Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin (Dirk Schuebel) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, D.Şuebel xatırladıb ki, onlar Azərbaycana Ermənistandan gəliblər: “Orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan da sülhün əldə olunmasında maraqlıdır”.
“Biz ikitərəfli sazişi razılaşdıra bilsək,…”
O, ikitərəfli məsələlərə də toxunub: “Sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək. Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq”.
Prezident İ.Əliyev isə deyib ki, Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğu nəzərdən keçirilməlidir: “Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və, necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir”.
“İqtisadi çətinliklər yarada biləcək sənədi imzalaya bilmərik”
İ.Əliyevin sözlərinə görə, orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilməz: “Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var”.
“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) Avropa İttifaqı (Aİ) ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə qurumla əməkdaşlığı dayandırıb.
Ermənistanla aparılan sülh danışıqları…
Prezident İ.Əliyev bu görüşdə Ermənistanla aparılan sülh danışıqlarına da toxunub: “Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik…”.
Azadlıq radiosu