Bayraktar pilotsuz təyyarələri Rusiya ilə Ukrayna arasında gedən müharibədə bir növ Ukrayna müqavimətinin simvoluna çevrilib, “Bayraktar” sözünün özü isə populyar mədəniyyətin ayrılmaz hissəsi olub. Bu dronların yaradılmasının arxasında iki qardaş Haluk və Selçuk Bayraktar durur.
Qardaşlar nadir hallarda müsahibə verirlər, lakin onlar BBC müxbirləri Cafer Umerov və Tatyana Yanutseviçlə danışmağa razılaşıblar.
Biz Bayraktar qardaşları ilə İstanbulun ucqar bölgələrinin birində yerləşən ofisdə görüşürük. Ərazi və binanın özü dünya boyunca müxtəlif müharibələrin gedişatını dəyişdirən dron istehsal edən şirkətdən daha çox Qərbsayağı universitet şəhərciyinə oxşayır.
Girişdə Osmanlı imperiyasının tarixinə dair pulsuz kitabları görmək olar, onların yanında namazın düzgün qılınmasını izah edən başqa kitablar düzülüb.
Qapalı kabinetlərin sayı azdır və məkan açıq sahə çoxu açıq sahələrə ayrılıb. Universitet təəssüratını həmçinin işçilərin özü də yaradır – qardaşların dediyinə görə orta hesabla onların yaşı 29-30 arasındadır.
İkinci mərtəbədə qardaşların ayrıca, yan-yana yerləşən üç ofisi var.
Müsahibəmiz iki qardaşla razılaşdırılıb. Məlum olduğu kimi, onların ən kiçik qardaşı – Ahmet ictimai diqqətdən kənar durur və mətbuat xidmətinin məlumatına görə, dronlarla məşğul deyil.
Kabinetlər qardaşların yaşına uyğun olaraq sıra ilə ardı-ardına düzülüb və bu ailəyə böyük əhəmiyyətin verildiyi mühafizəkar Türkiyədə olduğumuzu xatırladır.

Ən birinci kabinet böyük qardaş – Haluka məxsusdur. O, şirkətin CEO-su – baş icraçı direktorudur.
Onun ofisi işıqlıdır, divarda kəhrəbadan hazırlanmış ənənəvi Ukrayna evinin şəkli asılıb, qəhvə stolunda isə yumşaq oyuncaq – Bayraktar TB2 təyyarəsini görmək olar.
O bizə, ilk növbədə, 2020-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən verdiyi “Xidmətə görə” ordenini göstərir.
Haluk söhbət əsnasında tez-tez ötən il vəfat edən atasının – Özdemir Bayraktar-ın adını çəkir. Mərhum atasını şirkətin texniki direktoru və “Bayraktar dronlarının memarı” sayılan ortancıl qardaş Selçuk da yada salır.
Erdoğan-ın kürəkəni olmaq
Haluk deyir ki, ona aviasiya sevgisini həvəskar pilot olan atası aşılayıb. Özdemir Bayraktar 1984-cü ildə avtomobillər üçün ehtiyat hissələrini istehsal edən şirkətin qurucusudur.
İstehsalla yanaşı, o, həmçinin fəal siyasətlə də məşğul olub, bunun sayəsində Türkiyənin hazırkı Prezidenti Recep Tayyip Erdoğan ilə tanış olub (düzdür, Erdoğan o vaxt hələ Prezident deyildi).
Haluk isə əlavə edir ki, pilotsuz təyyarələrin daha ədalətli və bərabərhüquqlu dünyanın yaradılmasına töhfəsini görmək istəyir.
Biz Ukraynadakı müharibə mövzusuna keçirik.
Ukrayna ordusu rus qoşunlarına qarşı fəal şəkildə Bayraktar TB2 dronlarından istifadə edir. İnternetdə Rusiya zirehli texnikasının dron zərbəsi ilə məhv edildiyini əks etdirən videolar yayılıb.
Ukraynalılar üçün türk dronları bir növ Rusiyanın təcavüzünə qarşı müqavimət rəmzinə çevrilib. Onlar haqqında nəğmələr qoşulur, Bayraktar adı uşaq və ev heyvanlarına verilir.
Bayraktar sözü həmçinin ölkənin populyar mədəniyyətində və Ukrayna diasporunda öz yerini tutub.

Qardaşlar birmənalı şəkildə Ukraynanı dəstəkləyirlər. Onlar bir neçə dəfə Ukrayna hərbçilərinə pulsuz olaraq pilotsuz təyyarələr bağışlayıblar və onların alınması üçün toplanılan pulları ukraynalı qaçqınlara veriblər.
Bayraktarların bir növ azadlıq rəmzinə çevrilməsi ilə bağlı keçirdiyi hisslər barədə suala cavab verən Haluk deyir ki, yaratdıqları texnikanın Ukraynanın müstəqillik mübarizəsinə dəstək olmasından qürur duyur.
O əlavə edir ki, Ukrayna azad dünya uğrunda mübarizə aparır. Ukrayna xalqını alicənab adlandıran Selçuk isə Rusiyanın müdaxiləsini “ədalətsiz və qanunsuz müharibə” kimi səciyyələndirir.
Bayraktar qardaşları Ukraynaya necə kömək edirlər?
Baykar-ın Ukrayna ilə əməkdaşlığı Rusiyanın bu ölkəyə genişmiqyaslı müdaxiləsindən əvvəl başlayıb. Rusiya Krımı ilhaq etdikdən və “DXR” və “LXR”ə hərbi dəstək verməyə başlayandan sonra, Kiyev müdafiə vasitələri axtarmağa başlayıb.
Haluk deyir ki, Ukrayna hakimiyyəti pilotsuz təyyarələr almaq üçün bir çox ölkəyə müraciət etsə də, buna yalnız Türkiyə razılaşdı.
“Bayraktar sistemləri Ukraynada 2018-ci ildən bəri istifadə olunmaqdadır, – o, xatırladır. – Eyni zamanda, Ukrayna ilə müdafiə sənayesində müxtəlif texnoloji sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcək çox mühüm layihələr imzalanıb”.
Halukun sözlərinə görə, şirkət bir çox Ukrayna hərbçisinə Bayraktar TB2 dronunu idarə etmək üçün təlim keçib.
Bu yaxınlarda qardaşlarla dostlaşan PUA operatoru olan ukraynalı zabit rusların hücumu nəticəsində aldığı xəsarətlərdən sonra həlak olub.
Onun dəfnində Baykar şirkətinin nümayəndələri də iştirak edib. Və indi qardaşlar mərhumun ailəsinə kömək etmək istəyirlər.

Bbc