Azərbaycan XİN: “Minsk Qrupunun “reanimasiya” edilməsi…”
Azərbaycan Xarici İşlər Nazirliyi səfir Filip Rikerin Birləşmiş Ştatların (ABŞ) Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin edilməsinə münasibət bildirib.
“Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”, – XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva vurğulayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
+++
Səfir Filip Riker ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin olunub. Onun Cənubi Qafqazda münaqişələrin həllində Vaşinqtonun işini dəstəkləyəcəyi bildirilir.
Dövlət katibi Antoni Blinkenin adından yayılmış bəyanatda deyilir ki, səfir Riker ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dönəmdə Cenevrə Beynəlxalq Müzakirələrində (Gürcüstanda 2008-ci il müharibəsinin nəticələrinin aradan qaldırmaq üçün aparılan beynəlxalq danışıqlar – red.) ABŞ nümayəndə heyətinin əsas təmsilçisi kimi xidmət göstərəcək.
Azadlıq radiosu