüzü nömrə bir hədəfə çevirin, qoy Lukaşenko arxanızda qalıb sizə paxıllıq etsin!