Blinkenin xəbərdarlığı yaddan çıxıbmı ?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Azərbaycan hakimiyyəti ard – arda bir sıra geosiyasi səhvlərə yol verir. Bu səhvlər ölkənin xarici siyasət oriyentasiyasına təsir göstərəcək, onu dəyişəcək strateji əhəmiyyətli məsələlərlə bağlıdır. Biz bilmirik İlham Əliyev bununla bağlı nə düşünür, Putin ona təzyiq edir, məcbur edir, yoxsa, o, öz hakimiyyət maraqlarını sonadək Rusiya ilə bağladığı üçün belə addımlara yol verir.
Azərbaycan rəhbərliyiinin ABŞ səfirliyinin Şuşada keçirilən tədbirə qatılmamasını əsas götüb, bu ölkəni Azərbaycanın ərazi bütövlüyünü tanımamaqda ittiham etməsinin diplomatik baxımdan doğru olmadığı barədə yazmışdıq. Məsələnin geosiyasi tərəfinə gəldikdə isə, əgər bu ittihamlar o tədbirdə iştirak etməyən Rusiyaya da eyni dərəcədə şamil edilsəydi, deyilən sözlər bəlkə də emosional reaksiya kimi yozmaq olardı. Hərçənd ki, diplomatiyada emosional reaksiya diletantlıq əlaməti hesab olunur. Ancaq biz gördük ki, Rusiya səfirliyinin Şuşaya getməməsi iqtidar tərəfindən görməzdən gəlindi və ABŞ ittiham olundu. Demək ki, ABŞ – a qarşı belə aqressiv ritorika heç də Şuşa səfəri ilə bağlı deyilmiş. Ona görə də Hikmət Hacıyevin bəyanatı daha çox Putin Rusiyasının anti-Qərb ritorikasının Azərbaycan hakimiyyəti tərəfindən də bölüşüldüyünü göstərmək məqsədi daşıyırdı.
Eyni zamanda Azərbaycanın baş naziri Əli Əsədovun Avrasiya İttifaqının toplantısına qatılması da indiki halda iqtisadi maraq və əməkdaşlıqla heç bir əlaqəsi olmayan siyasi addım təəssüratı yaradır . Azərbaycan bununla Rusiyanın orbitindən yer aldığını və onun siyasi, iqtisadi layihələrinin iştirakçısı olduğunu göstərməyə çalışır. İndi dünyadan təcrid olunduğu bir vaxtda Putinə öz ətrafında olan ölkələri vaxtaşırı vitrində çıxarıb nümayiş etdirmək və hələ də imperiya gücünü saxladığını göstərmək çox lazımdır. Xüsusi ilə rus cəmiyyətində pessimist, məğlub əhval ruhiyyənin yaranmaması üçün bu cür kollektivi tədbirlər Putin rejiminə vaxtaşırı gərək olur.
Bunların ardınca məlumat yayıldı ki, Rusiyanın sentyabrın 1-dən 7-nə kimi keçiriləcək “Şərq 2022” strateji komanda-qərargah təlimlərindən də ölkəmizin iştirakı da nəzərdə tutulur. Bu təlimlərdə Rusiya ilə bərabər Çin də iştirak edir. Tayvan məsələsinə görə ABŞ-ın Çinlə, Ukraynaya görə Rusiya ilə münasibətlərinin indiki gərgin məqamında aydındır ki, bu təlimlər Bayden administrasiyasına qarşı güc nümayişi etdirmək və ABŞ – n regional müttəfiqlərini təhdid məqsədi ilə keçirilir. Bu baxımdan Azərbaycanın “Şərq 22” hərbi təlimində iştirakı ölkəmizin geostrateji baxımdan hansı ölkələrlə bir yerdə olduğunu nümayiş etdirməkdədir. Bundan əvvəl isə Xəzərdə keçirilən “Dəniz kuboku”, Moskvandakı tank oyunları, Rusiyanın silah sərgisində iştirak kimi məsələr bunların fonunda Putin rejimi ilə yaxın münasibətlərin əlaməti kimi görünür.
Ola bilər ki, Azərbaycan iqtidarı düşünür ki Rusiya ilə birgə olub, Qərbi oyalamaq, yola vermək, indiki halda onu demokratiya və insan haqları kimi tələblərdən sığortalayır. Ancaq Ukraynada Rusiyanın məğlubiyyəti dərinləşdikcə, Qərbin regionda təsiri gücləndikcə, təkcə Putinə deyil, həm də Rusiyanın müttəfiqlərinə də münasibətlərin sərləşəcəyi gözlənilir . İlin əvvəlində ABŞ dövlət katibi Blinkenin İlham Əliyevlə telefon danışığında Rusiyanınnişğalçılıq hərəkətlərindən danışarkən “Putin və onun müttəfiqlərinin məsuliyyət məsələsini gündəmdə tutacağıq” xəbərdarlığı yəqin ki, boşuna deyilməmişdi və uyğun geosiyasi şərait yaranan kimi bu məsuliyyət məsələsi də gündəmə gələcək. Ona görə də Azərbaycan hakimiyyətinin Rusiyadan gələn direktivləri yerinə yetriməsi, indi olmasa da, yaxın gələcəkdə öz əks təsirlərini göstərəcək.