Tural Ağayev
İstanbuldakı sonuncu terror aktından sonra terror törətməkdə şübhəli bilinən şəxsin pis rəftara məruz qalması ilə bağlı foto yayılıb. Bir çox sosial media fəalı terror törətməkdə şübhəli bilinən şəxsin pis rəftara məruz qalmasını alqışlayır, hətta daha ağır formada işgəncəyə məruz qalmasını təklif edənlər də var. İşgəncə təkcə etik olaraq qəbuledilməz deyil, həm də hüquqi aspektdən baxdıqda hüququn üstünlüyünü sarsıdan, demokratik dəyərlərin səmərəliliyinə zərbə vuran bir metoddur.
İşgəncə və pis rəftardan istifadənin etik olmayan tərəfi odur ki, heç bir insan övladı hər hansı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalmamalıdır, belə metod normaya, adətə çevrilməməlidir. 10-larla, hətta 100-lərlə məsum adamı öldürən bir şəxsin özünün eyni şəkildə, ölənlərin qisasını almaq üçün pis rəftara məruz qalmasına haqq qazandırılıb-qazandırılmamasına gəlincə, terrorçunu canlı olaraq ələ keçirmiş bir hüquqi dövlətin ölənlərin qisasını almaq, ona da eyni acını eyni metodla yaşatmaq kimi bir məqsədi olmamalıdır. Onsuz da ona veriləcək xüsusilə ağır azadlıqdan məhrumetmə cəzası törətdiyi əmələ kifayət qədər adekvat hesab olunur.
Belə situasiyada dövlətin yalnız başqa legitim məqsədləri ola bilər: eyni aktların bir daha təşkil olunmasının qarşısını almaq üçün səmərəli addımlar atmaq, yurisdiksiyası altında olan ərazilərdə ictimai qaydanı və təhlükəsizliyi bacara biləcəyi ən yüksək səviyyədə təmin etmək və s. Qarşıya qoyulan bu məqsədlərə terrorda şübhəli bilinən bir fərdə işgəncə verməklə nail olmaq olarmı? Təcrübə göstərir ki, heç bir halda belə nailiyyət olmayıb. İşgəncəni, pis rəftarı qanuniləşdirmiş tipik şərq dövlətlərinə diqqət yetirsək belə metodların cinayətlərin sayının azalmasına zərrə qədər təsir göstərmədiyini, əksinə işgəncə və pis rəftarın norma kimi qəbul edilərək cəmiyyətin başağrısına çevrildiyini görə bilərik.
Hüquqi aspektlərinə gəldikcə, işgəncənin sivil dövlətlər tərəfindən qanunsuz olaraq qəbul edilməsinin əsas səbəbi bir tərəfdən etik məsələlərlə bağlıdırsa, digər tərəfdən işgəncənin praktiki olaraq işləməməsidir. Aşağıdakı səbəblərdən işgəncə effektiv ifadə alma metodu deyil:
- İşgəncəyə məruz qalan şəxs həqiqəti deməkdən daha çox ona işgəncə verəni məmnun edəcək ifadəni vermək haqqında düşünür və bu ifadələr heç də həmişə reallıqla uzlaşmır. İşgəncə verən də reallıqdan çox, ona lazım olan ifadəni almaq istəyir və o ifadə alınana qədər şəxs işgəncəyə məruz qalır, həmin ifadədən sonra işgəncə səngiyir; Məhkəmə vaxtı da şəxs dediklərinin əksəriyyətini danır, həmin ifadələri işgəncə altında verdiyini deyir. Təsadüfi deyil ki, AİHM şəxsin məhkəmədə verdikləri ifadələri istintaqda verdiyi ifadələrdən daha etibarlı qəbul edir;
- Işgəncə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığını azaldır. İşgəncə vasitəsilə özünü kriminallaşdırmanın mümkün olması, yumşaq desək, hüquq mühafizə orqanları əməkdaşlarını təmbəlləşdirir. Beləcə HMO əməkdaşları ifadə almanın işgəncəni istisna edən müasir, peşəkar metodlarını öyənməyə meylli olmurlar;
- İşgəncə istisna olaraq terrorda şübhəli bilinən şəxslərə tətbiq edilərsə, bu sui-istifadələrə yol açır – həmin istisnanın müxtəlif bəhanələrlə məsum insanların da üzərində tətbiq edilməsinə gətirib çıxarır. Xüsusilə, avtoritar rejimlərdə bunun nəticələrə daha faciəvi olur: hökümətin siyasi opponentləri və aktivistlər müntəzəm olaraq bu “istisnaların” qurbanı olur. Bəzi hüquq alimləri xüsusilə istisna hallarda, məsələn, yerləşdirilmiş, amma partladılmamış bombanın yerini müəyyən etmək üçün terrorda şübhəli bilənən şəxsə işgəncə verilməsinə haqq qazandırıla biləcəyini müdafiə edirlər. Ancaq təcrübə bunun da işləmədiyini, əvəzində qeyri-işgəncə metodları ilə şəxsi inandırmanın daha effektiv nəticə verdiyini göstərir.
- Terror aktı nəticədir, səbəb deyil. Terroru törədən şəxsə işgəncə vermək nəticə ilə mübarizə aparmaqdır, səbəb isə yerindədir və mövcud olduqca hər gün yüzlərlə yeni terrorçular yetişdirəcək. Dövlətin məqsədi nəticə deyil, səbəblə mübarizə aparmaqdır;
Bunlar pis rəftar və işgəncənin niyə qeyri-etik və qanunsuz olduğunun, işgəncəyə və pis rəftara məruz qalmamaq hüququnun niyə mütləq hüquq olduğunun yalnız səbəblərindən bir neçəsidir.
Qeyd edilən səbəblərdən hətta terrorçuya qarşı olsa belə işgəncəyə və pis rəftara haqq qazandırıla bilməz.