Ötən həftə, noyabrın 11-də Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanan, daha sonra isə 30 sutka inzibati qaydada həbs olunmuş AXCP üzvü Rövşən Məmmədovun işgəncəyə məruz qaldığı deyilir.
Bu barədə AXCP-dən məlumat verilib. Bildirilib ki, R.Məmmədov saxlanarkən və elə noyabrın 11-də Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində fiziki, psixoloji təzyiqə məruz qalıb, bir neçə saat ərzində döyülüb: “Aldığı xəsarətlərdən səhhətində problem yaranıb, ağrılardan əziyyət çəkir”.
Məlumata görə, bununla bağlı o, prokurorluğa şikayət verib.
DİN təkzib edir
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bu məlumatı təkzib edib. DİN rəsmisi “Turan”a bildirib ki, R.Məmmədovun iddiaları əsassızdır: “Onun səsləndirdiyi iddialar müəyyən siyasi məqsədlərə hesablanan fikirlərdir ki, bu, həqiqətlə üst-üstə düşmür. Hər bir halda həmin şəxs “Təhlükəsiz Şəhər” kameraları, jurnalistlərin gözü qarşısında saxlanıb və aidiyyəti üzrə polis bölməsinə gətirilərək barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilib. Onun bölmədə hər hansı formada təzyiqə məruz qalması ilə bağlı iddialar heç bir fakta əsaslanmır”.
Aksiyada saxlanan cəbhəçiyə 30 sutka verilib
Noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) etiraz aksiyası zamanı saxlanan Rövşən Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
AXCP-dən verilən məlumata görə, o, aksiya zamanı polis maşının şüşəsini qırmaqda ittiham olunaraq saxlanmışdı: “Rövşən bəy maşına mindiriləndə şüşə artıq qırıq idi. Onu şərləyib 30 sutka həbs ediblər”.
Bu məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aksiya günü bildirilmişdi ki, iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Bir nəfərdən başqa bütün saxlananlar buraxılıb
AXCP-dən bildirilib ki, noyabrın 11-də etiraz aksiyası zamanı saxlanılan şəxslərin biri istisna olunmaqla hamısı sərbəst buraxılıb.
Buraxılmayan şəxsin AXCP Salyan rayon təşkilatının üzvü Rövşən Məmmədov olduğu deyilir. Onun polis maşınının şüşəsini sındırmaqda günahlandırıldığı bildirilir.
Azadlıq radiosu