AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Diplomatiyanın vəzifəsi ölkəyə düşmən deyil, dost qazandırmaq, bu mümkün olmadıqda isə qarşı güclərin mənfi təsirini neytrallaşdırmaqdır. Bu baxımdan Hikmət Hacıyevin ABŞ və Fransa səfirliklərinin Şuşa səfərindən imtinası ilə bağlı verdiyi reaksiya diplomatik baxımdan qüsurlu açıqlamadır. O, bu məsələyə görə ABŞ-ı Azərbaycanın ərazi bütövlüyünü tanımamaqda ittiham edərək, məsələyə qeyri – adekvat və milli maraqlarımıza uyğun olmayan reaksiya verib.
Niyə? Çünki Şuşa səfərindən imtinanı Azərbaycanın ərazi bütövlüyünü tanımamaq kimi təqdim etmək, Qarabağın bizim ərazi olduğunu mübahisələndirmək və bu faktı etiraf etmək anlamına gəlir. Halbuki ABŞ bu günə qədər belə bir mövqe bildirməyib. Əksinə, bütün platformalarda Azərbaycan ərazi bütövlüyünə dəstək nümayiş etdirib. O halda biz nəyə görə ABŞ-n boynuna qoyuruq ki, o bizim ərazi bütövlüyümüzü tanımır? Bu ifadə indiyə qədər Ermənistanın işğalçılıq hərəkətlərinə açıq dəstək verən Rusiya ilə bağlı işlədilməyibsə, ABŞ – la bağlı bunu işlətməyin səbəbi nədir? Ermənistanı silahlandırmaq daha pis hərəkətdir, yoxsa Şuşaya getməmək? Digər tərəfdən isə ABŞ-ı ermənipərəst mövqe tutan Fransa ilə də eyniləşdirb, ayrım etmədən münasibət bildirmək də doğru deyil.
Yaxşı olardı ki, Hikmət Hacıyev ABŞ və Fransa səfirliklərinin səfərdən imtinasını təəssüflə qeyd edib, bunun səbəbini başa düşməkdə çətinlik çəkdiklərini, belə bir yanaşmanın ölkələrimiz arasında mövcud olan münasibətlərə uyğun olmadığını deyərək Azərbaycan tərəfinin narazılığını diplomatik üslubda bildirəydi.